Əsas Səhifə > Güney Press, Ana xəbərlər > “Ölü” quruma bitməyən ümid: İrəvan Minsk Qrupundan niyə imtina etmir?

“Ölü” quruma bitməyən ümid: İrəvan Minsk Qrupundan niyə imtina etmir?


20-09-2024, 16:28
“Ölü” quruma bitməyən ümid: İrəvan Minsk Qrupundan niyə imtina etmir?
Azərbaycanın sülh sazişi ilə bağlı Ermənistan qarşısında qoyduğu tələblərdən biri də ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlı rəsmi İrəvanın Bakı ilə birgə müraciət etməsi məsələsidir. Rəsmi Bakı hesab edir ki, İkinci Qarabağ müharibəsindən sonra faktiki olaraq fəaliyyət göstərməyən Minsk Qrupu de-yure də ləğv edilməlidir. Bunun üçün isə Bakı ilə İrəvan ATƏT-ə müraciət etməlidir. Lakin bu müddətdə Ermənistan Azərbaycanın bu çağırışına müsbət reaksiya verməyib. Görünən odur ki, İrəvan həmsədrlik institutundan imtina etmək niyyətində deyil.

Azərbaycan Prezidenti İlham Əliyev bir müddət əvvəl sülh sazişi ilə bağlı məsələyə toxunarkən bildirmişdi ki, Ermənistan Minsk Qrupunun ləğvi ilə bağlı Bakının çağırışına müsbət baxmır ki, bu da Ermənistanın sülhdə səmimi olmamasının daha bir göstəricisidir.

Bu günlərdə isə Azərbaycan Prezidenti İlham Əliyev ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığında Minsk Qrupunun ləğvi məsələsini yenidən gündəmə gətirib. Bildirib ki, “keçmişin qalığı olan ATƏT-in Minsk Qrupu və onunla bağlı olan bütün təsisatların fəaliyyətinə son qoyulması vacibdir”.

Ermənistanın niyə Minsk Qrupundan imtina etməməsi ilə bağlı AYNA-nın suallarını cavablandıran siyasi şərhçi Elçin Mirzəbəyli xatırladıb ki, əslində Minsk Qrupu ömrünü çoxdan, həm də rüsvayçılıqla başa vurub:

- Bu təsisat 30 il ərzində üzərinə götürdüyü öhdəliklərin icrası istiqamətində irəli bir addım da ata bilmədi. Məlumdur ki, Minsk Qrupu Ermənistan-Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün yaradılmışdı. Bu gün münaqişə yoxdur, Dağlıq Qarabağ yoxdur, ləğv edilib və Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını rəsmi şəkildə bəyan edib. Belə olan halda prosesdə hansısa vasitəçi qrupa ehtiyac qalmır. Ortada hansısa mübahisəli məsələ yoxdur ki, həmsədrlər bu problemin həllinə vasitəçilik etsinlər.

Eyni zamanda, Azərbaycan işğala son qoymaqla beynəlxalq hüququn norma və prinsiplərindən irəli gələn, BMT Nizamnaməsindən irəli gələn vəzifəsini yerinə yetirib. Yəni ortada real mənzərə var və bu reallığı qəbul etmək lazımdır. Onu da bildirim ki, Minsk Qrupunun saxlanılması həm də ATƏT-in büdcəsinə ziyandır. Fəaliyyəti olmayan bir neçə diplomata mənasız yerə niyə pul xərclənməlidir ki?

Həm Minsk Qrupu, həm də həmsədrlik institutu çoxdan mövcud deyil, de-fakto fəaliyyət göstərmir. Bu təsisatı de-yure də ləğv edilməlidir. Ermənistanın Azərbaycanın ərazi bütövlüyü ilə bağlı bəyanatında, sülhə hazır olmaqla bağlı mesajlarında səmimiyyəti o zaman bəlli ola bilər ki, rəsmi İrəvan Bakı ilə birgə Minsk Qrupunun ləğvi üçün ATƏT-ə müraciət ünvanlasın.

- Amma Bakının bu çağırışına İrəvandan müsbət yanaşılmır...

- Demək ki, Ermənistan bəyanatlarında səmimi deyil, real sülhün əldə olunmasında maraqlı deyil. Ermənistan 2020-ci ilin 10 noyabrında kapitulyasiya aktını imzaladıqdan sonra Üçtərəfli Birgə Bəyanatın müddəalarını icrasında səmimilik ortaya qoymadığı kimi, indi də sülhlə bağlı səmimiyyət nümayiş etdirmir. Üçtərəfli Birgə Bəyanatda yazılırdı ki, Ermənistan qoşunları Azərbaycan ərazilərindən çıxarılmalıdır. Amma Ermənistan buna nəinki əməl etdi, Qarabağdakı qondarma rejimin terrorçu qruplarına yardım etdi, təxribatlar törətdi. Sonda Azərbaycan antiterror əməliyyatı ilə problemə son qoydu. Demək istəyirəm ki, Ermənistan həmişəki kimi oyun oynamaqda davam edir.

- Ermənistan de-fakto fəaliyyət göstərməyən Minsk Qrupunun de-yure qalmasında niyə bu qədər maraqlıdır?

- Görünən odur ki, rəsmi İrəvan nələrəsə ümid edir. Əslində Ermənistan sülhü təhdid edə biləcək amillərin tam aradan qalxmadan sülh sazişi imzalamaq niyyəti də bir çox qaranlıq məqamlardan xəbər verir. Sual olunur: niyə sülh sazişi bütöv, kamil, fundamental bir sənəd olmasın? Amma Ermənistan belə bir sənəd imzalamaqdan imtina edir. Azərbaycanın tələbi Ermənistan Konstitusiyasında ərazi iddialarına son qoyulmasını, Minsk Qrupunun ləğvi üçün birgə müraciəti tələb edir. Bakının bu tələbi möhkəm sülhün əldə olunmasına hesablanıb. Əslində münaqişənin yaranmasının kökündə məhz ərazi iddiaları dayanır. 1989-cu ildə Ermənistan SSRİ-nin Ali Soveti ilə Qarabağda yaradılmış qondarma qurumun “Milli Şura” adlanan axmaq “təsisatı” birgə qərar qəbul etməsəydi, işğal başlamayacaqdı, separatizm çiçəklənməyəcəkdi. İndi iki müharibəyə səbəb olan amil aradan qalxmırsa, demək ki, Ermənistanın gələcəyə hesablanmış niyyəti var. Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası var, hansı ki, konstitusiya hər bir ölkənin ən üst sənədidir. Ermənistan yarımçıq saziş imzalamaqla, Minsk Qrupunun saxlanılması ilə gələcək addımlarda bunlardan istifadə etmək niyyətindədir.

- Demək istəyirsiniz ki, Bakının tələbləri tam yerinə yetirilmədən sülh sazişinin imzalanması milli maraqlarımıza ziddir?

- Baxın, tutaq ki, Bakının tələbləri yerinə yetirilmədən saziş imzalandı. Kim zəmanət verə bilər ki, bir müddətdən sonra Ermənistan Konstitusiyasındakı ərazi iddialarını ifadə edən müddəanı əsas gətirərək sülh sazişi sənədindən çıxmayacaq? Buna zəmanəti kimsə verə bilməz. Ermənistanı və erməniləri biz yaxşı tanıyırıq. Yaxud da, sabah Ermənistanda hakimiyyət dəyişikliyi baş verəcək, hakimiyyətə yeni gələn qüvvələr sülh sazişindən imtina edəcək. Əsas da gətirəcəklər ki, bu sülh sazişi Ermənistan Konstitusiyasına ziddir. Demək istəyirəm ki, Bakının haqlı tələbləri yerinə yetirilmədən imzalanan sülh sazişi dayanıqlı olmayacaq. Ona görə də, İrəvan həqiqətən sülh istəyirsə, o zaman konstitusiyalarındakı Azərbaycana qarşı ərazi iddialarını özündə ehtiva edən müddəaların çıxarılması istiqamətində yubanmadan addımlar atmalı, Minsk Qrupunun ləğvi ilə bağlı ATƏT-ə Bakı ilə birgə rəsmi müraciət etməlidir. O zaman Ermənistan rəhbərliyinin sülh bəyanatlarının səmimi olduğuna inanmaq mümkündür.

Geri qayıt