Əsas Səhifə > Güney Press > Azərbaycanda tələbələr universitetdən niyə qovulurlar?

Azərbaycanda tələbələr universitetdən niyə qovulurlar?


17-09-2024, 18:56
Azərbaycanda tələbələr universitetdən niyə qovulurlar?
2023-2024-cü tədris ilində Azərbaycanda dövlət ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində xaric olunan tələbələrin sayı 582-dir.

Rəsmi məlumata görə, onlar əsasən akademik borca, təhsil haqqının ödənilməməsinə, öz xahişi ilə və sair səbəblərdən ali təhsil ocaqlarından xaric olunub.

Dövlət İmtahan Mərkəzinin məlumatına görə, 2023-cü ildə Azərbaycanda ümumilikdə 8631 nəfər ali və orta təhsil səviyyəsində təhsil haqqının ödənilməməsinə, dərs buraxmaya görə və ya öz xahişi ilə təhsil aldığı müəssisədən xaric edilib.

Ümumiyyətlə, ali təhsil müəssisələrindən tələbələrin xaric edilmə səbəbləri nə ilə bağlıdır?

Məsələ ilə bağlı təhsil üzrə ekspert Kamran Əsədov “Cebheinfo.az”a bildirib ki, mövcüd qanunvericiliyin tələblərinə görə universitetdən xaric edilmənin əsas səbəbləri ümumiyyətlə, akademik göstəricilər, nizam-intizam qaydalarının pozulması və maliyyə öhdəliklərinin yerinə yetirilməməsi ola bilər:

“Mövcud qanunvericiliyə görə ali təhsil müəssisələrindən tələbələrin xaric edilmə səbəblərindən biri akademik göstəricilərin aşağı olmasıdır. Tələbələr dərslərdə davamlı zəif göstəricilər göstərdikdə və minimum akademik standartlara uyğun gəlmədikdə universitetlərdən xaric edilə bilərlər.

Bu, imtahanlardan uğursuz keçmək, dərslərə kifayət qədər hazırlaşmamaq və ya tələb olunan minimum bal həddini toplamamaq kimi vəziyyətlərdən qaynaqlanır. Digər səbəb davamiyyət problemləridir. Universitetlər, tələbələrin dərslərdə davamlı iştirak etməsini tələb edir. Davamiyyətlə bağlı müəyyən olunmuş həddi aşan tələbələr (müəyyən dərslərin və ya semestrlərin əksəriyyətini buraxanlar) universitetdən xaric edilə bilər.

Maliyyə öhdəliklərinin yerinə yetirilməməsi də bu səbəblər arasında yer alır. Tələbələr təhsil haqqını vaxtında ödəmədikdə, universitetlər maliyyə öhdəliklərini yerinə yetirmədiklərinə görə onları universitetdən xaric edə bilər. Bu, xüsusilə təhsil haqqının tam və ya hissə-hissə ödənməsi üçün müəyyən olunmuş müddətlərə əməl edilmədikdə baş verə bilər.

Qaydaların və nizam-intizamın pozulması səbəbinə gəldikdə isə, universitet qaydalarını ciddi şəkildə pozan tələbələr (məsələn, akademik fırıldaqçılıq, plagiat, etik kodeksi pozmaq, zorakılıq, narkotik maddə istifadəsi və ya yayılması kimi ciddi intizam pozuntuları) universitetdən xaric oluna bilərlər.

Bu, tələbənin universitetin daxili qaydalarına uyğun hərəkət etməməsi və intizam komissiyasında həmin pozuntuların araşdırılması ilə bağlıdır. Bu səbəblər arasında intellektual fəaliyyətlərin saxtalaşdırılması da ola bilər.

Plagiat və ya imtahanlarda fırıldaqçılıq kimi hallarda universitet rəhbərliyi tərəfindən tələbənin akademik mühiti pozduğu üçün universitetdən xaric edilməsi mümkündür”.

Onun sözlərinə görə, dünya təcrübəsində tələbələrin universitetdən çıxarılması hallarına yanaşmaya gəkdikdə isə, onlardan biri akademik göstəricilərdir:

“Çox ölkələrdə, xüsusən də ABŞ və Avropada, tələbələr akademik göstəricilərini yerinə yetirmədikdə xüsusi akademik xəbərdarlıq alırlar və müəyyən şərtlərlə göstəricilərini yaxşılaşdırmağa şans verilir.

Göstəricilər yaxşılaşdırılmasa, tələbə xaric edilir. Eləcə də nizam-intizam qaydalarının pozulması səbəbi də ola bilər. Qərb ölkələrində nizam-intizam pozuntuları (məsələn, zorakılıq, saxtakarlıq, plagiat) ciddi cəzalandırılır və bu hallarda tələbə universitetdən xaric oluna bilər.

Universitetlər akademik fırıldaqçılığı ciddi şəkildə cəzalandırırlar. Səbəblərdən biri də maliyyə öhdəlikləridir ki, təhsil haqqının ödənməməsi dünyada geniş yayılmış səbəblərdən biridir.

Universitetlər tələbələrin maliyyə qaydalarına əməl etmələrini tələb edir, əks təqdirdə tələbə universitetdən qovula bilər.

Xaric edilmə prosesində tələbələrə əvvəlcə xəbərdarlıq verilməsi, vəziyyətlərini düzəltmək üçün şans verilməsi və lazımi dəstəyin göstərilməsi dünyada ümumi qəbul olunmuş bir praktika olsa da, bu şərtlər yerinə yetirilmədikdə, tələbələrin universitetdən xaric edilməsi qaçılmaz olur”.

Geri qayıt