Əsas Səhifə > Güney Press > ABŞ Azərbaycana düşmən mövqeyindədir
ABŞ Azərbaycana düşmən mövqeyindədir12-09-2024, 16:14 |
Aprelin 5-də Brüsseldə keçirilən ABŞ-Aİ-Ermənistan görüşündən sonra verilən rəsmi açıqlamaya görə, Avropa İttifaqı Ermənistana 270 milyon avro, ABŞ isə 65 milyon dollar pul ayırmaqla bağlı qərar verdi. Bu yardım isə bölünərək 4 il ərzində davam edəcəkdi. Halbuki görüşdən öncə 5 aprel tarixinin Ermənistanın siyasi-iqtisadi taleyində dönüş olacağı bildirilirdi. Təsadüfi deyil ki, 5 aprel görüşündən sonra Ermənistanın operativ şəkildə İrəvan hava limanından Rusiya sərhədçilərin çıxardı. Daha sonra isə ABŞ təyyarələrlə Ermənistana silah və hərbi heyət göndərdi. İndi də 5 aprel görüşünün davamı olaraq ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi (USAID) Ermənistana maliyyə yardımının həcmini iki dəfədən çox -120 milyon dollardan 250 milyon dollara qədər artıracaq. Bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, vəsaitlər demokratik proseslər, regional əməkdaşlıq, fəlakət risklərinin idarə edilməsi, kibertəhlükəsizlik, ərzaq və enerji təhlükəsizliyi və s. kimi sahələrə yönəldiləcək. ABŞ-nin addımları Qafqaz regionunda geosiyasi sərhədlərin çəkilməsi kimi qiymətləndirilməlidir. Qərb ölkələrin regionda Ermənistanı öz bastionuna çevirmək istəyir. Eyni zamanda Fransa tərəfindən Ermənistana göstərilən hərbi və siyasi dəstək də bilavasitə Vaşınqtondan koordinasiya edilir. Amma 30 il Azərbaycanın torpaqları işğal altında olanda ABŞ Azərbaycanın ərazi bütövlüyünün və sərhəd toxunulmazlığını hazırda Ermənistanın sərhəd toxunlumazlığı qədər xatırlamırdı. Sözügedən yardımların hümanitar xarakterli olduğunu bildirsələr də, hərbi məqsədlər üçün istifadə olunmayacağı sual altındadır. ABŞ Ermənistana siyasi, iqtisadi və xüsusən hərbi dəstək olmaqla Ermənistanda revanşizmin artmasına zəmin yaradır. ABŞ regionda real sülh istiyirsə, tək tərəfli Ermənistana dəstəyi (xüsusən hərbi) dayandırmalıdır. Millət vəkili Tahir Rzayev “Sherg.az”a bildirib ki, USAİD-in Ermənistana beş illik yardım paketini iki dəfədən çox artırması hadisələrə ikili standartdan yanaşmasının nəticəsidir: “Bu Azərbaycan və Ermənistan münasibətlərinin qaydaya salınmasına deyil, əksinə olaraq sülhün yaradılmasının əleyhinə xidmət edən prosesdir. Sözügedən hal münaqişənin başladığı ilk gündən özünü göstərib. Həmçinin 30 ildən çox işğal altında qalan Azərbaycan torpaqlarının taleyi heç vaxt Amerika Birləşmiş Ştatlarını maraqlandırmayıb. Əslində ABŞ dünyanın hegemon dövləti və ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişənin aradan qaldırılmasına və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) dörd mühim qətnaməsinin yerinə yetirilməsinə öz töhfəsini verməli idi. Demokratiya, İnsan haqları və Beynəlxalq hüquq normalarından danışan və bunu dövlət siyasətinin əsası hesab edən ABŞ-nin hadisələrə ikili standartlardan yanaşması, təcavüzkar Ermənistanı müdafiə etməsi münaqişənin uzanmasına və torpaqlarımızın uzun illər işğal altında qalmasına səbəb olub. Bu gün də eyni münasibət davam edir və demək olar ki, ABŞ Azərbaycana düşmən mövqeyindədir”. Deputat söyləyib ki, sözdə Azərbaycana dəstək nümayiş etdirən, Cənubi Qafqazda Azərbaycanın yüksək rolunu vurğulayan ABŞ əməldə tamamilə başqa mövqe ortaya qoyur: “ABŞ Ermənistana silah göndərib İrəvanda hərbi təlimlər həyata keçirərək sülh müqaviləsinin uzadılmasına bilavasitə zəmin yaradır. Əlbəttə ki, bu müstəqil Azərbaycanın suverenliyinə qəsddir. Eyni zamanda beynəlxalq normalara ziddir və ABŞ-nin demokratik təchizatlarına ciddi şəkildə zərbədir. Ermənistana maliyyə dəstəyi, orada həyata keçirilən hərbi təlimlər, təcavüzkar ölkənin silahlandırması Cənubi Qafqazda müharibənin yenidən alovlandırılmasına hesablanıb. ABŞ özünün təcavüzkar siyasətini bu gün Ermənistan vasitəsilə Cənubi Qafqazda həyata keçirmək niyyətindədir. Azərbaycan dövləti və cənab Prezident İlham Əliyev bunları çox gözəl bilir. Ən mötəbər tədbirlərdə İlham Əliyev ABŞ-nin yürütdüyü bu siyasəti kəskin tənqid edir. Bu gün Azərbaycan çox güclü dövlətdir. Eyni zamanda sarsılmaz orduya sahibdir. Həmçinin beynəlxalq aləmdə dövlətimizin nüfuzu çox böyükdür. Amma Amerika bu uğurlara kölgə salmaq istəyir. Belə təsirlər isə Azərbaycan beynəlxalq imicinə heç bir şəkildə zərər yetirə bilməz. Azərbaycan bu cür məkirli niyyətlərin qarşısını almağa həmişə hazırdır”. Geri qayıt |