Əsas Səhifə > Güney Press > Bel yırtığı əməliyyatı zamanı əlavə 1000 manat tələbi...

Bel yırtığı əməliyyatı zamanı əlavə 1000 manat tələbi...


11-09-2024, 17:52
Bel yırtığı əməliyyatı zamanı əlavə 1000 manat tələbi...
Bakupost.az -ın dərc etdiyi "Tibbimizin yırtığı: Onurğa sütununda korrupsiya əməliyyatları" başlıqlı yazıya TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən rəsmi münasibət bildirilib.
Qeyd edək ki, yazıda İcbari Tibbi Sığorta (İTS) ilə dövlət xəstəxanalarında cərrahiyyə əməliyyatlarının icrası zamanı bir sıra qanunsuz hallara yol verildiyi - fəqərələrarası disk yırtığından əməliyyat olunmaq üçün müraciət edən vətəndaşlara göstəriş olmadan fiksasiya əməliyyatı edilməsi, implant qoyulması, bunun müqabilində onlardan 1000 manat tələb olunmasından bəhs edilirdi.
"Fiksasiya əməliyyatı və implant qoyulması yalnız zəruri hallarda, xüsusi göstərişlə icra edilməlidir. Mütəxəssislərin dediyinə görə, pasiyentin fəqərəsinə implant yalnız instabil hallar müşahidə oldunduqda, yaxud belə bir halın yaranacağına dair ciddi əlamətlər olduqda icazə verilir.
Dəhşətlisi odur ki, hazırda Azərbaycandakı dövlət xəstəxanalarının əksəriyyətində ağına-bozuna baxmadan, kimə gəldi fiksasiya əməliyyatı edirlər. Təbii olaraq, sual yaranır: Həkimlər niyə bu addımı atırlar? Ehtiyac olmadığı halda niyə fəqərələrarası disk yırtığı əməliyyatı ilə kifayətlənmir, əlavə olaraq, fiksasiya əməliyyatı icra edib pasiyentin fəqərələri arasına implant qoyurlar?

Əldə etdiyimiz məlumata görə, bunun sığortalı xəstələrə şamil olunması təsadüfi deyil. Belə ki, sığorta ödənişi ilə fəqərələrarası disk yırtığı əməliyyatı zamanı həkim anlayır ki, pasiyentdən əlavə pul ala bilməyəcək. Ona görə də o, belə bir dələduzluğa əl atır. Xəstəyə bildirir ki, sizə implant qoymalıyıq, implantın pulunu isə sığorta ödəmir, onu özünüz verərsiniz. Hər xəstədən 1000 manat alan həkim onun 500-nü implant üçün ödəyir, 500-nü isə cibinə qoyur. Bununla da ayda 10-20 əməliyyat edən həkim maaşdan əlavə 5-10 min manat qazanc əldə edir. Beləliklə, əlavə qazanc naminə fəqərələrarası disk yırtığı əməliyyatı üçün müraciət edən pasiyentləri ucdantutma fiksasiya əməliyyatı edirlər", - yazıda qeyd olunurdu.
Bəs, TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin bundan xəbəri varmı və bu iddialar doğrudurmu? İcbari Tibbi sığorta ilə əməliyyat olunan pasiyentlərin müvafiq tibbi göstəriş əsasında, protokola uyğun əməliyyat olunmasına nəzarət edilirmi? Ümumiyyətlə, pasiyentlərə bu cür təkliflər olunmaması üçün hansı tədbirlər görülür?

Bakupost.az -ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, bu qurumun tabeliyində olan müvafiq tibb müəssisələrində icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində icra olunan “Fəqərənin (bir və ya bir neçə) birləşdirilməsi” əməliyyatları digər tibbi xidmətlər kimi tibbi göstəriş əsasında icra olunmaqdadır:
"Həmin tibbi xidmətlərin icrası zamanı istifadə olunan xüsusi tibbi sərflər Xidmətlər Zərfi ilə təminata alınıb və müvafiq cərrahi əməliyyatın tarifinə daxildir. Vətəndaşlara keyfiyyətli tibbi xidmətin göstərilməsi, gələcəkdə baş verə biləcək əməliyyat sonrası fəsadların qarşısının alınması və vətəndaşın sağlamlığının qorunması məqsədilə tibbi xidmətlərdə istifadə olunan tibbi sərflərin keyfiyyətli tibbi məhsullardan olması əsas məqsədlərdən biri olub. Bu səbəbdən də tibbi göstərişə uyğun olaraq, icra olunacaq əməliyyatın həcmindən, xəsarətin (və ya xəstəlik) növündən, vətəndaşın fərdi konstitusional və anatomik göstəricilərinə uyğun olaraq, tibb müəssisələrinin müraciətinə əsasən, xüsusi tibbi sərflərlə təmin olunma həyata keçirilir.
Xidmətlər Zərfi ilə qarşılanan qeyd edilmiş bərpaedici tibbi xidmətlərin icrası zamanı xüsusi tibbi sərflərə görə vətəndaş tərəfindən hər hansı əlavə ödənişin həyata keçirilməsi nəzərdə tutulmayıb".
Göründüyü kimi, TƏBİB -in səlahiyyətliləri sorğudakı bəzi suaların üzərindən sükutla keçiblər. Digər tərəfdən, redaksiyamıza daxil olan məlumatlarda, dövlət xəstəxanalarında fəqərələrarası disk yırtığından əməliyyat üçün müraciət edənlərə zərurət olmadığı halda digər bir əməliyyat - fikasasiya əməliyyatı edildiyi vurğulanırdı. Sorğuya cavabda TƏBİB bu məsələyə də aydınlıq gətirməyib. Yəni söhbət TƏBİB-in cavabında deyildiyi kimi, "fəqərənin (bir və ya bir neçə) birləşdirilməsi” əməliyyatından deyil, fəqərələrarası disk yırtığının götürülməsi əməliyyatından gedir...

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən isə Bakupost.az -ın sorğusuna cavab olaraq bildirilib ki, fəqərəarası disk yırtığı əməliyyatı tibbi göstəriş əsasında həyata keçirilir:
"Əməliyyat zamanı istifadə olunan tibbi sərf, o cümlədən implantlar (daxili və ya xarici) icbari tibbi sığorta hesabına qarşılanır və tibbi xidmətin tarifinə daxildir. Qeyd edək ki, icbari tibbi sığorta ilə göstərilən tibbi xidmətlərin Agentlik tərəfindən ekspertizası (tibbi xidmətin yoxlanılması və qiymətləndirilməsi) müvafiq tibbi sənədlər əsasında aparılır. Xəstənin anamnezi yəni xəstəlik tarixçəsi, instrumental müayinələri, laborator analizləri, əməliyyat protokolu, epikrizi kimi sənədlər xəstəxana tərəfindən Agentliyə təqdim olunur. Yoxlanılma aparıldıqdan sonra tibbi sənədlər öz təsdiqini taparsa, Agentlik tərəfindən xəstəxanaya ödəniş olunur".
Maraqlıdır, fəqərələrarası disk yırtığı əməliyyatı kimi, fiksasiya əməliyyatı (implant qoyulması) da Xidmətlər Zərfinə daxildirsə, cərrahlar niyə pasiyentləri aldadıb onlardan əlavə ödəniş tələb edirlər?
İTS-dən bildiriblər ki, vətəndaşlardan qeyri-rəsmi ödəniş tələb olunarsa, onlar bununla bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə və ya TƏBİB-ə rəsmi şəkildə müraciət edə bilərlər.

Geri qayıt