Əsas Səhifə > Güney Press > Pensiya alanların sayı azalıb: Ömür də çatmır

Pensiya alanların sayı azalıb: Ömür də çatmır


22-08-2024, 17:54
Pensiya alanların sayı azalıb: Ömür də çatmır
Bu ilin iyulun 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1101,0 min (ötən ilin iyulun 1-i vəziyyətinə 1096,6 min) pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 10,8 faizini təşkil edir.

Bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, onların 64,4 faizi yaşa, 23,3 faizi əlilliyə, 12,3 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,9 faiz artaraq 491,3 manat təşkil etmiş və orta aylıq əməkhaqqının 49 faizinə bərabər olub.

Ölkədə pensiyaçıların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə Azərbaycan Prezidentinin 2024-cü il 5 fevral tarixli 4291 nömrəli sərəncamına əsasən 2024-cü ilin 1 yanvar tarixindən orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyaları indeksləşdirilərək 11,2 faiz artırılıb.

Bildirək ki, son vaxtlar pensiya yaşı, pensiya kapitalı kimi məsələlər davamlı müzakirə olunsa da, bu sahədə ciddi bir dəyişiklik müşahidə edilmir. Yəni vətəndaşların bu sahədə irəli sürdüyü təkliflər reallaşmır.

Maraqlıdır, ölkədə pensiyaçıların sayının azalmasının səbəbi nədir?

İqtisadçı-ekspert Akif Nəsirli “Cebheinfo.az”a bildirib ki, pensiyaçıların sayının azalmasına təsir edən amillər kifayət qədərdir:

“Birincisi, pensiya yaşı Azərbaycanda çox yüksəkdir. Təxminən ölkədə orta ömür uzunluğu 73 ildir. Hökumət vətəndaşı pensiyaya çıxaranda öhdəlik götürür ki, ona 12 il pensiya verəcək.

Pensiya yaşını, yəni 65-in üzərinə 12 il gəldikdə bu 77 yaş edir. Demək, ölkədə pensiya yaşı kifayət qədər yüksəkdir. Bundan başqa ilbəil qadınların pensiya yaşı artırılır. Artıq 64-ə çatıb, 2026-cı ildə bu 65 olacaq. Pensiya yaşının artıq olması vətəndaşların pensiyaya çıxmaq imkanını azaldır.

İkincisi, bizim minimum sığorta kapitalı minimum pensiya qalxdıqca artır. İndi bu rəqəm 42 mindən artıqdır. Yəni 41 min sığorta kapitalı olan vətəndaş artıq əmək pensiyası yox, sosial müavinət alır, bu da pensiya sayılır.

Ancaq buradan minimum 280 manat ala bilərdi, 180 manat alır. Digər tərəfdən elə xəstələr var ki, müəyyən qrupla pensiya almalıdır. O pensiya ala bilmir. Ona qrup verilməsi süründürülür. İstənilən qrupa düşən xəstəliklə, pensiya düşən pasienti illərlə süründürürlər.

Mən onlarla insan tanıyıram, həkimsiz də anlaşılır ki, işləmək qabiliyyətinə malik deyil. Ancaq illərlə süründürülməsi nəticəsində onların da çoxu bezib bu işdən əlini üzür. Bu da pensiyaçıların sayının azalmasına gətirib çıxarır.

Bundan başqa keçmiş illərdə qruppa ilə təqaüd alan xəstə vətəndaşlarımız var ki, komissiya vaxtı gəldikdə sıradan çıxarırlar. Yəni onlara yenidən pensiya təyin etmirlər. Bunun üçün gərək nə qədər xərc çəksin, neçə qapılar döysün.

Adi rayon xəstəxanasında növbəti komissiyadan keçən əlilə imtina gəlir ki, “sən xəstə deyilsən”. Bəzən elə iradəli xəstələr olur ki, sonuna qədər gedib təqaüdünü alırlar. Ancaq əksəriyyəti qapıları döyməkdən bezib əl çəkir. Bu da pensiyaçıların sayının azalmasına ciddi təsir edir”.

Ekspertin sözlərinə görə, hazırda əhalinin orta ömür uzunluğu azalıb, xəstəliklər cavanlaşıb:

“Əmək qabiliyyətli dövründə vəfat edən insanların sayı çoxalıb. Pensiyaya gedib çıxa bilməyənlərin sayı artıb. Gedib qəbiristanlığa baxsaq görəririk ki, orada yeni dəfn edilən insanların yaşı 50-60, hətta 40-50 arasındadır.

Xəstəliklər cavanlaşıb, bunun da müxtəlif səbəbləri var. Fakt odur ki, ölkəmizdə ölüm gəncləşib. Bu da pensiyaçı vətəndaşların sayının azalmasının səbəblərindən biridir”.

Geri qayıt