Əsas Səhifə > Güney Press, Ana xəbərlər > “Bir insan qardaşının əzildiyini, təzyiqə məruz qaldığını görsə, nə edər?”
“Bir insan qardaşının əzildiyini, təzyiqə məruz qaldığını görsə, nə edər?”15-09-2024, 00:10 |
Türkiyə-Azərbaycan qardaşlığı əbədi və sarsılmazdır. Tarixin hər dövründə bir-birimizə arxa çıxıb, dayaq durmuşuq. 1918-ci il Azərbaycan Xalq Cümhuriyyətinin daxili-xarici hücumlardan müdafəsində və möhkəmlənməsində Osmanlı dövlətinin misilsiz köməyi olub. Həmin ilin 15 sentyabrında qəhrəman Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu ağır döyüşlərdə rus-bolşevik, daşnak qoşunlarını darmadağın edərək Bakını, bütövlükdə Azərbaycanı xilas edib. Bakının azad olunduğu gün tariximizin ən şanlı səhifələrindən sayılır. Çünki paytaxtımızın işğaldan azadlığı sadəcə bir paytaxtın yox, ümumən Azərbaycan Xalq Cümhuriyyətinin qurtuluşu, varlığının təsdiqi idi. Qardaş Türkiyə hər zaman bütün imkanları ilə Azərbaycanla birlikdə olduğunu torpaqlarımızın azadlığı uğrunda apardığımız Vətən müharibəsində bizə dəstək verərək bütün dünyaya göstərdi. Yüz il öncə tərəddüd etmədən ölkəmizə yardım əlini uzadan türk qardaşlarımızın varisləri yüz il sonra da eyni həyəcan və ruhla Ordumuzun zəfər xəbərlərini izlədilər. 15 sentyabr türk qardaşlarımıza vəfa və minnət borcu duyduğumuz şanlı günlərdən biridir. O səbəbdən məhz bugünlərdə Türk dünyasının böyük sərkərdəsi Ənvər Paşanın nəticəsi Burak Enver bəylə söhbətləşməyi özümüzə borc bildik. Söhbətdən öncə qısaca qeyd edək ki, doğma qardaşını, xilaskarımız Nuru Paşanı tam səlahiyyətlə Azərbaycanın imdadına göndərən Ənvər Paşa 21 yaşında Balkan dağlarında başlayan ziddiyətli həyatını Vətən və millətin müdafiəsinə həsr edib. “Ədirnə fatehi” ünvanını daşıyan məşhur Paşa Çanaqqalada, Qalitsiyada, Kut-ül Amarədə, Bakı və başqa bölgələrdə tarixi zəfərlər qazanıb. Daha sonra imperializm əleyhinə mübarizəsini Türküstanda bolşeviklərə qarşı sürdürüb və 1922-ci ildə, 41 yaşında şəhidlik zirvəsinə ucalıb. Müsahibimiz Burak Enver də tarixçidir. - Burak bəy, Bakının erməni-bolşevik daşnaklarından qurtuluşunun 106-ci ildönümü qeyd olunur. Bakı babanız Ənvər Paşa və qardaşı Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu sayəsində azadlığına qovuşub. Ənvər Paşanın nəticəsi kimi bu önəmli günlə bağlı nələr deyərdiniz? - Bu suala ilk növbədə savaş tarixçisi kimi cavab vermək istərdim. Azərbaycan türkləri bizim qardaşımızdır. Biz qardaşıq. Qardaş olduğumuzun ən gözəl dəlili odur ki, eyni dillə danışıb, eyni hissləri yaşayırıq, duyğularımız eynidir. Bu məqam xalqların eyni ərazidə yaşamasından daha önəmlidir. Azərbaycan xalqı hansı dərdi, acını hiss edirsə, eyni ölçüdə biz də onları duyuruq. Təsəvvür edin, Azərbaycanda ermənilər mənim qardaşlarımı qətl edir, işgəncəyə məruz qoyurlar. Erməni quldurlarının vandalizmi, qeyri-insani hərəkətləri, zülmləri çox dəhşətli olub. Mən bir çox yeri gəzərək erməni dəhşətinin izlərini gördüm. Allah hamını ermənilərdən, onların şərindən qorusun! Bakının, Azərbaycanın düşmənlərdən xilası, qurtuluşu Ənvər Paşanın torunu olaraq mənim üçün çox sevindirici hadisədir. Çünki Qafqaz İslam Ordusu bununla erməni qətliamlarına, qardaşlarımızın öldürülməsinə son verdi. Bu hərəkat ciddi çətinliklərlə üzləşib. Bakıdakı türklər qardaşlarımızdır, amma bərabər müharibəyə girdiyimiz almanlar və savaşdığımız ruslar Azərbaycanı istismar etmək, müstəmləkəyə çevirmək niyyəti güdürdülər. Qafqaz İslam Ordusu həmin çətinliklərlə də mübarizə aparırdı. Almanlar tələb edirdi ki, Osmanlı çar Rusiyası tərkibində olan türk-müsəlman xalqlarının imdadına yetişməsin. Bakının nefti də almanlara, ruslara qalsın. Ancaq Azərbaycandakı qardaşlarımızın aqibəti gözardı edilirdi, onları düşünən yox idi. Ənvər Paşanın ən önəmli addımlarından biri həm qardaşlarını xilas etmək, həm də almanları və ingilisləri müəyyən məsafədə, uzaqlıqda saxlamaq idi. Bu baxımdan Ənvər Paşanın Azərbaycana göndərdiyi Qafqaz İslam Ordusu hərəkatı çox böyük bir nailiyyət demək idi. Günümüzdə də bu barədə oxuduqda üzümdə təbəssüm yaranır, xoşbəxt oluram. - Ənvər Paşanın müqəddəs amalı Turanın qurulması idi və bu hədəf uğruna şəhid oldu. Türk dünyasının güclənməsi üçün müəyyən addımların atılmasını necə dəyərləndirirsiniz? Məsələn, ortaq türk əlifbası elan olundu... - Ortaq dil məsələsi çox önəmlidir. Düşünürəm ki, həqiqətən ilk addım məhz bu yöndə olmalıydı. Türk xalqları arasında müəyyən fərqliliklərin olması mümkün və təbiidir. Hətta istifadə etdiyimiz hərflərdə, səslərdə də fərqlər var. Amma bunlar türk xalqlarının danışdıqları zaman bir-birini rahat anlamasına maneçilik törətmir. Məni ən çox məyus edən məqamlardan biri türk xalqlarının başqa dil üzərindən bir-biri ilə ünsiyyət qurmasıdır. O zaman bir-birimiz üçün niyə savaşdıq, niyə həyatımızı verdik?! Ona görə də ortaq türk əlifbası və ortaq dil istiqamətində atılan addımları çox təqdirəlayiq sayıram. Nə qədər effektli olacağını zaman göstərəcək. Ən önəmlisi bir işə başlamaqdır. Nəzərə alaq ki, bu, ağrılı prosesdir, çünki hər kəs üzərinə düşəni etməli, nəyisə dəyişməlidir. Təsəvvür edin, Makedoniyadan Orta Asiyaya, Çinədək eyni dildə danışırsın və anlaşılırsan. Hər məsələnin təməli ünsiyyət qurmaqdan başlayır. Ənvər Paşanın arzuladığı da bu idi. Düşmənlərimiz üçün bir türk dövlətindən daha qorxulu iki-üç türk dövlətidir. Ənvər Paşanın nəticəsi olaraq babamın bu yüksək amal uğruna mübarizəsindən və şəhid olmasından qürur duyuram. - Qafqaz İslam Ordusu Qarabağ uğrunda da savaşıb. Separatçılardan təmizlənmiş Xankəndi küçələrdən birinə Ənvər Paşanın adının verilməsi xəbərini necə qarşıladınız? - Bu xəbərdən çox sevindim. Ötən günlərdə Çanaqqalada bir bələdiyyə küçələrdən birinə Ənvər Paşanın adının verilməsini əngəllədi. Bu qədər qorxmalarına ehtiyac yoxdur. O səbəbdən Ənvər Paşanın adının Azərbaycanda, həm də Qarabağda bir küçəyə verilməsindən varis olaraq məmnun oldum. Bir məsələni vurğulamaq istəyirəm, Azərbaycan türklərinin Ənvər Paşa, Xəlil Paşa, Nuru Paşa və onların ailələrinə borcu yoxdur. Bir insan qardaşının əzildiyini, təzyiqə məruz qaldığını görsə, nə edər? Təbii ki, düşünmədən, dərhal müdaxilə edər, yardımına yetişər və bunun üçün təşəkkür gözləməz. Babalarımız da bunu edib. Vəfa borcu olduğunu düşünənlər onları hər yad etdiklərində fatihə oxusunlar. Əlbəttə, Azərbaycanda şəhid və qazi olan şəxslər, onların ailələri adından söz demək haqqına sahib deyiləm. Sadəcə, öz ailəm adına danışa bilərəm. Bu gün yardıma ehtiyac olsa, mən də gedərəm. - Ötənlərdə Qarabağa getmək imkanınız oldu. Hansı duyğular yaşadınız? - Qarabağda duyduğum hissləri bir cümlə ilə ifadə etmək istəyirəm: "Noldu Paşinyan?!". Qarabağda, Şuşada da oldum, oraları gəzdim, gözəl hisslər yaşadım. Əslində, savaş zamanı cəbhəyə getmək üçün də müraciət etmişdim, amma razılıq vermədilər. Qarabağ hər halı ilə türk yurdudur. Orada olarkən qəlbimin dərinliklərində bunu duydum. Ermənilərin işğalçı olduğu hər addımda bəlli olurdu. Ağlagəlməz yerləri minalayıblar. O qədər xain topluluqdur ki, mülki insanların həlak olması üçün hər yerə mina basdırıblar. Qarabağın yenidən doğma insanlarının əlində olduğunu görmək qürurvericidir. Təmizlənmiş Qarabağ bizimdir, bizim də olacaq. - Qarabağda sadəcə 30 illik işğala yox, həm də 150 illik separatçılığa son verildi... - Qarabağda təmizlik deyəndə məhz bunu nəzərdə tuturam. Biz erməni deyilik, mülki insanları, günahsızları öldürmürük. Qarabağda, Xankəndidə bölücülüklə məşğul olanların, qondarma rejimin məhv edilməsi müstəsna əhəmiyyət kəsb edən məsələdir. Kənar güclərin maşaları, terrorçuluqla məşğul olanlar öz yerlərini və hədlərini bilməlidir. - Hazırda işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış baş verir, sürətli quruculuq-bərpa işləri gedir. Amma təkliflər var ki, erməni vəhşiliyini əks etdirən bəzi bölgələr saxlanılsın. Erməni vandalizminin ifşası üçün bəzi yerlərin açıq muzey kimi saxlanması nə qədər zəruridir? - Çox doğru yanaşmadır. Mən Birinci Dünya savaşını araşdırıram. Niyə görəsə, bizə edilən xəyanətləri, düşmənlikləri, soyqırımları görməzdən gəlmə, gizlətmə, unutma kimi xəstəliyimiz var. Ermənilər və bizə düşmənçilik edən digərləri reallıqda olmamış hadisələri təbliğ etməklə məşğuldurlar. Başımıza gələn hər məsələni olduğu kimi göstərməliyik. Yaxşı hadisələrlə qürur duyduğumuz kimi üzləşdiyimiz faciələri də dünya ictimaiyyətinə çatdırmalıyıq. Ona görə də Qarabağda erməni vəhşiliyini əks etdirən bəzi yerlərin saxlanması təklifi yerində və zəruridir. - Bakıda ən çox xoşladığınız nədir? Bura gələrkən hansı hissləri yaşayırsız? - Bakı buradan, yəni evimdən təxminən 1800 km. uzaqlıqdadır. O qədər məsafə qət etməyimə baxmayaraq, özümü doğma yurdumda, evimdə hiss etdiyim yeganə yer Bakıdır. Bakıda çox olmamışam, orada qohumlarım da yoxdur. Ona rəğmən, Bakını öz evim kimi hiss etdim, çox maraqlı idi. Bir də Bakının İçərişəhərini çox sevdim. Azərbaycanı, türk qardaşlarımı bağrıma basıram. Geri qayıt |