Əsas Səhifə > Güney Press > Yollara çəkilmiş xüsusi zolaqlar...

Yollara çəkilmiş xüsusi zolaqlar...


9-09-2024, 14:00
Yollara çəkilmiş xüsusi zolaqlar...
"Xüsusi zolaqlar artıq əks effektlərə səbəb olub. Avtobus və velosiped zolaqları ilə bağlı vətəndaşların narahatlığına səbəb olan problemlər araşdırılaraq aradan qaldırılmalıdır".
Bunu Sputnik Azərbaycan-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib.

Qeyd edək ki, Bakı şəhərində xüsusi zolaqların çəkilməsi taksi və digər minik avtomobilləri ilə mənzil başına çatmağa problem yaradıb. Paytaxt sakinləri zolaqlar çəkiləndən cərimələnməmək üçün yolun hərəkət hissəsində taksidən və digər avtomobillərdən düşməli olduqlarından şikayətlənirlər. Sakinlər hətta bəzi yerlərdə bu zolaqların tibb müəssisələrinin qarşısında da sərnişinlərin minib-düşməsinə problem yaratdığından gileylənirlər. Bakı sakini Elvin Əhmədov Sputnik Azərbaycan-a bildirib ki, Bakı Sağlamlıq Mərkəzinin qarşısından xüsusi zolaq çəkildiyindən, xəstəni xeyli kənarda düşürməli olub. Mətbuat prospekti boyunca avtobus və velosiped zolağı çəkildikdən sonra sürücülər avtomobillərini yolun hərəkət hissəsində saxlayaraq sərnişin düşürdüklərindən şikayətlənirlər.
Elməddin Muradlı isə bildirir ki, aidiyyatı qurumlarvətəndaşlardan daxil olan şikayətlər ciddi araşdırılmalıdır.
"Avtobus zolaqları kosmosa açılan yol deyil ki, dəyişiklik edilməsi mümkün olmasın. Zolaqların maneə yaratdığı yerlərlə bağlı şikayətlər diqqətə alınıb araşdırılmalı, aradan qaldırılmalıdır", - deyə Elməddin Muradlı bildirib.

AYNA-dan isə Sputnik Azərbaycan-a bildirilib ki, yeni avtobus zolaqları şəbəkəsi şəhərdaxili və şəhərətrafı marşrutlar üzrə sərnişin daşımalarında əsaslı keyfiyyət dəyişikliklərinə nail olmaq məqsədilə hazırlanan yeni marşrut şəbəkəsi ilə birlikdə tətbiq edilir.
Qurumdan bildirilib ki, Bakı şəhərində yeni avtobus zolaqları şəbəkəsinin tətbiqi çərçivəsində hazırda paytaxtın 26 küçə və prospektində uzunluğu 77 km-dən çox xüsusi hərəkət zolağı təşkil edilib.
Müxtəlif ərazilərdə təşkil edilmiş bu zolaqlarla gün ərzində 67 232 dəfə avtobus hərəkət edir, 898 550 ictimai nəqliyyat istifadəçisinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaranıb.
Bu gün avtobuslarla 1 215 681 sərnişinin daşınması həyata keçirilir. Ötən illə müqayisədə marşrut xətləri üzrə avtobusla sərnişindaşımada 7% artım müşahidə edilir.
"Avtobus zolaqlarının davamlılığının təmin edilməsi, həmçinin yaşayış məntəqələri və mühüm nəqliyyat dəhlizlərini əhatə edən zəncirvari şəbəkənin qurulması məqsədilə bu işlər digər küçə və prospektlərdə də həyata keçiriləcək. Növbəti mərhələdə daha 106 km avtobus zolaqları şəbəkəsinin təşkili nəzərdə tutulub", - deyə qurumdan bildirilib.

Qeyd edək ki, bu ilin iyul ayında Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqləyib. Məcəlləyə əlavə edilən 327.1-2-ci maddəsinə əsasən, velosiped yollarında velosiped və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin hərəkət etməsinə görə 100 manat məbləğində cərimə ediləcək. Həmçinin bu inzibati xəta 100 manat məbləğində cərimə ilə yanaşı 2 balla da cəzalandırılır.
Qeyd edək ki, avtobuslar üçün nəzərdə tutulan hərəkət zolağından və velosiped yolundan digər nəqliyyat vasitələrinin qanunsuz istifadə etməsi ilə əlaqədar sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ 6 ay müddətinə məhdudlaşdırılır.

Geri qayıt