Əsas Səhifə > Güney Press > Ekspertdən Tahir Kərimlinin təklifinə reaksiya:
Ekspertdən Tahir Kərimlinin təklifinə reaksiya:17-09-2024, 16:07 |
“Orta ümumtəhsil məktəblərində məktəblilərə də təqaüd verilməsi yaxşı olardı. Şagirdlər əla oxuyanlar, yaxşı oxuyanlar kateqoriyasına bölünsünlər. Buna uyğun onlara təqaüd verilsin. Necə ki ali məktəblərdə tələbələrə təqaüd verilir”. Bu sözləri Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib. Partiya sədri bildirib ki, şagirdlərə təqaüd verilməsi iki nöqteyi-nəzərdən faydalı olar: “Birincisi, bu, uşaqları yaxşı bilik almağa həvəsləndirər, həm də onların ailələrinə maddi kömək göstərilər. İkincisi, Azərbaycanda "uşaqpulu" verilmirsə, bunun əvəzinə şagirdlərə təqaüd verilməsi konpensasiya kimi nəzərdə tutula bilər. Doğrudan da, bu məsələyə baxılsa, yaxşı olar”. ''Məktəb guşəsi'' saytının rəhbəri, təhsil eksperti Məzahir Məmmədli "Sherg.az"a bildirib ki, bu kimi təkliflər təhsil adına təqdirəlayiqdir: ''Lakin deyilənləri reallaşdırmaq üçün büdcəyə baxmaq lazımdır. Daha sonra təqaüdün nə qədər şagirdi əhatə edəcəyi ilə bağlı araşdırmalar aparılmalıdır. Nəticədə lazım olan məbləğ dövlətin Elm və Təhsil Nazirliyinə ayırdığı vəsaitə əlavə edilməlidir. Nəzərə almaq lazımdır ki, ölkədə 1 milyon 700 min şagird var. Bunlardan təxminən 100 mini fərqlənmə ilə oxuyur. Ona görə də həmin şagirdləri təqüdlə əhatə etmək çətindir. Hərçənd, Ali təhsil müəsisələrində də tələbələrin hamısı adi təqaüdlə təmin edilməyib. Həmçinin, yüksək təqaüdlər verilmir. Fikrimcə, təklif qəbul olunsa belə, hazırda təşkili müşküldür". İqtisadçı ekspert Natiq Cəfərli isə söyləyib ki, əslində təqüdlərin yuxarı siniflərə verilməsi daha məntiqli olardı: "Hətta, hazırda bir çox ölkələrdə belə bir praktika mövcuddur. Ancaq burada şagirdlərə pulu şirkətlər verir. Yəni, həmin şirkətlər öncədən bacarıqlı şagirdləri tapır və onları gələcəkdə öz müəsisələrində işləməyə sövq edirlər. Həmçinin, universitetə daxil olanda belə onların xərclərini qarşılayırlar. Belə bir modelin bizdə də olması yaxşı haldır. Lakin Azərbaycanın indiki sistemində belə bir modelin qurulması korrupsiya üçün yem açılması deməkdir. Məsələn, valideynlər müəllimlərlə əvvəlcədən sözləşəcəklər ki, yüksək qiymət yazın, təqaüdün yarısı sizin olsun. Ona görə də təklifi ciddi hesab etmirəm". Geri qayıt |