Əsas Səhifə > Güney Press, Üst manşet > Naxçıvanda əcaib-qəraib işlər...

Naxçıvanda əcaib-qəraib işlər...


14-09-2024, 09:07
Naxçıvanda əcaib-qəraib işlər...
"Adını unutduğum alman məşhurlarından biri ermənilərlə Türkləri qarşılaşdıraraq təxminən bu sətirləri yazıb: “Türklərlə də, ermənilərlə də müqavilə bağlamağa dəyməz. Çünki Türklər söz verdisə, müqavilə bağlamış kimidirlər. Ermənilər isə imzaladıqları heç bir sənədə əməl etməzlər”. Son zamanlar Naxçıvan Muxtar Respublikasında müəllimlərlə bağlanan müqaviləyə əməl edilməməsi mənə bu cümlələri xatırlatdı. Düşündüm ki, deyəsən, Muxtar Respublika rəhbərliyi də get-gedə bədnam qonşumuza oxşamağa başlayıb". Dia-az.İnfo xəbər verir ki, bunu öz etirazında tanınmış jurnalist Heydər Oğuz ifadə edib.

Naxçıvanda əcaib-qəraib işlər...

H.Oğuz daha sonra əlavə edib: "İndi isə Naxçıvanda qeyri-adi velosiped yolunun açılmasını əks etdirən bir foto ilə qarşılaşdım. Qənaətim daha çox möhkəmləndi. Bilirsiniz ki, Ermənistan Baş naziri Nikol Paşinyanın velosipedə xüsusil simpatiyası var. Özü "şayka"sını arxasına alıb həm İrəvanın, həm də qonaq getdiyi xarici paytaxtların küçələrində velosiped sürür. Bununla da kifayətlənmir, hətta Ermənistanda məktəblilərə pulsuz velosiped paylamağa belə qərar verib. Erməni Baş nazirinin velosiped sevdası elə güclüdür ki, rəqibləri onu bu xüsusiyyətinə görə sərt tənqid edirlər. Deyirlər ki, ey özündən bixəbər qafil, sən ölkə rəhbərisən, yoxsa velosipedçi? Ölkə əldən gedir, torpaqlarımızın delimitasiyası prosesi başlayıb, Zəngəzur dəhlizi uğrundan az qala Rusiya ilə İran bir-birini qırır, Qərb də, Çin də bu məsələyə laqeyd yanaşmır. Sən isə öz mübarək gündəyməzini velosipedin oturacağından qaldırıb ciddi məsələlərlə məşğul olmursan.

Naxçıvanda əcaib-qəraib işlər...

Doğrusu, Naxçıvanda həyata keçirilən velosiped islahatlarına baxanda, bu erməniləri başa düşmək olmur. Paşinyan heç olmasa maşın yolunun bir kənarında velosiped sürərək vaxt keçirir. Naxçıvan “canişini” isə səkiləri velosiped yoluna çevirib. Özü də harda? – Naxçıvanda. O yerdə ki, velosiped sürənlərin sayı bir əlin barmağını belə keçməz. “Canişin” əfəndi isə bu qədər azsaylı velosiped sürücülərinə az qala maşın yolunun yarısı qədər yer ayırıb. Görünür, o da yaxın vaxtlarda Paşinyandan növbəti ibrət dərsini alıb Naxçıvanda velosipedi ümummilli nəqliyyat vasitəsinə çevirmək niyyətindədir.
Nə deyək, Allah hər kəsi qonşuları ilə mehriban eləsin. Biz onlardan, onlar bizdən nələrisə əxz etməsək, regiona sülhü necə gətirəcəyik? Nə olsun ki, o, Paşinyanın "canişin"i deyil. Bəyəm kimdənsə nəyisə götürmək üçün mütləq onun "canişin"i olmalısan?
Rişxənd etməyin, “canişin” həzrətləri bu böyük siyasəti ilə yəqin ki, yaxın zamanlarda Nobel sülh mükafatını ölkəmizə gətirəcək. Sonra da bəzi “ağzıgöyçək"lər çıxıb onun ODTÜ-yə girib BDU-dan çıxmasına, yəni məzun olmasına kəm baxır. “Canişin” əfəndi heç kimin edə bilməyəcəyi bu möcuzəni vaxtında reallaşdırmasaydı, səkinin ortasında velosiped yolu salmaq kimi böyük və misilsiz uğura imza ata bilərdimi? Əlbəttə, yox!.."

Dia-az.İnfo-dan zəruri qeyd: “Canişin” dedikdə Naxçıvanda Prezidentin xüsusi nümayəndəsi Fuad Nəcəfli nəzərdə tutulur...

Geri qayıt