Əsas Səhifə > Güney Press > Azərbaycanda üzüm ucuzlaşdı
Azərbaycanda üzüm ucuzlaşdı11-09-2024, 16:12 |
Cəlilabad rayonunda üzümün topdansatış qiyməti kəskin azalıb. Bu barədə İqtisadiyyat.az-a üzümçülüklə məşğul olan bir qrup fermer məlumat verib. Onlar hazırda rayonda üzüm yığımının davam etdiyini, amma məhsulun satış qiymətindən narazı olduğunu söyləyiblər. Fermerlərin sözlərinə görə, bu il məhsul bol, qiymətlər isə xeyli aşağıdır. Sahibkarlar deyir ki, yığımın əvvəlində üzümün növündən asılı olaraq məhsulun bir kiloqramının qiyməti 1 - 1,5 manat arası dəyişib. Lakin bir müddət sonra süfrə üzümünün qiyməti 0,6 - 0,7 manata düşüb. Onlar hazırda üzümün topdansatışının 0,4 manatadək ucuzlaşdığını bildirirlər. Fermerlərin sözlərinə görə, halbuki ötən il bu rəqəm 0,7 - 0,8 manat təşkil edib. Onlar ucuzlaşmanın əsas səbəbinin elə məhsulun bolluğu ilə əlaqəli olduğunu düşünür: "Çünki üzümün yetişməsi bütün bağlarda eyni vaxtda olduğu üçün hamı öz məhsulunu dəyər dəyməzə satmağa məcbur qalır. Nəticədə qiymət bu qədər kəskin şəkildə aşağı düşür". Qeyd edək ki, Cəlilabadda bu günə qədər bağlardan 7 600 ton məhsul əldə olunub və məhsulun 248 tonu Rusiya bazarlarına ixrac olunub. Hazırda rayonda 1 410 hektar üzüm bağı var və onun da 1 375 hektarı bar verən bağdır. Geri qayıt |