Əsas Səhifə > Güney Press > İrəvanda Baqrat şousu:

İrəvanda Baqrat şousu:


17-09-2024, 16:25
İrəvanda Baqrat şousu:
Ermənistandakı etiraz hərəkatının lideri, keşiş Baqrat Srbazan ötən gün parlament müxalifəti ilə görüş keçirib.

Bu barədə "Joğovurd" qəzeti yazıb.

Nəşrin məlumatına görə, Baqratla müxalifət arasında görüş iki saata yaxın davam edib. "Hayastan" fraksiyasının rəhbəri Seyran Ohanyanın ofisində baş tutan görüşün təşəbbüskarı Baqrat olub.

Qeyd olunur ki, Baqrat və parlament müxalifəti bundan əvvəl dəfələrlə görüşsə də, parlament binasında ilk dəfə idi ki, belə bir görüş keçirilirdi.

Bildirilir ki, görüşün gündəliyinə sentyabrın 22-də keçiriləcək toplantı və Nikol Paşinyanın ictimai təzyiqlə hakimiyyətdən uzaqlaşdırılması məsələsi daxildir. Baqrat toplantıdan gözləntiləri ilə bağlı fikirlərini təqdim edib.

Ermənistanın müxalifət partiyaları həm parlamentdə, həm də küçə mübarizəsində hərəkata dəstək verməyə hazır olduqlarını bir daha təsdiq ediblər. Baqrat bu müddət ərzində müxtəlif sahələrin nümayəndələri ilə görüşün nəticələrini də təqdim edib, görülən işlərdən əvvəl hərəkatın gələcək fəaliyyəti də müzakirə olunub.

"Baqrat və müxalifət partiyaları bir daha təsdiq etdilər ki, hərəkatın və mübarizənin açarı ictimaiyyət arasında geniş konsolidasiyanı təmin etməkdir”, - qəzet yazır.

Qiyamçı keşiş bundan əvvəl Ermənistanın eks-prezidentləri Robert Köçəryan və Serj Sarkisyanla da görüşüb.

Belə görünür ki, önümüzdəki aylarda İrəvanda keşiş Baqrat Srbazanın rəhbərliyi ilə revanşist qüvvələrin növbəti genişmiqyaslı etiraz aksiyaları gözlənilir.

Maraqlıdır, əgər bu aksiyalar baş tutacaqsa, əvvəlkilərdən nə ilə fərqlənəcək? Yeni aksiyalar sonda hansı nəticələrə gətirib çıxaracaq?

Məsələ ilə bağlı politoloq Oqtay Qasımov “Cebheinfo.az”-a şərhində qeyd edib ki, revanşist qüvvələrin növbəti aksiyaları əvvəlkilərdən heç nə ilə fərqlənməyəcək:

“Qərb tərəfindən Paşinyan hakimiyyətinə dəstək kifayət qədər artıb. ABŞ Dövlət katibinin müavinlərinin, USAİD-in rəhbəri Samanta Pauerin Ermənistana səfərləri ABŞ-Ermənistan hərbi təlimləri, o cümlədən Ermənistanın Hindistan, Fransa və ABŞ tərəfindən silahlandırılması Paşinyan hakimiyyətinin mövqelərini daha da möhkəmləndirib.

Bildirim ki, Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi son 2 ildə 6 dəfə artıb və dövriyyənin 2.3 milyard dollardan 16 milyard dollara qalxacağı gözlənilir. Bu amil də Paşinyanın mövqelərinə təsir edir.

Məhz revanşist qüvvələrin imkaları getdiqcə məhdudlaşır. Artıq Nikol Paşinyan bütün hüquq-mühafizə orqanları və ordu üzərində nəzarətini gücləndirib. Bu baxımdan revanşist müxalifətin növbəti aylarda etiraz aksiyaları əvvəlki aksiyalardan daha zəif keçirilə bilər. Heç bir ciddi nəticə verməyəcək”.

Geri qayıt