Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Rusiyadan Azərbaycana köçürmələr niyə azalıb?
Rusiyadan Azərbaycana köçürmələr niyə azalıb?16-09-2024, 12:14 |
Rusiyadan Azərbaycana fiziki şəxslərin göndərdiyi pulların həcmi iki dəfədən də çox azalıb. Bu barədə haqqin.az saytı Frank RG analitik şirkətinə istinadla məlumat yayıb. Şirkət bu məlumatı Azərbaycanın Mərkəzi Bankından götürüb. Məlumatda bildirilirdi ki, 2024-cü ilin altı ayında fiziki şəxslərin Rusiyadan Azərbaycana pul köçürmələri 608 milyon ABŞ dollarından 287,1 milyon ABŞ dollarına düşüb. Həmçinin bildirilir ki, Rusiyadan pul köçürmələr Azərbaycan bazarının 50 faizini təşkil edir. 2023-cü ilin ortasında bu rəqəm 68,2 faiz olub. Yəni bir il ərzində 18,2 faiz azalma var. Göründüyü kimi, Rusiyadan Azərbaycana göndərilən pulların məbləği sürətlə azalır. 1998-ci ildə bu rəqəm 1 milyard dollardan çox idi. Sonrakı illərdə tədricən azalma olsa da, indiki həddə düşməmişdi. İndi isə həmin məbləği ancaq xəyal etmək olar. Əslində Rusiya dünyanın təbii ehtiyatlarına görə ən zəngin ölkəsidir. Belə bir ölkə ilə qonşu olmaq bir tərəfdən baxanda təbii üstünlükdür. OPEC-in hesablamalarına görə, Rusiya dünyada ən böyük təbii qaz ehtiyatları olan ölkədir. Bu, dünya qaz ehtiyatlarının 30 faizindən çoxunu təşkil edir. Eyni zamanda Rusiyadakı neft dünya ehtiyatlarının 10-12 faizi, kömür 11 faizi, dəmir 25 faizi, nikel 33 faizi qədərdir. Bu günlərdə Rusiya prezidenti Vladimir Putin bildirib ki, dünyadakı almaz ehtiyatlarının 55 faizi Rusiyanın payına düşür. Qərb mənbələri bu rəqəmi 37 faiz kimi göstərsə də, Rusiya yenə də almaz ehtiyatlarına görə birincidir. Əgər 10 ölkənin təbii ehtiyatlarının ümumi dəyərinə baxsaq, ABŞ-da bu, 45 trilyon dollar, Səudiyyə Ərəbistanında 34,4 trilyon dollar, Kanadada 33,2 trilyon dollar, İranda 27,3 trilyon dollar, Çində 23 trilyon dollar, Braziliyada 21,8 trilyon dollar, Avstraliyada 19,9 trilyon dollar, İraqda 15,9 trilyon dollar, Venesuelada 14,3 trilyon dollar dəyərindədir. Rusiya 75 trilyon dollar dəyərində olan təbii ehtiyatları ilə dünyada birinci yerdədir. Təbii ki, bu göstəriciyə görə. Ancaq öz ehtiyatlarından tam istifadə edə və effektiv iqtisadiyyat modelinə keçə bilməyib. 75 trilyon dollar dəyərində təbii ehtiyatları olan Rusiyanın dünya ümumi daxili məhsulundakı (ÜDM) payı cəmi 1,9 faizdir. Müqayisə üçün deyək ki, ABŞ-da həmin rəqəm 24,4 faiz, Çində 16,4 faizdir. Eyni zamanda bu ölkələrin dünya ixracatındakı payına baxsaq, Rusiyanın yenə 1,9 faizlik göstərici ilə Çindən və ABŞ-dan ən az 5 dəfə geri qaldığını görərik. Çin -10,7 faiz, ABŞ - 10,1 faiz. Rusiya təbii ehtiyatlarla ən zəngin ölkə olsa da, bunun müqabilində əhalisi dünya göstəricilərinin 2 faizinə çatmır. Çində bu rəqəm 18,2 faizdir. Deməli, Rusiya öz əhalisini başqa bütün ölkələrdən daha yaxşı yaşatmağa təbii olaraq qadir ölkədir. Ancaq bunu edə bilmir. 2008-cu ildə Gürcüstana, 2014-cü ildən bəri Ukraynaya hərbi müdaxiləsi Rusiyaya qarşı ABŞ-ın və Avropa İttifaqının sanksiyalar tətbiq etməsinə səbəb olub. 2022-ci ilin əvvəlindən Rusiyanın Ukrayna ilə birbaşa müharibə aparması onun iqtisadiyyatını daha çətin vəziyyətə salıb. Ölkə hərbi relsə keçib, maliyyə və əmək resursları başda olmaqla bütün imkanlarını Ukrayna üzərində qələbə qazanmaq üçün sərf eləyir. Ölkədə iqtisadi aktivlik azalır və sosial vəziyyət çətinləşir. İxracata qarşı məhdudiyyətlər var. Eyni zamanda ölkədə antimiqrant dalğası müşahidə olunur. Başqa postsovet ölkələrindən olan əmək miqrantları sıxışdırılır, diskriminasiyaya və deportasiyaya məruz qalır. Üstəlik Rusiya vətəndaşı olan keçmiş miqrantlar, hətta vətəndaşlığı olmayanlar belə gündəlik işindən və ailəsindən qoparılaraq, müharibəyə göndərilir. Bütün bunlar Rusiyada yaşayan milyonlarla etnik azərbaycanlıya da təsir edib. Onlar da öz maliyyə yığımlarını və qazanclarını özlərinə saxlamağa üstünlük verir. Bir yandan da inflyasiya, bahalaşma insanların gəlirlərini "yeyir". Ona görə Azərbaycana - öz yaxınlarına əvvəlki qədər pul göndərə bilmirlər. Bir yandan da Azərbaycanın quru sərhədləri bağlı olduğundan öz ölkəsinə gəlib-getmək üçün azərbaycnlılar daha çox pul xərcləməli olurlar. Təyyarə biletlərinə tələbat çoxaldığı üçün qiymətlər də çox bahalaşıb. Beləliklə, aydın olur ki, Ukrayna ilə müharibənin davam etməsi və Rusiyada normal iqtisadi, siyasi sistemin olmaması nəinki Rusiyada yaşayan azərbaycanlıları çətin vəziyyətə salıb, üstəlik onların Azərbaycandakı yaxınlarının da həyatına mənfi təsir edib. Azərbaycan əhalisinin böyük bir hissəsinin dolanışığı indiyədək də Rusiyadakı yaxınlarının qazancına bağlıdır. Hətta ən təxmini hesablamalar da göstərir ki, Rusiya ABŞ və ya Avropa İttifaqındakı kimi deyil, elə Cənubi Koreya, Sinqapur kimi ölkələr qədər işlək iqtisadiyyata sahib olsa, bu ölkədən Azərbaycana gələn köçürmələr 287,1 milyon dollar deyil, milyardlarla dollar məbləğində olar. Nəticədə Azərbaycan cəmiyyəti Rusiya ilə təbii qonşuluqdan və çox sıx insani əlaqələrdən daha çox faydalana bilər. Nəzərə alaq ki, bunun üçün əlverişli siyasi şərtlər də var: Azərbaycanla Rusiya arasında dövlətlərarası münasibətlər hazırda ən üst səviyyədədir. Seyid Əhmədli, Bizimyol.info Geri qayıt |