Əsas Səhifə > Güney Press > Bəlkə bu da "etnik təmizləmə"dir?

Bəlkə bu da "etnik təmizləmə"dir?


17-09-2024, 17:47
Bəlkə bu da "etnik təmizləmə"dir?
Ermənistanın Statistika Komitəsinin məlumatına görə, Azərbaycanla sərhədyanı olan üç bölgədən 40 min nəfərə qədər adam köçüb gedib. Bunlar Göyçə, Zəngəzur və Dilican bölgələridir. Ermənistan o bölgələrin adlarını dəyişdirərək Qeqarqunik, Sünik və Tavuş deyə adlandırıb.
Məlumatda deyilirdi ki, 2019-cu ildən bəri Göyçənin 230 min nəfərlik əhalisinin 13 min nəfəri öz ev-eşiyini tərk edib, köçüb gedib.

Erməni mətbuatının yazdığına görə, həmin bölgələrdən köçüb gedən sakinlərin sayı 50 min nəfərdir. Hər halda mediaya, ayrı-ayrı şəxslərin məlumatlarına və bəyanatlarına deyil, Ermənistanın rəsmi dövlət statistikasına istinad etmək doğru olar.

Doğrusu, bu məlumat diqqətimi çəkdi. Çünki son vaxtlar Ermənistan mediasında "etnik təmizləmə" haqda sərsəmləmələr davam edir. Bu cür iddialara görə, guya Qarabağın erməni əhalisi "etnik təmizləmə" aktına məruz qalıb. Ancaq heç bir beynəlxalq təşkilatın hesabatında bu iddiaları təsdiqləyən bir dənə belə olsun fakt yoxdur.

Bu, öz yerində. Azərbaycanla sərhədyanı bölgələrdən köçüb gedənlər haqda statistika da məhz həmin o sərsəmləmələr fonunda maraqlı göründü. Çünki Qarabağdan erməni əhalinin könüllü çıxıb getməsinə dair əlavə bir sübutdur. Mən onları "könüllü köçkünlər" adlandırmışam.

Sual meydana gəlir: Ermənistanın öz ərazisindən niyə insanlar köçüb gedirlər? Onlara qarşı ki "etnik təmizləmə" yoxdur! Çoxu da sosial çətinliklərə və müharibə təhlükəsinə görə köçdüyünü deyir. Yəni insanlar dolana bilməyib, köçüb gedib. Bu da o deməkdir ki, əhali Azərbaycanla sülh istəyir. Bu sülh gecikdikcə, köçüb sərhəd bölgələrindən gedir. Buna səbəb, təbii ki, Ermənistanın öz hakimiyyətidir. Sülhyaratmanı qəsdən yubadıb, silahlanma ilə məşğul olur. Əgər Ermənistan Azərbaycanla sülh sazişi bağlasa, nəqliyyat kommunikasiyaları aşılsa, əlbəttə, Ermənistanın Azərbaycanla sərhədyanı bölgələri də bundan fayda görəcək. O zaman heç kim də öz evini tərk edib heç bir yerə köçməyəcək. Ancaq adamlar kütləvi olaraq, sərhəd bölgələrindən köçüb ölkənin içərilərinə doğru gedirsə, deməli, öz hökumətinin sülh haqda dediklərinə də inanmır. Hakimiyyətin səmimiyyətinə inanmır.

Ermənistan əhalisi də görür və anlayır ki, öz hökuməti, sadəcə, müxtəlif oyunlarla vaxt uzadır. Əslində razılaşdırılmış müddəaların tezbazar imzalanması haqda Azərbacana göndərilən təklif də vaxtı uzatmağa hesablanıb. Bunu Ermənistan cəmiyyətində də görürlər. Azərbaycanın irəli sürdüyü təkliflərin qəbul edilə bilən olduğunu da hamı bilir, niyə qəbul edilmədiyini də. Ona görə Azərbaycanla həmsərhəd ərazilərdən yerli erməni əhalisinin təbii səbəbləri var. Bir səbəb odur ki, həmin torpaqların - Qərbi Azərbaycanın tarixi sakinləri var. Bunlar Azərbaycan türkləridir. Gec-tez öz torpaqlarına qayıdacaqlar. İkinci səbəb odur ki, Qərb Ermənistanı silahlandırır və yeni mümkün müharibəyə hazırlayır. Biz deyəndə bu, bəlkə də üçüncü tərəflərə inandırıcı görünmürdü. Ancaq sərhədyanı bölgələrdən bu cür sürətli köçün özü bir indikatordur və Azərbaycanın haqlı olduğunu göstərir.

Seyid Əhmədli, Bizimyol.info

Geri qayıt