Əsas Səhifə > Güney Press > “Qırmızı diplom”lu müəllimlərə daha yüksək maaş?
“Qırmızı diplom”lu müəllimlərə daha yüksək maaş?23-09-2024, 16:07 |
Son illər müəllimlərin məktəbdə işə qəbulu imtahan yolu ilə aparılır. Müəllimlərin işə qəbulu (MİQ) imtahanları nəticəsində uğur qazanaraq fəaliyyətə başlayanlar əməkhaqqı ilə bağlı bəzi suallara cavab axtarırlar. Sosial şəbəkələrdə müəllimlərin qeyd etdiyi fikirlərdən birində qeyd edilir: “Mən yeni işə qəbul olmuş müəlliməm. Universiteti fərqlənmə diplomu ilə bitirmişəm. Bu halda maaşda artım olur, yoxsa yox?” Bu sual bir çox müəllimləri düşündürür. Doğurdanmı, universiteti fərqlənmə diplomu ilə bitirənlərin əməkhaqqına artım tətbiq edilir? Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov “Cebheinfo.az”-a bildirib ki, burada proses stajla bağlı ola bilər: “Mənim bildiyimə görə, buna görə əlavə əməkhaqqı nəzərdə tutulmur. Başqa bir normativ sənəd olmasından məlumatsızam, ancaq qanunvericilikdə belə bir şey yoxdur”. Təhsil üzrə ekspert Kamran Əsədov isə bildirib ki, bu gün ali təhsil əldə etmək olduqca vacibdir və “qırmızı diplom” almaq üçün Nazirlər Kabineti tərəfindən müəyyən edilən şərtlərə cavab vermək lazımdır: “Azərbaycanda ali təhsil müəssisəsini fərqlənmə ilə bitirməyənlər üçün diplomlar göy, fərqlənmə ilə bitirənlər üçün isə qırmızı rəngdədir. Azərbaycanda müəllimlərin əməkhaqqı müəyyən edilərkən təhsilin səviyyəsi, iş təcrübəsi, sertifikasiyalar və peşəkarlıq səviyyəsi kimi amillər nəzərə alınır. Lakin magistr təhsili və ya "qırmızı diplom" (fərqlənmə diplomu) olan müəllimlərin əməkhaqqında xüsusi bir artım olmur. Bunun əvəzinə, əməkhaqqının artırılması əsasən bir sıra amillərə əsaslanır. Onlardan biri iş təcrübəsi və ixtisas dərəcəsidir. Müəllimlərin əməkhaqqı onların iş təcrübəsinə uyğun olaraq artır. Uzunmüddətli iş təcrübəsi olan və ixtisas dərəcəsinə malik müəllimlərin maaşı daha yüksək olur. İxtisasartırma kursları və sertifikasiyalar da maaşa təsir göstərə bilər. İkincisi, sertifikasiyadır. Azərbaycanda müəllimlərin sertifikasiya prosesi əməkhaqqının təyin olunmasında mühüm rol oynayır. Sertifikasiya imtahanından yüksək bal toplayan müəllimlərin maaşı artırıla bilər. Sertifikasiyadan uğurla keçmək təhsilin keyfiyyəti baxımından vacib amil sayılır. Bundan başqa, növbəti amil əlavə dərs saatlarıdır. Müəllimlərin əsas maaşına əlavə olaraq, dərsdənkənar fəaliyyətlərdə, əlavə dərs saatlarında iştirak edən müəllimlər də əlavə maaş alırlar. Nəhayət, elmi dərəcələr və titullardır. Professor, dosent və ya elmi dərəcəyə malik olan müəllimlərin maaşlarında fərq olur. Bu dərəcələr əməkhaqqına birbaşa təsir edir, lakin magistr dərəcəsi olan müəllimlərin əməkhaqqında xüsusi bir artım nəzərdə tutulmur. Beləliklə, magistr dərəcəsinə sahib olmaq müəllimin bilik və bacarıqlarını artırmaq baxımından əhəmiyyətli olsa da, hazırda bu, əməkhaqqına birbaşa təsir edən amil deyil. Müəllimlərin maaşları daha çox təcrübə, sertifikasiya və dərs yükü ilə əlaqələndirilir”. Ekpert hesab edir ki, diplomun rənginin xüsusi bir önəmi yoxdur: “Vacib amil tələbənin həmin diplom üzrə göstəricilərinin yüksək olmasıdır. Təhsil bütün tələbələrdə müasir dövrün bacarıq və qabiliyyətini formalaşdırmalı olan prosesdir. Amma biz görürük ki, hətta fərqlənmə diplomu ilə bitirənlərdə də zəruri bacarıqlar yoxdur. Bu da onu deməyə əsas verir ki, diplom qiymətlərinin yazılmasında neqativ hallara yol verilib. Bəzi ali təhsil müəssisələri maddi maraq qarşılığında yüksək qiymətlər yazırlar”. Geri qayıt |