Əsas Səhifə > Güney Press > "Qarşı tərəfə deyil, özünə fokuslanmalıdır"

"Qarşı tərəfə deyil, özünə fokuslanmalıdır"


7-09-2024, 13:21
"Qarşı tərəfə deyil, özünə fokuslanmalıdır"
"Xəyanətin kökündə duran səbəblər müxtəlif olur".

Bunu sosial psixoloq, ailə məsləhətçisi İlhamə Mustafayeva “Cebheinfo.az”-a açıqlamasında deyib.

O qeyd edib ki, insanlar fərqli səbəblərə görə xəyanət edirlər:

"Xəyanətə uğrayan insanlar ilk növbədə nəyə görə bunu yaşadıqları barədə düşünürlər. Elə insanlar var ki, xəyanətə uğradığını biləndə qarşı tərəfə hücum edir, hətta cinayətə əl atır. Bəziləri isə buna dözməyərək intihar edirlər. Lakin bunların heç birini etmək olmaz".

Onun sözlərinə görə, xəyanətin şüuraltı səbəblərə baxmaq lazımdır:

"Təəssüflər olsun ki, artıq hər iki cinsin nümayəndələri həyat yoldaşlarına xəyanət edirlər. Düzdür, statistika etibarı ilə bizdə həyat yoldaşına xəyanət edən xanımlar digər ölkələrlə müqayisədə daha azdır. Lakin buna rəğmən, ölkəmizdə də xanımların xəyanətini görürük.

Məsələn, elə xanımlar və ya bəylər var ki, böyüdükləri ailələrdə ata-anaya və yaxud da ana-ataya xəyanət edib. Bu isə onların şüuraltına həkk olunur və gələcəkdə özləri də buna məruz qala bilirlər. Yəni atası həmişə anasına xəyanət edən bir xanım ömrü boyu kişilərə inanmır. O, bütün kişilərin xəyanət etdiyini düşünür. Çünki şüuraltı olaraq buna kodlanıb. Bəlkə də elə buna görə o da xəyanətə uğrayır".

O bildirib ki, bəzi insanlar isə özlərini həddindən artıq ideallaşdırırlar:

"Xanım və ya bəy fərq etmədən heç vaxt xəyanətə uğramayacaqlarını düşünürlər. Əslində, özünü müqəddəsləşdirmək və ya həddindən artıq ideallaşdırmaq olmaz. Çünki belə etdikdə axır-əvvəl o da xəyanət uğrayır. Bu zaman isə onun həyatı məhv olur, özünəinamı bitir".

Psixoloq xəyanətə uğrayan insanların nə etməli olduğundan da danışıb:

"Xəyanətə uğrayan insan ilk növbədə psixoterapiyaya getməlidir. İstər xanım, istərsə də bəy xəyanətə uğradıqdan sonra özünü çox pis hiss edir və depressiyaya düşür. Çünki xəyanət insanın özgüvəninə vurulan ağrı zərbədir. Nəticədə, hər insan dəyərli olduğunu hiss etmək istəyir. Xəyanət isə onun özünə olan inamını darmadağın edir.

Depressiyaya düşən bəzi şəxslər aqressivləşir və qarşı tərəfdən qisas almağa çalışacaqlar. Məsələn, xəyanətə uğrayan bəzi xanımlar həyat yoldaşından qisas almaq məqsədilə o da xəyanət edir. Bəy isə xəyanətə uğradığını biləndə namus məsələsinə görə xanımını öldürür. Bütün bunlar yolverilməzdir. Ona görə də xəyanətə uğradıqdan sonra psixoloji dəstək almaq lazımdır".

İlhamə Mustafayeva diqqətə çatdırıb ki, heç kim xəyanətdən sığortalanmayıb:

"Əgər kimsə xəyanət edirsə, bu, sizin zəif və ya dəyərsiz olduğunuz demək deyil. Hər kəs xəyanət uğraya bilər. Heç kim bundan sığortalanmayıb.
Xəyanətə uğradıqdan sonra səbrli, təmkinli və ağılı davranmaq lazımdır. İnsan özünə olan inamını və dəyərini geri qaytarmalıdır. Qarşı tərəfə deyil, özünə fokuslanmalıdır.

Xəyanətə rəğmən, özümüzə hörmət etməliyik. Dəyərimizi bilərək, özümüzü inkişaf etdirməliyik. Xəyanətin pis təsirlərindən qorunmaq üçün insan özünə köklənməli və boş vaxtlarını doldurmağa çalışmalıdır. Bunları etdikdə tez bir zamanda toparlanmaq mümkün olacaq".

Geri qayıt