Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Zəngəzur dəhlizi üzərində mübahisə: Rusiya israrlı, İran narazı, Türkiyə isə...
Zəngəzur dəhlizi üzərində mübahisə: Rusiya israrlı, İran narazı, Türkiyə isə...10-09-2024, 10:39 |
İranla Rusiya arasında Zəngəzur dəhlizi ilə bağlı ziddiyyətli mövqe böhranlı vəziyyət yaradıb. Rəsmi Tehran hesab edir ki, Rusiyanın Zəngəzur dəhlizinin açılması ilə bağlı addımları regiondakı vəziyyəti kökündən dəyişə bilər. İranın yeni xarici işlər naziri Abbas Araqçi bu günlərdə öz “X” sosial şəbəkə hesabında yazın ki, “qonşularımızın ərazi bütövlüyünə hər hansı təhdid və ya sərhədlərin yenidən cızılması istər şimalda, istər cənubda, istər şərqdə, istərsə də qərbdə tamamilə qəbuledilməz və İran üçün qırmızı xəttdir”. İranın Ermənistandakı səfiri Mehdi Sübhaninin də bəyanatı nazirin sözlərinin demək olar ki, təkrarıdır. Sübhani bildirir ki, “bəzilərinin Ermənistan və qondarma dəhlizlə bağlı müxtəlif adlar altında bəslədiyi arzu və istəklər reallaşmayacaq. Qonşularımızın ərazi bütövlüyü bizim qırmızı xəttimizdir”. Məlumdur ki, İran əvvəlki hakimiyyətin də vaxtında Zəngəzur dəhlizinə qarşı mövqe ortaya qoyurdu. İranda yeni Prezident seçilərn Məsud Pezeşkianın hakimiyyətə gəlişindən sonra bəzi ekspertlər hesab edirdilər ki, rəsmi Tehran dəhlizlə bağlı mövqeyində dəyişiklik edə bilər. Amma verilən son bəyanatlardan görünür ki, İran Zəngəzur dəhlizinin açılmasına qarşıdır. Bu bəyanatlar isə son vaxtlar Rusiya tərəfindən dəhlizin reallaşması ilə bağlı verilən nikbin bəyanatlar fonunda səslənir. Bundan görünən odur ki, müttəfiqlik əlaqələrinə malik Tehranla Moskva arasında Zəngəzur dəhlizi barədə mövqelər üst-üstə düşmür. Tehranın dəhlizlə bağlı bu mövqeyinin səbəblərini AYNA-ya müsahibəsində şərh edən politoloq Şahin Cəfərli bildirib ki, köklü dövlətlərin siyasəti dəyişmir: - İranın Zəngəzur dəhlizi ilə bağlı bu mövqeyi əslində yeni deyil. Düzdür, İrandakı sonuncu prezident seçkilərindən, əslən Az ərbaycan türkü olan Pezeşkianın İran Prezidenti olandan sonra nədənsə Azərbaycan ictimaiyyətində belə fikirlər yayıldı ki, Tehranın siyasətində dəyişiklik ola bilər. Çoxları deyirdi ki, İranın başına “bizim adamımız” gəlib. Amma bunlar sadəlövh fikirlərdir. İranı az-çox tanıyan istənilən şəxsə bəllidir ki, bu ölkədə prezidentin dəyişməsi ilə dövlət siyasəti dəyişmir. Ümumiyyətlə, bütün ciddi dövlətlərdə bir nəfər hakimiyyətə gəlib dövlət siyasətində radikal dəyişiklik edə bilməz. İran dövlət sisteminin bir özəlliyi də ondan ibarətdir ki, prezident orada həlledici şəxs deyil. İran Prezidentindən də üstün bir fiqur var ki, bu, Ali Dini Liderdir. Bu fiqur isə hazırda Seyid Əli Xameneidir. Onu da unutmayaq ki, İranda dövlət hakimiyyəti məhz Ali Dini Liderə məxsusdur. Prezident Ali Dini Liderin iradəsi xaricində hansısa addım ata bilməz. Dövlətin xarici siyasəti və təhlükəsizlik siyasətinin istiqamətini müəyyən edən Ali Dini Liderdir. Bu baxımdan, Pezeşkian yox, kim olur-olsun, siyasət dəyişməyəcək. Ali Dini Liderin isə Zəngəzur dəhlizi ilə bağlı mövqeyi Pezeşkianın hakimiyyətindən əvvəl də aydın idi. İran belə bir dəhlizin olmasını regional maraqları baxımından ciddi təhdid kimi qiymətləndirir. - Bu qiymətləndirməyə səbəb nədir? - Bu barədə saatlarla danışmaq olar. Qısaca demək olar ki, İran dəhlizin onun Avropaya çıxışını bağlayacağını düşünür. Yeri gəlmişkən, dəhlizlə yol statusunu nəzərə almaq lazımdır. Biri var, yol olsun, bunda problem yoxdur. Məsələn, Ermənistan bəyan edir ki, Azərbaycana Naxçıvana gediş-gəlişi təmin edən yolu verməyə hazırdır. Ermənistan bu kommunikasiyanın dəhliz statusuna qarşıdır. Dəhliz statusu odur ki, bu ərazi Ermənistanın suverenliyi altından çıxır. İran da yolun dəhliz statusuna qarşıdır. Rəsmi Tehran iddia edir ki, Zəngəzur dəhlizi yaradılarsa, həmin dəhliz Rusiyanın, Türkiyənin, yaxud Azərbaycanın nəzarətində olarsa, bu, Ermənistanı İrandan təcrid edir. Bu isə o deməkdir ki, həmin dəhliz İranı həm də Gürcüstandan, Qara dənizdən və Avropaya çıxışdan təcrid edir. - İranın bu iddiası nə dərəcədə doğrudur? Axı İran Avropaya Türkiyə vasitəsilə də çıxa bilər... - Təbii ki, İran bu məsələni bir qədər şişirdir. Çünki dediyiniz kimi, Türkiyə üzərindən də Avropaya çıxmaq mümkündür. Yəni İranın Avropaya yeganə çıxışı Ermənistan-Gürcüstan-Qara dəniz marşrutu deyil. Amma aydındır ki, Tehranda Türkiyəyə etibar yoxdur. İran-Türkiyə münasibətləri zahirən yaxşı görünsə də, əslində bu dövlətlər regionda rəqibdirlər. Bu, indinin məsələsi deyil, tarixən bu rəqabət olub, davam edir. İran-Turan davası keçmişdən bəri mövcuddur. Bu baxımdan, İranın Türkiyəyə, Türkiyənin də İrana etimadı və güvəni yoxdur. Həm də İran Avropaya tək çıxışın Türkiyə vasitəsilə olmasına qarşıdır. Hesab edirəm ki, İranın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi dəyişməyəcək. Bu siyasətin dəyişəcəyini gözləmək sadəlövhlük olardı. - Tehranın yenidən dəhlizlə bağlı sərt bəyanatları Rusiyanın hərəkətliliyi ilə nə qədər bağlıdır? - Son günlər Tehrandan verilən bəyanatlar məhz Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı verilən açıqlamalara bir növ, cavabdır. Bir neçə gün əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan etdi ki, bölgədə nəqliyyat-kommunikasiyalar mütləq açılmalıdır, amma buna əsas əngəl Ermənistanın mövqeyidir. Düzdür, Moskvadan verilən bəyanatlarda “dəhliz” ifadəsi işlədilmir, amma aydındır ki, Rusiyanın mövqeyi Zəngəzur dəhlizinin yaradılmasından yanadır. Rusiya istəyir ki, dəhliz yaradılsın və Rusiya Sərhəd Qoşunlarının nəzarətində fəaliyyət göstərsin. Buna da Ermənistanla yanaşı, İran da qarşı çıxır. Baxmayaraq ki, İranla Rusiya arasında münasibətlər normaldır. Hətta iki ölkənin strateji tərəfdaşlıq münasibətləri var. Münasibətlərin kifayət qədər yaxşı olmasına baxmayaraq, Zəngəzur dəhlizi məsələsində Tehranla Moskvanın maraqları toqquşur. Görünən odur ki, İran bu mövqeyindən geri çəkilmək niyyətində deyil. Moskvaya da mesaj verilir ki, münasibətlər normal olsa da, Zəngəzur dəhlizi məsələsində Rusiya ilə həmrəy deyil. Maraqlıdır ki, İranın bu mövqeyi Qərbin mövqeyinə yaxındır. Hətta çox nadir mövzudur ki, burada İranla Qərbin mövqeləri üst-üstə düşür. Qərb də Zəngəzur dəhlizinin əleyhinədir. Qərb Ermənistan dövlətinin nəzarətindən kənar, Rusiyanın nəzarət etdiyi dəhlizə qəti qarşıdır. Baxın, Ermənistanda Avropa İttifaqının missiyası var və missiyanın müddəti uzadıldı. İlk baxışdan belə hesab etmək olardı ki, İran bu missiyaya qarşı çıxsın. İran sərhədlərində Qərb təmsilçilərinin fəaliyyət göstərir ki, məntiqlə Tehran buna etiraz etməli idi. Zəmanət də yoxdur ki, Ermənistandakı missiya gələcəkdə silahlı müşahidəçi olmayacaq. Amma Tehran buna çox da etiraz etmir. Çünki burada maraqlar üst-üstə düşür. - Türkiyənin Zəngəzur dəhlizi ilə bağlı mövqeyi bəllidir. Amma Ankaradan sərt bəyanatları müşahidə etmirik. Niyə Türkiyə ortaya “Zəngəzur dəhlizi açılacaq” kimi qəti mövqe qoymur? - Bəli, Türkiyə Zəngəzur dəhlizi ilə bağlı ortaya aydın mövqe qoymur. Düzdür, Türkiyənin rəsmi ritorikasında “Zəngəzur dəhlizi” ifadəsi var, amma tam anlaşılmır ki, Ankara Rusiyanın dediyi dəhlizi nəzərdə tutur, yoxsa bunu yol kimimi təsəvvür edir? Türkiyə indiyədək açıqlamayıb ki, “Ankara Ermənistanın nəzarətində olmayan dəhlizin yaradılmasının tərəfdarıyıq”. Ankaradan rəsmi şəklildə belə bəyanat səslənməyib. Ümumiyyətlə, Türkiyədə məsələni qarışdırırlar. Zəngəzur dəhlizi dedikdə Türkiyədə çoxu beynində yol açılmasını canlandırır. İndiyədək rast gəlməmişəm ki, Türkiyə rəsmiləri və təhlilçiləri bildirsinlər ki, mütləq Zəngəzur dəhlizi açılmalıdır və bu yol Ermənistanın nəzarətində olmamalıdır. Ola bilsin ki, qeyri-rəsmi şəkildə hansısa siyasətçi bunu deyib, amma rəsmi səviyyədə bu fikrə rast gəlinmir. Ümumilikdə, son vaxtlar görürük ki, Türkiyə bölgədə problemlərin sülh yolu ilə həllinin tərəfdarıdır. İstər Ermənistanla Azərbaycan arasındakı mübahisəli məsələlər olsun, istərsə də kommunikasiyaların açılması olsun, Ankara bunun dinc yolla həllinin tərəfdarı olduğunu nümayiş etdirir. O da məlumdur ki, Ankara ilə İrəvan arasında münasibətlərin normallaşması istiqamətində danışıqlar davam edir. İyul ayında iki ölkə təmsilçilərinin növbəti görüşü keçirildi. O görüşün yekunları ilə bağlı yayılan açıqlamada o vurğulanır ki, Türkiyə ilə Ermənistan normallaşma prosesinin qeyd-şərt olmadan aparılması barədə əvvəlki razılaşmalarını təsdiqlədilər. Demək istədiyim odur ki, Türkiyənin Zəngəzur dəhlizinin açılması ilə bağlı radikal bəyanatlar verməməsinin arxasında da bu proses dayana bilər. Görünən odur ki, Türkiyə güc yolu ilə Zəngəzur dəhlizinin açılmasının tərəfdarı deyil. Geri qayıt |