Əsas Səhifə > Güney Press > Avropa Komissiyası Azərbaycanı Ümumavropa qaz təchizatçısı və etibarlı tərəfdaşı adlandırır

Avropa Komissiyası Azərbaycanı Ümumavropa qaz təchizatçısı və etibarlı tərəfdaşı adlandırır


9-09-2024, 08:08
Avropa Komissiyası Azərbaycanı Ümumavropa qaz təchizatçısı və etibarlı tərəfdaşı adlandırır
Sentyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın dəvəti ilə Romaya
işgüzar səfərə gəlib. Üç günlük səfər öz məhsuldarlığı ilə seçilib. Səfər
çərçivəsində Prezident İlham Əliyevin İtaliya Respublikasının Prezidenti
Sercio Mattarella, İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia
Meloni, İtaliyanın “Eni S.P.A” şirkətinin baş icraçı direktoru Klaudio
Deskalzi, İtaliyanın “Ansaldo Energia” şirkətinin baş icraçı direktoru Fabrizio
Fabbri ilə görüşləri keçirilib, paytaxt Roma şəhərində iki ölkə başçılarının
iştirakı ilə Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin mübadiləsi
mərasimi olub.
Sentyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
“Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş
Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın
rolu” adlı sessiyada iştirak edərək geniş çıxış edib.
Hazırda Bakı–Roma əlaqələri yüksək dinamizmə, oturuşmuş dönməz
struktura malikdir. Azərbaycan–İtaliya dövlətlərarası təmasındakı müsbət
mənzərəni xarakterizə edən amillər çoxdur. Ən başlıca amil Azərbaycanın
dünya siyasətində yeri və rolu ilə bağlıdır. Qətiyyətlə demək olar ki, ölkə-
mizin uğurlu enerji siyasəti, ümumən beynəlxalq siyasətdəki prinsipiallığa
söykənmiş rasionallıq və balanslılığı ölkəmizin qlobal aktora çevrilməsində
mühüm halqadır.
Azərbaycan–İtaliya əməkdaşlığı bu halqanın Avropa seqmentinin
aktivliyi baxımından nümunədir. Hesab edirik ki, məhz bu nümunəvilik hər
iki ölkə üçün son dərəcə müstəsna dəyərdir. Sevindirici haldır ki, Prezident
İlham Əliyevin İtaliyaya sayca üçüncü olan səfəri həmin dəyərin həm vur-
ğulanması, onun yeni və daha dolğun səhnələrinin yaşanması ilə əlamətdar
oldu.
Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfəri mühüm önəm daşıyır.
Azərbaycan Prezidenti İlham Əliyevin İtaliya Nazirlər Şurasının sədri Ci-
orcia Meloni ilə görüşündə də bu səfərin əhəmiyyəti yüksək dəyərləndirilib,
iki ölkə arasında əlaqələrin gündən-günə inkişafının, qarşılıqlı etimad və
dəstəyə əsaslanan strateji tərəfdaşlığın möhkəmlənməsinin xüsusi
məmnunluq doğurduğu diqqətə çatdırılıb. Dövlətimizin başçısının İtaliyaya
bu səfərinin çox səmərəli olduğu qeyd edilərək, Prezident İlham Əliyevlə
İtaliya–Azərbaycan ikitərəfli münasibətlərinin gündəliyində olan məsələlərə
dair ətraflı müzakirələr aparıldığı vurğulanıb, iki ölkə arasında yeni
əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirildiyi bildirilib. Eyni zamanda,
ölkələrimiz arasında ikitərəfli iqtisadi-ticari əlaqələrin, xüsusilə sənaye,
energetika sahələrində əməkdaşlığın genişləndirilməsi, humanitar, mədəni
istiqamətlərdə əlaqələrin inkişafı barədə ətraflı fikir mübadiləsi aparılıb. Hu-
manitar-mədəni əlaqələrin inkişafında ADA Universiteti ilə İtaliya
universitetləri arasında İtaliya-Azərbaycan Universiteti layihəsinin önəmi
xüsusi qeyd olunub.
Bu gün Azərbaycanın İtaliya ilə əməkdaşlığı qarşılıqlı etimad və
maraqlar əsasında inkişaf edir. Bu, bir-birindən uzaqda, fərqli qitələrdə
yerləşən ölkələr arasında münasibətlərin necə qurulmalı olduğunun
nümunəsi kimi diqqət çəkir. Belə bir əməkdaşlığın təməlində isə təbii ki,
Azərbaycanın dünya siyasətində tutduğu mövqe, eləcə də ölkəmizin qlobal
siyasətdə aktora çevrilməsi amili həlledici rol oynayır.
Azərbaycan rəhbərinin dost ölkədə keçirdiyi görüş və müzakirələrdə
təkcə ikitərəfli münasibətlər deyil, Avropa məkanı ilə də münasibətlərin yeni
mərhələdə davamı əksini tapdı. Dövlətimizin başçısı Beynəlxalq Çernobbio
Forumundakı çıxışında dİtaliya ilə münasibətlərin ümumavropa önəmi
daşıdığını vurğuladı: “Uzun illər ərzində Azərbaycan və İtaliya strateji
tərəfdaşlar kimi fəaliyyət göstərirlər. Müvafiq bəyannamə, təqribən, 10 il
əvvəl qəbul edilib. Bizim əməkdaşlığımız bir çox sahəni əhatə edir. Bizim
müntəzəm siyasi təmaslarımız var. Bu, 2020-ci ildən bəri mənim İtaliyaya
3-cü səfərimdir. Prezident Matarella 2018-ci ildə Azərbaycana səfər
etmişdir. Yüksək səviyyəli siyasi təmaslarımız bizim yaxın siyasi tərəfdaş
olduğumuzu nümayiş etdirir”.
Dövlətimizin başçısının İtaliyaya işgüzar səfəri çərçivəsində keçirdiyi
görüşlərdə enerji sahəsində ikitərəfli əməkdaşlığın getdikcə
möhkəmlənməsi xüsusi məmnunluqla ifadə edilib. Bu xüsusda TAP
layihəsinin əhəmiyyətinə, onun hazırda İtaliyanın və Avropa ölkələrinin
enerji təhlükəsizliyində roluna toxunulub, TAP-ın ötürücülük qabiliyyətinin
artırılması barədə fikir mübadiləsi aparılıb. Dost ölkənin “Eni S.P.A” şirkəti
ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında yeni əməkdaşlıq sahələrinin
müəyyənləşdirilməsi yüksək dəyərləndirilib və bu qurumların üçüncü
ölkələrdə birgə layihələrdə iştirakı məsələsi barədə fikirlər səsləndirilib.
İtaliya Azərbaycandan xam neft və neft məhsullarının ixracında ən iri
ticarət tərəfdaşına çevrilib. Cənub Qaz Dəhlizi (CQD) və onun tərkib hissəsi
olan Trans-Adriatik qaz boru kəməri ikitərəfli enerji əməkdaşlığını və
İtaliyanın enerji təhlükəsizliyini möhkəmləndirən vacib amil kimi dost ölkə
tərəfindən yüksək qiymətləndirilib.
Dövlətimizin başçısı İtaliyaya işgüzar səfəri çərçivəsində Beynəlxalq
Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı
sessiyadakı çıxışında CQD-nin fəaliyyətini yüksək qiymətləndirərək bu qaz
dəhlizinin hazırda 10 ölkənin enerji təhlükəsizliyini gerçəkləşdirdiyini bildirib.
Ölkəmizin rəhbəri daha sonra Azərbaycandan İtaliyaya uzanan 3500 kilo-
metrlik CQD-nin bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin etdiyini
vurğulayaraq deyib: “Bu gün 10 ölkə Azərbaycandan qaz alır və bu
ölkələrin 7-si Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası
Azərbaycanı Ümumavropa qaz təchizatçısı və etibarlı tərəfdaşı adlandırır”.
Qeyd edək ki, CQD Gürcüstan, Türkiyə, Yunanıstan və Albaniyadan
keçərək Azərbaycan qazını İtaliyanın Brindisi sənaye limanındakı son
təyinat nöqtəsinə çatdırır. CQD-nin son hissəsi – TAP Azərbaycandan ilk
dəfə olaraq təbii qazı İtaliyaya daşıyır.
Hazırda elektrik enerjisi sahəsində də İtaliya şirkətləri əsas
tərəfdaşlarımızdır. Məsələn, məşhur “Ansaldo” şirkəti hazırda Mingəçevirdə
tikilən 1300 meqavata yaxın gücü olan elektrik stansiyası üçün turbinlərin
təchizatçısıdır. İtaliyanın digər şirkətləri, məsələn, “Maire Tecnimont” böyük
sənaye sahəsinin podratçısı idi. Həmçinin Azərbaycanın neft emalı
zavodunun təmirində ölkəmizə kömək edir. Beləliklə, bu, həqiqətən çox
möhkəm və ildən-ilə böyüyən çoxşaxəli təməldir.
Prezident İlham Əliyev tərəfindən ardıcıl həyata keçirilən demokratik
proseslər və sosial-iqtisadi islahatlarla yanaşı, uğurlu xarici siyasət
dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların diqqətini
respublikamıza yönəldib. Şübhəsiz ki, bütün bunlar beynəlxalq hüquq
normalarına uyğun qarşılıqlı faydalı əməkdaşlığın daha da güclənməsinə,
ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlərin sayının artmasına,
Azərbaycanla Avropa İttifaqı arasında enerji məsələləri üzrə strateji
tərəfdaşlığa dair anlaşma memorandumunun imzalanmasına öz müsbət
təsirini göstərib.
Hazırda Azərbaycan regionun yeganə ölkəsidir ki, mürəkkəb geosiyasi
şəraitdə müstəqil uğurlu xarici siyasət yürüdərək milli maraqlara söykənən
prinsiplərlə regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və
sistemli addımlar atır. Bunun nəticəsidir ki, dövlətimizin gerçəkləşdirdiyi
enerji layihələri, regional inteqrasiyanı sürətləndirən əməkdaşlıq formatları
Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Dia-az.İnfo

Geri qayıt