Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Yekun sülh sənədinin imzalanması...
Yekun sülh sənədinin imzalanması...11-09-2024, 09:14 |
Ermənistan və Azərbaycan sülh sazişi layihəsində 13 müddəa və ön sözü razılaşdırmağı bacarıb, Ermənistan hakimiyyəti artıq razılaşdırılmış bəndlərin imzalanmasını təklif edir. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan təklifini “Yerevan Dialogue” beynəlxalq forumundakı çıxışı zamanı bildirib. Paşinyan qeyd edib ki, sülh sazişi layihəsinin 13 müddəa və ön sözü tam razılaşdırılıb, 3 müddəa qismən razılaşdırılıb, onlar təqribən iki təklifdən ibarətdir: "Biz razılaşdırılmış müddəaları ən qısa zamanda imzalamağı təklif edirik". Baş nazir əlavə edib ki, Cənubi Qafqazda sülh nəinki mümkündür, həm də realdır. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib ki, Rusiyanın Azərbaycanla danışıqlarda vasitəçilik rolu konstruktiv idi: “Rusiya 2020-ci ildə müharibədən sonra uğurla vasitəçilik edə və barışıq imzalaya bildi. Ermənistan və Azərbaycanı danışıqlar masasına gətirən vasitəçilik prosesinin təşəbbüskarı Rusiyadır. Bu rolu ABŞ, AB və digər ölkələr - Fransa və Almaniya davam etdirdi. Və azərbaycanlı həmkarımla sonuncu görüş Qazaxıstanda baş tutub”. O, Ermənistan və Azərbaycanın mövqelərini yaxınlaşdırmağa çalışan bütün ölkələrə təşəkkür edib: “Bununla belə, İrəvan başa düşür ki, bütün ölkələrin öz maraqları var. Bu maraqlar heç də həmişə Ermənistanın və ya Azərbaycanın maraqları ilə üst-üstə düşməməlidir, bu nəzəri, aksiomatik həqiqətdir”. Macarıstanın xarici işlər naziri Peter Siyarto İrəvanla Bakı arasındakı sülh müqaviləsinin Budapeştdə imzalanmasını təklif edib. O, bunu “İrəvan dialoqu” forumu çərçivəsində söyləyib. Siyarto bunu ölkəsinin göstərə biləcəyi mühüm kömək kimi dəyərləndirib. Qazaxıstan prezidenti də tərəflər arasında növbəti görüşün Astanada keçirilməsini təklif edib. Ermənistan parlamentinin deputatı, hakim fraksiyanın katibi Artur Hovhannisyan isə bildirib ki, üçüncü ölkələrin müdaxiləsi İrəvanla Bakı arasında dialoqa mane ola bilər. O deyib ki, bu birbaşa dialoqun uğurlu epizodları var: "Amma təcrübə göstərir ki, bu regionda başqa maraqları olan digər regional dövlətlər söhbətə qarışanda, bu, Ermənistan-Azərbaycan prosesinə mənfi təsir göstərə bilər". Politoloq Natiq Miri "Sherg.az"a deyib ki, sülh müqaviləsinin imzalanmasına ən böyük əngəllərdən biri Ermənistan konstitusiyasıdır. Analitik vurğulayıb ki, İrəvanın "razılaşdırılmış 13 maddə əsasında sülh sazişini imzalamağa hazırıq" bəyanatının arxasında Ermənistanın israrla yerinə yetirməkdən boyun qaçırdığı məsələlər var: "Paşinyan hökuməti son günlər davamlı olaraq bənzər açıqlamalar verir. Hətta konstitusiyanın dəyişdiriləcəyini söyləyir. Ardınca məsuliyyəti bölüşmək üçün dərhal həmin sənədi konstitusiya məhkəməsinə göndərir. Qarabağın Azərbaycanın tərkib hissəsi olması vurğulanır. Ermənistan hökuməti bunu təkzib etmir. Ancaq ölkə Konstitusiyası təkzib edir, çünki Müstəqillik aktında Azərbaycana qarşı ərazi iddiası qalmaqdadır. Yəni sənəd qüvvədədir və ləğv olunmayıb. Bu da o anlama gəlir ki, tərəflər arasında imzalanacaq sülh sənədi qeyri-ixtiyari mövcud konstitusiyaya zidd olacaq. İrəvan sülh sazişini "beynəlxalq sənəd" kimi təqdim etməyə çalışsa da, bir ölkənin ana yasası bütün hüquqi sənədlərdən üstündür. Ona görə Azərbaycan etibarlı sülh üçün konstitusiya tələbini ortaya atıb. Burada söhbət sülh sənədinin imzalanmasından yox, razılaşdırılmış 13 maddənin bilavasitə paraflanmasından gedir. Razılaşdırılmamış növbəti məqamlar üzərində müzakirələr başlamalıdır". N.Miri vurğulayıb ki, hazırda yekun sülh sənədinin imzalanması müzakirə predmeti deyil: "Sülh sənədindən öncə sərhədlərin müəyyənləşməsi ilə bağlı ortaq işçi qrupunun fəaliyyətinə dair əsasnamə təsdiq olunub. Bu əsasnamənin təsdiq olunması hökumətin ciddi müzakirə predmetinə çevrilmədi. Çünki məsuliyyəti bölüşmək üçün dərhal sənədi konstitusiya məhkəməsinə göndərdilər. Bundan sonra növbəti ünvan parlament olacaq. Sərhəd məsələsi İrəvan hökuməti üçün bir sınaqdır. Görək, Ermənistanın konstitusiya məhkəməsi bu reqlamenti necə əsaslandıracaq. Məsələ müsbət həllini taparsa, sülh sənədinin müzakirəsinə keçmək daha məqsədəuyğundur. Ermənistan hökuməti ilk növbədə bu əngəlləri aşmalıdır. Əks halda boğazdan yuxarı açıqlamalar hüquqi cəhətdən heç nə ifadə etmir". Geri qayıt |