Əsas Səhifə > Güney Press > Müsavat Partiyasında iclas:

Müsavat Partiyasında iclas:


9-09-2024, 13:18
Müsavat Partiyasında iclas:
Hüquq müdafiəçisi Novella Cəfəroğlunun 1 sentyabrda keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı verdiyi bəyanat üzvü olduğu Müsavat Partiyası tərəfindən etirazla qarşılanıb.

“Cebheinfo.az” xəbər verir ki, Novella Cəfəroğlu seçkilərin şəffaf keçirildiyi ilə bağlı bəyanat verib. Müsavat Partiyasının üzvləri isə seçkilərlə bağlı Novella Cəfəroğlunun mövqeyini bölüşmədiyini bildirib. Müsavat Partiyasının üzvləri sosial şəbəkə hesablarında Novella Cəfəroğlunu istefa verməyə çağırıb.

“Hörmətli Novella xanım, sizin mövqeyiniz Müsavat Partiyasına xələl gətirir, istefa verin”- paylaşımların ümumi məğzi bundan ibarətdir. Novella Cəfəroğlu isə bu paylaşıma belə münasibət bildirib:

“Müsavat Partiyasının Məclisini toplayıb bu məsələni müzakirəyə çıxarın. Mən də çox məsələlərə aydınlıq gətirə bilərəm. Son sözümü deyib çıxıb gedərəm. Müsavat Partiyası mənim qəlbimdədir, həmişə elə qalacaq. Sizlər Müsavat Partiyasına nə baş ucalığı gətirmisiz, onları da araşdıraq. Mən bəyanatda 63 dairədə olan müşahidəçilərin yazdığı və bizə verdiyi məlumatlara istinad edərək seçkinin şəffaf olduğunu bəyan etmişəm”.

Mövzu ilə bağlı Müsavat Partiyasının başqan müavini Razim Əmiraslanlı “Cebheinfo.az”-a deyib ki, bu məsələ mütləq müzakirə olunacaq:

“Novella xanımın mövqeyi partiyanın mövqeyi ilə daban-dabana ziddir. Bu, Novella xanım Müsavat Partiyasının üzvü olduğu üçün mütləq müzakirə olunacaq. Hazırda partiyada iclas gedir və bu məsələ də müzakirə olunacaq”.

Qeyd edək ki, Müsavat Partiyası da 1 sentyabr növbədənkənar parlament seçkilərində iştirak edib və heç bir namizədi uğurlu nəticə əldə edə bilməyib.

Geri qayıt