Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Ermənistanda Avropa İttifaqına daxil olmaqla bağlı imzatoplama kampaniyası başladı...

Ermənistanda Avropa İttifaqına daxil olmaqla bağlı imzatoplama kampaniyası başladı...


16-09-2024, 11:37
Ermənistanda Avropa İttifaqına daxil olmaqla bağlı imzatoplama kampaniyası başladı...
Ermənistanda ölkənin Avropa İttifaqına daxil olması ilə bağlı referendumun keçirilməsi üçün imzatoplama kampaniyası başlayıb. Sentyabrın 15-dən etibarən vətəndaşlar öz səslərini onlayn şəkildə verə bilirlər. İmzatoplama məntəqələri icmaların bütün inzibati binalarında açılıb.

Moderator.az xəbər verir ki, bu haqda "Kavkazskiy uzel" nəşri məlumat yayıb.

“Ermənistanın Aİ-yə üzvlüyü təkcə ölkəmizin deyil, həm də bütün regionun gələcəyi üçün böyük əhəmiyyət kəsb edəcək”, - deyə “Azad Vətəndaş” QHT-nin rəhbəri, Demokratik Qüvvələrin Platformasının üzvü Hovsep Xurşudyan imzatoplama kampaniyasının başlandığı elan edilən görüşdə bildirib.

O, qeyd edib ki, Ermənistanda həmfikirlər çoxdur və onların noyabrın 14-dən əvvəl tələb olunan 50 min səsi toplayacaqlarına əmindir.

Platformanın aparat rəhbəri, Respublika Partiyasının lideri Aram Sarkisyan sosial şəbəkədə yayımlanan çıxışında bildirib ki, bu gün Ermənistanda hamını bir sual narahat edir - yeni müharibə olacaq, ya olmayacaq. Bu mənada siyasi meydan iki qrupa bölünüb.

Onun sözlərinə görə, bir qrup hesab edir ki, yeni müharibədən qaçmağın yeganə yolu hazırkı hakimiyyəti dəyişmək və Rusiya ilə münasibətləri yaxşılaşdırmaqdır, amm bu yol çox risklidir.

“Ardıcıl eyni addımları atıb fərqli nəticə gözləmək mümkün deyil. Həmin qüvvələr Qarabağda da eyni təklifləri verdilər, Rusiyanı razı salmaq üçün qanuni yolla seçilmiş sonuncu prezident Arayik Arutyunyanı qərbyönlü hesab edərək ABŞ-nin himayəsi altında Bakı ilə Sofiyada danışıqlarda iştirak etməyə razılaşdığı üçün onu daha çox rusiyapərəst olan və Yevlaxda Moskvanın himayəsi altında ləğvedici sənədi imzalamağa razılıq verənlə (Samvel Şahramanyan nəzərdə tutulur- S.L.) əvəzlədilər", - deyə Sarkisyan bildirib.

Onun fikrincə, Ermənistan yalnız Avropa İttifaqının və kollektiv Qərbin bir hissəsi olmaqla öz təhlükəsizliyini və iqtisadiyyatını gücləndirə biləcək.

Sarkisyan bildirib ki, Platforma nümayəndələri hakimiyyətə Avropaya inteqrasiya ilə bağlı referendum keçirməyi təklif edəndə hökumət nümayəndələri müxtəlif arqumentlərə istinad edərək bildiriblər ki, indi bu məsələni qaldırmağın vaxtı deyil.

“Sonra biz qərara gəldik ki, parlamentə referendum keçirmək üçün qanun layihəsi çıxaraq və hakim çoxluq səs versin. Əgər hakim çoxluq bu layihəni həyata keçirmirsə, bu o deməkdir ki, onlar nəinki Avropaya inteqrasiyanın vaxtından əvvəl olmasından narahatdırlar, sadəcə olaraq, bu fikrin əleyhinədirlər”, - Sarkisyan vurğulayıb.

Xatlrladaq ki, bu il martın 13-də Avropa Parlamentinin üzvləri Ermənistana Avropa İttifaqına(Aİ) üzvlüyünə namizəd statusunun verilməsi imkanlarına baxmağı təklif edən qətnamə qəbul ediblər. Sentyabrın 11-də Ermənistan Mərkəzi Seçki Komissiyası Ermənistanın Aİ-yə daxil olması ilə bağlı referendum layihəsinin dəstəklənməsi məqsədilə imza toplamaq üçün vətəndaş təşəbbüsünü qeydə alıb və referendum üçün imzaların toplanmasının sentyabrın 16-da başlaması və 2024-cü il noyabrın 14-dək davam etməsi haqda qərar verib...

Geri qayıt