Əsas Səhifə > Güney Press > Sürücü və sərnişinlərin həyatı təhlükədə:

Sürücü və sərnişinlərin həyatı təhlükədə:


19-09-2024, 14:02
Sürücü və sərnişinlərin həyatı təhlükədə:
Azərbaycanda tanınmış avtomobil markalarının saxta ehtiyat hissələri satılır. Bunu Sputnik Azərbaycan Multimedia Mərkəzində qonaq olan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov söyləyib.
Onun sözlərinə görə, hazırda satışda kifayət qədər tanınmış avtomobil markalarının saxta ehtiyat hissələri açıq şəkildə satılır. Bu isə təhlükəsizlik baxımından ciddi problemdir.

Saxta avtomobil ehtiyat hissələri bazarı bürüyüb
""Hundai", "KİA" kimi tanınmış markalardan olan avtomobillərin belə saxta ehtiyat hissələri satışdadır. Biz bazarda "Hundai" ehtiyat hissələrinin satışı ilə bağlı araşdırma aparmışıq. Bu markanın saxta ehtiyat hissələrinin satıldığı barədə 6 dövlət qurumuna rəsmi məktubla məlumat vermişik. Belə satış obyektlərində alıcılara kassa qəbzi əvəzinə qaimə kağızı verilir. Demək olar ki, saxta avtomobil hissələrinin satışı saxta maliyyə sənədləri əsasında həyata keçirilir" - E.Hüseynov deyib. O, bununla bağlı misallar da gətirib:
"Məsələn, paytaxtın Babək prospektində yerləşən "Korea avtomobil hissələri" mağazasından alınmış saxta yağ süzgəci və termostat üçün müvafiq olaraq ödənilmiş 7 manat və 20 manatın müqabilində verilmiş maliyyə sənədinin də rəsmi kassa çeki olmadığı müəyyən edilib. Babək prospektində yerləşən "Maşın bazarı" adlandırılan ərazidəki "Avto Mall" satış mərkəzində də belə hallarla qarşılaşmaq mümkündür. Belə ki, mərkəzin ilk sırasının 1-ci mərtəbəsində yerləşən 26 saylı mağazadan 6 manata alınmış süzgəcə görə vətəndaşa saxta kassa çeki verilib. Bəzi satış nöqtələrində isə izi itirmək üçün hətta istehlakçıya saxta qaimə sənədi belə vermirlər".
Rəsmi distribütorlar da buna göz yumur
AİB sədrinin sözlərinə görə, bəzi fiziki və hüquqi şəxslər Çin Xalq Respublikası, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Koreya Respublikası və Rusiya Federasiyasından ölkəmizə "Hyundai" markalı avtomobillərə aid olan müxtəlif növ saxta ehtiyat hissələri gətirirlər. Bu cür ehtiyat hissələri, əsasən, paytaxtın Babək prospektində yerləşən "Avto Mall" ticarət mərkəzində,"Korea avtomobil hissələri" və həmin prospektdə yerləşən çoxsaylı mağazalarda satılır:
"Ən təəccüblü hal ondadır ki, ölkəmizdə "Hundai" avtomobillərinin və onların ehtiyat hissələrinin satışı üzrə ekskluziv distribütoru, bu sahədə müstəsna hüququ olan "Avto Azərbaycan" MMC şirkəti də bazarda müşahidə edilən xaosa qarşı heç bir iş aparmır, seyrçi mövqe sərgiləyir. Bu da müəyyən suallar doğurmaya bilməz".

Saxta mallar niyə müsadirə olunmur?
E.Hüseynov qeyd edib ki, belə saxta ehtiyat hissələrinin müsadirə edilməsi ilə bağlı aidiyyəti dövlət qurumları tərəfindən ciddi tədbirlər görülmür.
""Azad İstehlakçılar" İctimai Birliyi olaraq "Hyundai" markalı saxta avtomobil hissələrinin geniş şəbəkə ilə satıldığı ticarət məkanlarında apardığımız araşdırmaların nəticələri ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə, Gömrük Komitəsinə, Daxili İşlər Nazirliyinə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, Dövlət Təhlükəsizlik Xidmətinə və Əqli Mülkiyyət Agentliyinə rəsmi məlumatlar göndərmişik. Əminik ki, bütün bunlar nəticəsiz qalmayacaq, dövlət orqanları tərəfindən bu sahədə ciddi tədbirlər görüləcək" - Birlik sədri söyləyib.
Qəza riski var!
Eyyub Hüseynov əsasən əyləc qəlibləri, yanacaq, yağ və hava süzgəcləri, mühərrik kəməri, hidravlik tarımlayıcı, sükan lenti, yağ karteri, yağ nasosu, salnik və porşenlər, val, vanus (valın boyunluğu), mühərrik təmir dəsti, mühərrik yastığı, muftalar, alışqan şamları, əyləc diski, amartizatorlar, sürgü qolları, porşen üzlüyü, zəncir dəsti və digər ehtiyat hissələrinin saxta variantlarının satıldığını bildirib. O, xüsusi qeyd edib ki, saxta avtomobil hissələrinin hər biri sürücülərin və sərnişinlərin həyatı üçün ciddi təhlükə yaradır.
Saxta avtomobil ehtiyat hissələrini necə seçək?
Eyyub Hüseynov saxta avtomobil ehtiyat hissələrini orijinaldan fərqləndirməyin o qədər də asan olmadığını söyləyib. Bildirib ki, avtomobilin saxta yağ süzgəcini tərəziyə qoyduqda orijinaldan yüngül gəlir. Həmçinin daxilindəki klapan hündürlüyünə görə fərqlənir. Bu da yanlış məlumatı avtomobilin xəbərdarlıq informasiya panelinə ötürməklə avtomobilin mühərrikinin tam sıradan çıxmasına səbəb olur.
"Bununla yanaşı, saxta süzgəcdə istifadə olunan təmizləyici qatların miqdarı azdır ki, bu da cihazın qalıqları tutub saxlamasına imkan vermir. Termostat saxta olduqda onun klapanı lazımi temperatur rejimində uyğun funksiyanı yerinə yetirmir, məlumat panelinə doğru informasiya ötürülmür. Saxta şamlar yanma rejiminin pozulmasına, avtomobilin mühərrikinin sıradan çıxmasına, bu tip əyləc yastıqları isə diskin sıradan çıxmasına və təhlükələrə səbəb olur" - ekspert deyib.
O həmçinin apardıqları araşdırmalara istinadla deyib ki, saxta hissələrin markalanmasında istehlakçıları aldatmaq məqsədilə əksər hallarda "MOBİS" haloqramından istifadə olunur. Üstəlik, süzgəclərin acıq tərəfi xüsusi dizaynla örtülür. Saxta süzgəclər orjinaldan fərqli olaraq nisbətən böyük, tünd rəngli karton qutularda qablaşdırılır. Bu fərqi vizual olaraq termostatlarda da müşahidə etmək mümkündür.
Sığorta şirkətləri də saxta ehtiyat hissələrindən istifadə edir?
AİB sədri onu da qeyd edib ki, hətta yol nəqliyyat hadisələri zamanı sığorta agentliklərinin yönəltdiyi avtomobil təmiri yerlərində də bu saxta ehtiyat hissələrindən istifadə olunur:
"Müşahidələr göstərir ki, yol–nəqliyyat hadisəsi baş verdikdə sığorta şirkətləri də, necə deyərlər, fürsəti fövtə verməyərək saxta avtomobil hissələrindən yetərincə istifadə etməyə çalışır, "orijinal" mal adı ilə məbləği artırmağa nail olurlar. Bu sahədə digər problem avtotəmir məntəqələrinin əksəriyyətində saxta avtomobil hissələrindən geniş istifadə olunması, avtomobilini təmir etdirən şəxslərlə heç bir müqavilə bağlanılmaması, ödənilən məbləğ müqabilində rəsmi maliyyə sənədinin verilməməsi ilə bağlıdır. Məhz belə ustaların xidmətdən istifadə etmiş istehlakçı onların səhvi üzündən hadisə törədib hətta dünyasını dəyışsə belə, avtomobilin sonuncu dəfə harada və hansı usta tərəfindən təmir edilməsinə dair əldə heç bir fakt olmur. Bunların hamısı istehlakçı hüquqlarının və qanunların ciddi şəkildə pozulması deməkdir".
Sığorta şirkətləri özlərini müqavilə ilə sığortalayır
Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emil Ağabağırov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, sığorta olunmadan, heç bir avtomobil texniki müayinədən keçirilmir. Kasko sığortada avtomobilin şəkilləri çəkilsə də, icbari sığortada şəkillər çəkilmir.
O ki, qaldı yol-nəqliyyat hadisələri zamanı sığorta şirkətlərinin avtomobilin təmirində saxta ehtiyat hissəsi istifadə etməsinə, Emil Ağabağırov deyir ki, avtomobilin icbari sığortasında təmir zamanı ehtiyat hissəsinin orijinalı nəzərdə tutulmaya bilər. İcbari sığortada hətta işlənmiş ehtiyat hissəsi ilə əvəzlənmə də mümkündür:
"Avtomobil işlənibsə, köhnə hesab olunur. Ona görə də, həmin avtomobil sığorta hesabına təmir olunduqda, köhnə və orijinal olmayan ehtiyat hissəsindən istifadə edilə bilər. Amma kasko sığortada, müştəriyə iki seçim verilir. Biri, qəza baş verərsə, avtomobilin rəsmi servisdə təmiri, digəri adi avtotəmir sexində təmiri. Müştəri qiymətə görə hansı variantı istəsə, seçə bilər".

Geri qayıt