Əsas Səhifə > Güney Press > “Flora Kərimovanın həkim ikən xilas etdiyi körpə sonradan Milli Qəhrəman oldu”

“Flora Kərimovanın həkim ikən xilas etdiyi körpə sonradan Milli Qəhrəman oldu”


Dünən, 19:53
“Flora Kərimovanın həkim ikən xilas etdiyi körpə sonradan Milli Qəhrəman oldu”
Yəqin ki, bir çoxlarına məlumdur ki, xalq artisti Flora Kərimova bir müddət ginekoloq işləyib. O bildirib ki, atasının arzusu ilə həkimliyə yiyələnib və sonra 3 il bu ixtisas üzrə işləyib:

“1971-ci ildə Tibb İnstitutunu bitirdikdən sonra mən Konservatoriyada oxuya-oxuya 3 il o vaxtkı Əzizbəyov adına Doğum Evində mama-ginekoloq işləmişəm, doğuş qəbul etmişəm... Mən o vaxt yeni doğulan hər körpəyə “bu dünyaya xoş gəldin” deyirdim...”

Flora Kərimovanın mama-ginekoloq işlədiyi dövrdə xilas etdiyi körpələrdən biri Samir Xasıyev illər sonra şəhidlik zirvəsinə ucalır və Mili Qəhrəman olur.

Bunu Moderator.az-a Milli Qəhrəmanın anası Gözəl Xasıyeva deyib. O həmin illəri belə xatırlayıb.

“Mən 1973-cü ildə ildə Samirə hamilə olan vaxtı tələbə idim, Xarici Dillər Universitetində oxuyurdum. Mart ayında sürüşüb yıxıldım. Yıxılanda ağrıdım. Məni o vaxtı Əzizbəyov adına doğum evində yatızdırdılar. Samir dünyaya gələnə qədər mən xəstəxanada qaldım. Çox ağır vəziyyətdə idim. Ümid etmirdim ki, o salamat doğular. Yıxıldığım üçün Samirin boğazına bağırsaq dolanmışdı, doğuş çox çətin idi. O vaxtı sevilən müğənnimiz Flora xanım Kərimova doğum evində mama-ginekoloq işləyirdi. Onun sayəsində Samir dünyaya gəldi, amma ölü doğuldu. Bir müddət nəfəs ala bilmədi, ağlamadı. Ayaqlarından tutub yuxarı qaldırırdılar ki, bəlkə uşaq özünə gələ, ağlaya. Görürdülər ki, alınmır. Flora xanım bir şlankı öz ağzına aldı, birini də Samirin ağzına saldı, başladı ona nəfəs verməyə. Ciyərlərindən suyu çıxarıb çölə atırdı. Haçandan-haçana Samir ağlamağa başladı. Flora xanımı Samir yenidən həyata qaytardı. Flora xanım deyirdi ki, o mübarizə apardı, qəhrəman oldu. Mən onu gələcəyin qəhrəmanı kimi görürəm” deyə Millii Qəhrəmanın anası deyib.

Gözəl xanım deyir ki, hətta Samiri xəstəxanada dəyişik də salıblarmış.

“Bir-iki gündən sonra Samiri gətirib mənə verdilər ki, yedizdir. Gördüm ki, bu Samir deyil. O vaxtı ananın adı yazılırdı uşağın üstünə. Mən dedim ki, bu mənim uşağım deyil. Məni qınadılar ki, ana uşağını tanımır. Dedim ki, mən uşağımı tanıyıram, bu mənim uşağım deyil. Uşaq da sarışın rus uşaqlarına bənzəyirdi. Dedilər ki, baş həkimə gedib şikayət edəcəyik ki, ana uşağına yaxın durmur. O vaxt uşaqların hamısı bir otaqda idi. Gördüm ki, mənim uşağımın üstünə yazıblar ki, Nataşa. Sonra məndən üzr istədilər” deyə o bildirib.

Gözəl Xasıyeva deyir ki, Samirin Milli Qəhrəman kimi doğulmasında Flora xanımın da payı var:

“Samir 1995-ci ildə şəhid olub. Samirin ilk döyüşü Ağdamın Mərzili kəndindən başlayıb. Bu döyüşlərdə yaxından iştirak etdiyi üçün Samiri Bakıya gətirirlər. Hərbi nazir öz əli ilə onun qoluna “Azərbaycan ordusu” saatını bağlayır. Samir yenidən döyüş bölgəsinə qayıdıb Ağdam, Ağdərə, Tərtərdə qızğın döyüşlərdə iştirak edir. Samir Tərtər döyüşlərində iştirak etdiyi üçün ona 10 min manat pul mükafat verdilər və 2 aylıq zabitlər kursuna oxumağa göndərdilər. Həmin vaxtı Samir kontuziya da almışdı. 2 ay zabitlər kursuna getdi, orada iki aya iki ulduz aldı. Bakıda işləməyə göndərdilər, amma 3 gündən sonra yenidən cəbhəyə qayıtdı. Biz nə qədər desək də onu yolundan döndərə bilmədik. 1995-ci ildə dövlətçiliyimizə qarşı qəsdin qarşısını alarkən şəhid oldu. 1995-ci ildə Samirin adı keçmiş Montin parkına verildi. 1996-cı ildə mart ayının 16-da Samirin büstünün həmin parkda dövlət səviyyəsində açılışı oldu. Ölümündən 13 gün sonra Ulu Öndərimiz ona “Milli Qəhrəman” adını verdi. Samir çox arzulayırdı ki, Flora xanımı o da görsün. Təəssüf ki, qismət olmadı. Mən də çox istəyirdim ki, Flora xanımı görüm, görüşüm. Tədbirlərdən birində bu mənə qismət oldu. Milli Qəhrəman haqqında bir tədbir təşkil etmişdilər. Xoşbəxtlikdən mən də, Flora xanım da orada iştirak edirdik. Özümdən biixtiyar ayağa qalxıb dedim ki, Flora xanım mən sizin işıqlı dünyaya gətirdiyiniz Milli Qəhrəman Samir Xasıyevin anasıyam. Flora xanım hönkürtü ilə ağladı, dedi ki, demək ki, onun qəhrəman olmasında mənim də payım var imiş. Mən fəxr edirəm ki, oğlum vətənin azadlığı uğrunda canından keçib” deyə Milli Qəhrəmanın anası Gözəl Xasıyeva deyib.
Geri qayıt