Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Ölkədə iqtisadi balans üçün neftin qiymətinin azı 15 dollar artması lazımdır

Ölkədə iqtisadi balans üçün neftin qiymətinin azı 15 dollar artması lazımdır


24-09-2024, 12:52
Ölkədə iqtisadi balans üçün neftin qiymətinin azı 15 dollar artması lazımdır
“Brent” markalı neftin bareli dünya bazarında 74 dollara təklif olunur. Azərbaycan nefti bundan bir qədər bahadır. İş orasındadır ki, dövlət büdcəsi layihəsində də 2025-ci il üçün neft 75 dollardan əksini tapıb. Hökumət qiymətlərin bu civarda olacağını proqnozlaşdırır. Elə beynəlxalq ekspertlər də fərqli düşünmür. Onların fikrincə, məhsulun bareli ilin əksər hissəsində 75 dolları keçməyəcək.
Bizimyol.info xəbər verir ki, Beynəlxalq Valyuta Fondu iqtisadi balans, büdcə tarazlığı üçün neftin ayrı-ayrı ölkələr üçün məqbul qiymətini hesablayıb. Buradan bizim üçün məhsulun 88 dollardan ucuz satılmalı olmadığı aydınlaşır. Azərbaycan müstəqillik dövründə nefti əksər hallarda 88-dən daha ucuz satıb. Qiymətin 149 dolları keçdiyi, 15-ə qədər aşağı düşdüyü vaxtlar da olub. Hər halda, orta qiymət 80 dolları keçməyib. Yəni təkcə neftə güvənməklə iqtisadiyyat ayaqda qala bilməz.

Əlcəzair, Qazaxıstan, Bəhreyn, İran neftin daha baha satılmasını arzu etməlidir. Türkmənistana 36, Qətərə 43 həddi də sərf edir. Azərbaycan iqtisadiyyatı isə daha yüksək qiymət tələb edir. Çünki bizim ölkə böyük layihələri bir-birinin ardınca üzərinə götürür.

Hasilatın aşağı düşməsi ümidlərə bir az da kölgə salır. Qiymət qənaətbəxş olanda ortaya çıxan məhsul üzümüzü güldürmür. 15 il əvvəllə müqayisədə az qala iki dəfə az neft hasil edirik. Proqnozlar çox da nikbin deyil. Heç olmasa, hasilatda sabitlik qorunmalıdır. Qiymət məsələsi onsuz da bizdən asılı olmur.

Ümumiyyətlə, neft ölkələrinin iqtisadiyyatı təkcə bu məhsulun çiyinlərinə yükləməsi çox yanlışdır. Bu səhvi təkcə Azərbaycan etmir. Başqa neft ölkələri də gələcəyə hesablanmış ciddi addımlar atmır. Sanki belə təəssürat var ki, neft yüzillərlə olacaq. Halbuki neft tükənən sərvətdir. Milyon illərin süxurları bizə belə nemət bəxş edib. Bundan düzgün istifadə etməliyik və gələcəyi düşünməliyik.

Geri qayıt