Əsas Səhifə > Güney Press > "Azərbaycanda tətbiq olunan mövcud suvarma sistemi

"Azərbaycanda tətbiq olunan mövcud suvarma sistemi


Bu gün, 12:21
"Azərbaycanda tətbiq olunan mövcud suvarma sistemi
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini Zakir Quliyev deyib ki, çoxillik məlumatlara əsasən, respublikanın yerüstü su ehtiyatları 30 milyard kubmetr təşkil edir. Zakir Quliyevin sözlərinə görə, bu ehtiyatların yalnız 30 faizi ölkə ərazisində formalaşır, 70 faizi isə qonşu ölkələrin ərazilərindən daxil olur. Proqnoz məlumatlara əsasən, ölkə üzrə su ehtiyatlarının 2020-2050-ci illərdə 20-25 faiz, 2070-2100-cü illərdə 30-35 faiz azalması gözlənilir.
Ekoloq Rövşən Abbasov Bizimyol.info xəbər portalına açıqlmasında bildirib ki, Azərbaycanda su itkiləri çox böyükdür. Belə ki, hal-hazırda təsərrüfata və su təchizatına verilən suların 40%-ə qədəri itkiyə gedir. Hətta müstəqil mənbələr bu itkinin daha çox olduğunu söyləyir. Ekoloqun sözlərinə görə, bunun əsas səbəbi torpaq kanallarının və köhnə suvarma metodlarının olmasıdır. Bizim torpaq kanallarda çox böyük sızmalar var. Köhnə suvarma metodları ilə bəzən bitkiyə lazım olduğundan 20-50 dəfə daha artıq su verilir. Rövşən Abbasov qeyd edib ki, Azərbaycanda tətbiq olunan mövcud suvarma sistemi 1000 il bundan əvvəlki selləmə suvarma sistemidir.

“Çox köhnədir. Bütün bunlar hamısı dəyişməlidir. İlk növbədə torpaq kanalların betonlaşdırılması aparılmalıdır. Bu istiqamətdə işlər gedir. Borulaşdırma aparılmalıdır, su paylayıcı sistemlər istifadəyə verilməlidir. Bunu istifadəyə vermək, bir qədər problemdir. Çünki Kür və Araz çaylarının suları çox lillidir. Bu səbəbdən də, bunu vermək bir qədər hətta təhlükəli də ola bilər. O borular tutula bilər, sonra onların təmiri çox məsrəfli ola bilər. Amma betonlaşdırma işləri artıq kanallarımızda başlayıb. Qarabağ və Şirvan kanallarının betonlaşdırılmasına başlanılıb. Paylayıcı kanallar, sahə kanalları daha su itkilərinin azaldılması üçün müxtəlif tədbirlər görülür”-deyən ekspert vurğulayıb ki, müasir suvarma sistemlərinə keçmək də çox vacibdir.

Rövşən Abbasovun sözlərinə görə, müasir suvarma üsulları o üsullardır ki, onların tətbiqi zamanı çiləmə və yaxud damcı üsulundan istifadə olunur və su itkiyə getmir. Ekspert vurğulayıb ki, bu bir qədər bahalıdır.

“Bizim fermerlər o qədər də imkanlı deyillər, kasıbdırlar. Bunun da tətbiqi üçün müəyyən işlər görülür. Müəyyən həvəsləndirmə təşəbbüs və təşviq proqramları var ki, onun çərçivəsində artıq fermerlər tədricən müasir suvarma üsullarına keçid edirlər”-deyən ekoloq ümid edir ki, suya qənaət tədbirləri geniş vüsət alacaq. Rövşən Abbasov vurğulayıb ki, bütün bunlar milli adaptasiya proqramının əsas komponentləridir.

“Su idarəçiliyinin yenilənməsi lazımdır. Yalnız bu şərtlər daxilində biz bizi gözləyəcək su stressindən azad ola bilərik”-deyə Rövşən Abbasov vurğulayıb.

Geri qayıt