Əsas Səhifə > Güney Press > Başqalarının savaşında nə işimiz var?!
Başqalarının savaşında nə işimiz var?!7-09-2024, 10:36 |
Rusların deyimi var: "Heç vaxt demə: "Heç vaxt!" Amma bu dəfə Azərbaycan rusların xeyirinə dedi: "Heç vaxt!" Prezident İlham Əliyev İtaliyada Çernobbio Beynəlxalq Forumunda belə dedi: "Biz heç vaxt Rusiya əleyhinə sanksiya kampaniyasının bir hissəsi olmayacağıq". Tamamilə doğru yanaşma, doğru seçim, doğru qərardır. Azərbaycan prezidentinin "sanksiya kampaniyası" söz birləşməsini işlətməsi səbəbsiz deyil. Çünki bu və ya başqa ölkəyə qarşı indiyədək tətbiq olunmuş sanksiyalar kampaniya səciyyəli olub. ABŞ, məsələn, Donald Trampın prezidentliyi dövründə Qətər dövlətini terroru dəstəkləməkdə ittiham etdi. Bu dövlətə sanksiyalar qoydu. Sonra Qətər ABŞ-dan nəhəng məbləğə hərbi təyyarələr alandan sonra sanksiyaları götürdü. İndi həmin amerikalılar həmin Qətərlə, eləcə də, Misirlə birlikdə Qəzza krizisini "həll edir". Yaxud bir yandan Çinə və İrana qarşı sanksiyalar tətbiq edənlər, o biri tərəfdən, Pekinlə anlaşmağa varmaq üçün növbəyə düzülüb. İndi Rusiya əleyhinə sanksiyalar var. Avropa İttifaqı özü Rusiyaya sanksiya qoyduğu halda, Rusiyadan qaz almaqda davam edir. Azərbaycana ünvanlı səslər eşidilir: sanksiyaya qoşul. Qərbin durmadan silahlandırdığı Ermənistan Rusiyanın sanksiyalardan yayınmasına kömək edir. Guya Vaşinqtonda və ya Brüsseldə bunu görmürlər ki?! Elə Ermənistanla Rusiya arasında ticarət dövriyyəsinə baxsınlar. Azərbaycan 2022-ci ildə Avropa İttifaqı ilə yeni qaz sazişi imzalayıb. Qaz satışını artırmaqla bağlı Bakı və Brüssel razılığa gəliblər. Vaşinqton da Avropanın fnerji təhlükəsizliyi sahəsində Azərbaycanın rolunu yüksək qiymətləndirir. Avropa İttifaqı da öz növbəsində Azərbaycanı vacib əenerji tərəfdaşı sayır. Amma çox qəribədir ki, Amerika, Avropa fondlarından - Aİ-nin özündə maddi və siyasi anlamda qidalanan bəzi əcnəbi və yerli "eksprert"lər Azərbaycanı Rusiya əleyhinə sanksiyalara qoşulmağa çağırır. Azərbaycan niyə kiminsə öz maraqlarını təmin etməsinə hesablanmış sanksiya kampaniyasına qoşulmalıdır?! Qoşulmur, düz də edir. Qoşulanları gördük! Azərbaycan bundan əvvəl İrana, Çinə, Qətərə və başqalarına qarşı sanksiyalara necə qoşulmamışdısa, indi də Rusiyaya qarşı olanlara qoşulmur. Həmin Rusiya, həmin Çin Amerika, Avropa şirkətlərinə və dövlət ərkanına sanksiya tətbiq edir, Bakı qoşulur?! Yox! Onda niyə başqa dövlətlərinkinə qoşulsun?! Heç birinə qoşulmaq lazım deyil. Bir də axı elə Qərb siyasətçiləri - Aİ rəhbərliyi özü Azərbaycanı vacib qaz təchizatçısı sayır. Fərz edək, Azərbaycan Rusiya əleyhinə sanksiyalara qoşuldu, Rusiya da qayıdıb Azərbaycana assimmetrik cavab verməzmi?! Yəni qarşılıqlı sanksiya qoymazmı?! Qoyar, əlbəttə. Onda Aİ Azərbaycanın simasında vacib enerji tərəfdaşını itirəcək, yoxsa itirməyəcək?! Əlbəttə, itirəcək. Onda bu, nə diletant söhbətdir?! Nə spekulyasiyalardır belə?! Bəzi adamları "siyasi" nifrət hissi idarə edir. Ona görə də adekvat olmayan fikirlər, təkliflər səsləndirirlər. Roma Papasından daha artıq katolik olmağa çalışırlar. Fərz edək ki, Azərbaycan Rusiyaya qarşı sanksiyalara qoşuldu. Yaxşı, bəs Rusiyada yaşayan, işləyən milyonlarla Azərbaycanlı necə olsun?! Rusiyadakı yaxınlarının göndərdiyi pullarla yaşayan ən azı yüzminlərlə Azərbaycan ailələri neynəsin?! Rusiyanı sevmək, ya sevməmək məsələsi deyil bu. Azərbaycanı sevmək-sevməmək, Azərbaycanı düşünüb-düşünməmək məsələsidir. Rusiya ilə Ukrayna xalqları qardaşdır. Bu gün savaşırlar, sabah barışarlar. Bu, bizim müharibəmiz deyil. Başqalarının müharibəsinə qoşulmuruq. Onlardan hansısa biri bizim müharibəmizdə yanımızda dayandı?! Xeyr! İndi xeyir olsun, biz savaşanlardan birinin yanında niyə durmalıyıq?! Hə, barışmaq istəyərlərsə, ehtiyac duyularsa, Azərbaycan vasitəçilik edə bilər. Bunu da Azərbaycan dövlətinin başçısı bir daha ən yüksək səviyyədə bəyan etdi. "Biz hazırıq" dedi. Daha nə desin?! Seyid Əhmədli, Bizimyol.info Geri qayıt |