Əsas Səhifə > Güney Press > Efirə getsəydi, reytinqləri alt-üst edərdi...

Efirə getsəydi, reytinqləri alt-üst edərdi...


14-09-2024, 13:19
Efirə getsəydi, reytinqləri alt-üst edərdi...
Yeni sezonda sosial məzmunlu verilişlərlə bağlı tək yenilik aparıcı Zaur Baxşəliyevin saçına rəng qoyub efirə çıxması oldu.

Yenilik istəmirdiniz?

Al, bu da yenilik!

Zaur tamaşaçıları intizarda qoymaq istəmədiyi üçün saçını boyamasının səbəbinə də aydınlıq gətirib. Eynəyim evdə qaldığı üçün dünən höccələyə-höccələyə oxumuşam. Siz də oxuyun: "“Saçlarım ağarmışdı, bezirdim. Pis günə qalmışdı. Günay şampun sifariş verdi, mən də onunla yudum. Gördüm ki, saçım qızardı. Bir həftəyə yenidən ağaracaq. Qara edirəm, deyirsiniz vay. Rəng qoyanda nə olur, dünya dağılır?!"

Çoxlarınızdan fərqli olaraq, mən bu verilişlərə bir köynək yaxınam. Həyatımın bir neçə ili həmin verilişlərin çəkiliş meydançasında keçib. Düzdür, o vaxt indi olduğu kimi əttökən səhnələr, səviyyəsiz müzakirələr olmurdu. Başqalarını deyə bilmərəm, Xoşqədəm Hidayətqızı pandemiyadan əvvəl verilişinə ölkənin adlı-sanlı alimlərini, tanınmış ziyalıları dəvət edirdi. Mən rəhmətlik Habil Əliyev, xalq artistləri Arif Babayev, Afaq Bəşirqızı, akademiklər Arif Haşımov, Vaqif Abbasov, el ağsaqqalı Rəşid Mahmudov, professor Təvəkkül Məmmədov kimi görkəmli elm və mədəniyyət xadimləri ilə çiyin-çiyinə o verilişlərdə xeyli faydalı müzakirələr aparmışam...

O vaxt şəxsi həyata müdaxilə imkanı indiki qədər geniş deyildi. Xoşqədəm xanım hər vəchlə şəxsi həyata dair sirlərin açılmağına imkan vermirdi. Yadımdadır, bir dəfə studiyaya ucqar dağ kəndindən qanlı-bıçaq olan qayınana-gəlin gəlmişdi. Gəlin onu pisləyən qayınanasının ittihamlarına belə cavab vermişdi: "Mən bu arvadı ot tayasında əsgərlərlə bir yerdə biabırçı vəziyyətdə tutmuşam. Həmin gündən mənimlə düşmən olub".

Teleaparıcıların təbirincə desək, "bomba" açıqlama idi. Efirə getsəydi, reytinqləri alt-üst edərdi. Amma Xoşqədəm Hidayətqızı arvadın yaşına-başına hörmət edib həmin açıqlamanı efirə vermədi.

Elə bilirsiniz, sosial verilişlərlə bağlı yaranmış indiki biabırçı vəziyyətə görə tək günahkar Zaur, Xoşqədəm, Lalə, Elgizdir?

Əzizlərim, Zaur, Xoşqədəm, Lalə, Elgiz, Amil Xəlil yalvarıb heç kimi efirə çıxarmır. Əksinə, camaat efirə çıxmaq üçün onlara yalvarır...

Amil Xəlilin aparıcısı olduğu "Gəl danış" verilişi bu sezon efirə getməyəcək. Hansı ki, digər sosial məzmunlu verilişlərlə müqayisədə xeyli abırlı idi. Çünki verilişlər bir neçə gün əvvəl çəkilirdi və aparıcının lazımsız ifadələri "qayçılamaq" imkanı vardı. Üstəlik, Amil istedadlı jurnalist, həyalı insan olduğu üçün reytinq xatirinə hər sözü efirə vermirdi.

Yenə pandemiyadan qabaq idi. Yeddi-səkkiz il əvvəl evlənmiş cütlük aliment davasına Amil Xəlilin "Gəl danış" verilişinə gəlmişdi. Qadın qısa danışdı: "Üç uşağımız var. Keçmiş həyat yoldaşım heç birinə aliment vermir".

Aramızda ən təmkinli adam psixoloq Aytən Ələkbərova idi. Amma bu dəfə birinci o dilləndi: "Ay oğlan, niyə aliment vermirsən?"

Qarşı tərəfin cavabı belə oldu: "Mən niyə aliment verməliyəm?"

Aytən xanım suala sualla cavab verdi: "Bəs kim verməlidir?"

Oğlan sakitcə belə dedi: "Rasim, Elvin, Aydın".

Amilin gözləri böyüdü: "Onlar kimdir?

Cavabı olduğu kimi yazıram: "Rasim böyük, Elvin ortancıl, Aydın isə kiçik uşağın atasıdır. Zəhmət çəkib uşaqlarının alimentini versinlər".

Hamımız şokda idik. "Qəhrəman" isə əlavə izahat verirdi: "Uşaq vaxtı atdan yıxıldığım üçün kişilikdən məhrum olmuşam. O üç uşaqdan mənim xəbərim yoxdur".

Demək istədiyim odur ki, üzləşdiyimiz acınacaqlı duruma görə tək günahkar Zaur, Xoşqədəm, Lalə, Elgiz, Amil deyil. Bu ölkədə aliment verməmək üçün özünə xədim deməyə hazır olan o qədər "kişi" var ki...

Seymur VERDİZADƏ - Yenisabah.Az

Geri qayıt