Əsas Səhifə > Güney Press > İqtisadiyyatın qaranlıq gələcəyi:
İqtisadiyyatın qaranlıq gələcəyi:11-09-2024, 18:04 |
Neft qiymətlərinin sürətlə aşağı düşdüyünü görəndə kədərlənməmək olmur. Çünki ölkə iqtisadiyyatı daha çox bu sərvətdən asılıdır. Neft pulları olmasa, iqtisadiyyat ayaqda dayana bilmir. Qeyri-neft sektoru da hər hansı şəkildə bu məhsuldan asılı vəziyyətdədir. Ümumiyyətlə, ölkə bununla nəfəs alır. Nə qədər çətin olsa da, etiraf etmək lazımdır. Bizimyol.info xəbər verir ki, “Brent” markalı neft dünya bazarında həftə ərzində hətta 70 dollardan da ucuz təklif olunub. “Azeri light”ın bareli yazı hazırlanan dəqiqələrdə 72 dollara çatmırdı. Mütəxəssislərin proqnozları nikbinliyə əsas vermir. Deyirlər ki, ilin sonuna qədər daha yüksək qiymət gözləməyə dəyməz. Büdcədə neftin qiyməti 75 dollardan qeyd olunub. Bu, vəziyyəti bir az da ağırlaşdırır. Gözləntilərdən də aşağı gəlirlərdən söhbət gedəcək. Görün indi iqtisadiyyatı necə çətin il gözləyir. Hasilat o qədər sürətlə azalır ki, düşünməyə də aman vermir. Azərbaycan 13 il əvvəl 51 milyon tona qədər neft hasil edirdi. Keçən il hasilat 30 milyon tona qədər düşmüşdü. Bu ilin sonunda göstəricinin daha az olacağı ehtimal edilir. Çox güman ki, hasilat 29 milyon tona çatmayacaq. “Azəri-Çıraq-Günəşli” yatağı daha əvvəlki məhsuldarlığı göstərə bilmir. Buradan indiyə qədər 600 milyon tondan çox neft çıxarılıb. Amma hər yatağın da bir dövrü olur. “Azəri-Çıraq-Günəşli” xeyli “qocalıb”. Düzdür, nikbin danışan mütəxəssislər də var. Deyirlər ki, blokda yeni hasilat platformasının istifadəyə verilməsi ehtimalı qalır. Lakin bunlar bir az nisyə söhbətlərdir. Faktiki “Azəri-Çıraq-Günəşli”nin neft hasilatındakı payı sürətlə azalır. Başqa yataqların gələcəkdəki istismarı ilə bağlı proqnozlar da nikbinliyə hesablanmış dayaqsız arqumentdən başqa bir şey deyil. Qısası, iqtisadiyyatın gələcəyi qaranlıq görünür. Neftsiz necə yaşayacağıq? Ölkə hansı iqtisadi istiqamətə güvənərək ayaqda qalacaq? Çətin suallardır. Qaz hasilatı ümid versə də, indiyə qədər böyük layihələrə xərclənən pullar yalnız neft sayəsində ortada dolaşa bilərdi. Qaz hasilatı belə perspektiv vəd etmir. Hər şey çox dumanlı görünür. Geri qayıt |