Əsas Səhifə > Güney Press, Ana xəbərlər > İcra Hakimiyyətləri ləğv olunur?
İcra Hakimiyyətləri ləğv olunur?11-09-2024, 13:20 |
Azərbaycan son illərdə dinamik inkişaf yolunda mühüm islahatlara imza atmaqda davam edir. Bu islahatların növbəti mərhələsi ölkənin idarəetmə modelində radikal dəyişikliklərə yönəlmişdir. Prezident İlham Əliyevin sərəncamı ilə ölkədə 14 iqtisadi rayonun yaradılması bu prosesin təməl daşı kimi qəbul edilir və ölkənin yeni idarəetmə modelinə keçidini daha da aktuallaşdırır. Mövcud icra hakimiyyətlərinin ləğvi ilə start veriləcək bu yenilənmə Azərbaycanda dövlət idarəçiliyinin daha səmərəli və müasir tələblərə cavab verən bir struktura çevrilməsi məqsədi daşıyır. Yeni yaradılan iqtisadi rayonlar isə ölkənin müxtəlif bölgələrinin spesifik ehtiyaclarına uyğun iqtisadi inkişafın təmin edilməsi üçün mühüm addım olaraq dəyərləndirilir. Hazırda işğaldan azad edilmiş rayonlarda xüsusi nümayəndəlik institutu fəaliyyət göstərir. Dövlət başçısının sərəncamı ilə yaradılmış yeni institut faktiki olaraq bütün idarəetmə mexanizmini həyata keçirir. Hazırkı idarəetmə modelinin dəyişdirilməsi və icra hakimiyyətlərinin ləğvi ilə ölkənin iqtisadi və sosial həyatı daha müasir prinsiplərə əsaslanaraq inkişaf edəcəyi proqnozlaşıdırılır. Dia-az.İnfo xəbər verir ki, məsələ ilə bağlı danışan Milli Məclisin sabiq deputatı Vahid Əhmədov News24.az-a bildirib ki, bununla bağlı artıq işlərə başlanılıb və prosesin ölkənin uzunmüddətli inkişaf strategiyasında mühüm rol oynayacağı gözlənilir: “Bununla bağlı uzun zamandır müzakirələr gedir, amma icra hakimiyyətlərinin ləğv olunması üçün Konstitusiyada dəyişiklik lazımdır. Ölkədə referendum keçirilməlidir. Artıq cənab prezidentin sərəncamı ilə Qarabağda nümayəndəliklər təyin olunub və onlar öz işlərini kifayət qədər peşəkarcasına yerinə yetirirlər. Bu heç də şübhəli deyil ki, irəliləyən zamanlarda ölkəmizin digər ərazilərinə də prezidentin xüsusi nümayəndəsi təyin olunacaq. Bu məsələ ilin əvvəlində müzakirə olunmuşdu. Bildirilmişdi ki, yerli icra hakimiyyətləri ləğv olunsun və onların yerində yerli nümayəndəliklər yaradılsın”. Deputat qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların davamı olaraq, Azərbaycan idarəetmə modelində əhəmiyyətli dəyişikliklərə hazırlaşır. Onun sözlərinə görə, Milli Məclisdə bu mövzu ilə bağlı geniş müzakirələr gedib və bu müsbət qarşılanıb: Vahid Əhmədov əlavə edib ki, cənab Prezident belə bir qərar verməklə tamamilə doğru bir addım atıb, icra hakimiyyətlərinin ləğvi və yeni iqtisadi rayonların yaradılması ilə Azərbaycan daha müasir və çevik bir idarəetmə modelinə keçəcək: “Faktiki olaraq Qarabağa təyin olunan prezidentin xüsusi nümayəndəlikləri özünü yaxşı mənada doğruldub. Belə görünür ki, bütün Azərbaycan ərazilərində bu modeli tətbiq etmək olar. Yerli icra hakimiyyəti orqanları özünü bəzi yerlərdə doğrulda bilmədi. Bu prosesin uzun çəkəcəyini düşünmürəm, yaxın aylarda artıq tamamilə yeni modelə keçid edə bilərik”. Geri qayıt |