Əsas Səhifə > Güney Press > Bank əmanətlərində KƏSKİN AZALMA

Bank əmanətlərində KƏSKİN AZALMA


31-08-2024, 12:15
Bank əmanətlərində KƏSKİN AZALMA
Mərkəzi Bankın məlumatına görə, əhalinin əmanətləri 2024-cü ilin iyun ayı ilə müqayisədə iyulda 217 milyon 400 min manat az olub.

Ümumilikdə isə bir ay ərzində kredit təşkilatlarında yerləşdirilmiş depozit və əmanətlər 1 milyard 263,3 milyon manat azalıb. Mərkəzi Bank isə bəyan edib ki, əmanətlərin azalması "Naxçıvanbank"ın lisenziyasının ləğv olunması ilə bağlıdır. Rəsmi məlumata görə, bu bankda hələ 2023-cü ilin sonunda cəmi 63 milyon 418 min manat depozit olub. Lakin kredit təşkilatlarındakı sözügedən azalma bundan dəfələrlə çoxdur.

Bəs, əmanətlərin azalmasının əsas səbəbi nədir?

İqtisadçı ekspert Fuad İbrahimov məsələ ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşüb. O bildirib ki, bu məsələyə kompleks yanaşma olmalıdır:

“Bununla belə əminliklə demək olar ki, pulu saxlamaq üçün ən etibarlı yer hələki banklardır. Üstəlik, bank əmanətləri sığortalayır, ona əlavə faiz ödəyir. O ki, qaldı bankların etibarsızlığına, onu deyə bilərəm ki, kartlardan pullar kart sahiblərinin biləvasitə iştirakı ilə çəkilir. Vətəndaş özünə məxsus hər hansı bir məlumatları verməsə, dələduzla ünsiyyət qurmasa, texniki cəhətdən kartdan pul çəkilməsi mümkün deyil”.

Müsahibimiz banklarda əmanətlərin azalmasını belə izah edib:

“Bəli, əmanətlərin azalma tendensiyası var. Məlumdur ki, davamlı olaraq bütün sahələrdə qiymət artır. Çox təəssüf ki, bu bahalaşmaların bir çoxunun iqtisadi əsası olmur. Ona görə də vətəndaşlar infilyasiyadan daha az ziyanla çıxmaq üçün alternativ variantlara əl atırlar. Bəziləri daşınmaz əmlaka, bəziləri qızıla, bəziləri də qiymətli kağızlara üstünlük verir.

Onlar çalışır ki, il boyu əllərindəki vəsaitdən daha çox dividend əldə eləsinlər. Məlumdur ki, banklar ən yaxşı halda depozitə illik 10 faiz qazanc verir. Bu da vətəndaşı qane etmir. Çünki bu faiz heç illik infilyasiyanı sığortalamır. Ona görə də vətəndaşlar bəzi hallarda, xüsusən də yay aylarında əmanətlərini geri çəkir, müəyyən işlər görürlər. Amma unutmayaq ki, bütün sahələrdə risklər var. Yenə də ən etibarlı tərəfdaş bankdır. Ona görə də əmanətlərin azalması daha çox mövsümi xarakter daşıyır”.

Bizim.Media

Geri qayıt