Əsas Səhifə > Güney Press > İrəvan Zəngəzur dəhlizindən niyə imtina edib?

İrəvan Zəngəzur dəhlizindən niyə imtina edib?


22-08-2024, 19:02
İrəvan Zəngəzur dəhlizindən niyə imtina edib?
Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova üç ölkə liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatının 9-cu bəndinin icrası ilə bağlı Azərbaycan, Ermənistan və Rusiya nümayəndələri arasında aparılan müzakirələrin diqqəti cəlb edən detallarını açıqlayıb.

“Cebheinfo.az” xəbər verir ki, Mariya Zaxarova bu barədə keçirdiyi sonuncu brifinqdə danışıb.

Zaxarovanın verdiyi məlumatdan aydın olub ki, Ermənistan Zəngəzur dəhlizinin açılmasına əvvəl razılaşıb. Lakin sonradan Azərbaycanın qərb rayonları ilə Naxçıvan MR arasında maneəsiz əlaqəni təmin etmək öhdəliyi ilə bağlı əlavə şərt irəli sürüb.

Bu isə Zəngəzurdan keçən dəmir yolunun blokdan açılmasını əngəlləyib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistanı 10 noyabr Bəyanatında kommunikasiyaların açılmasına dair razılaşmanı sabotaj etməkdə ittiham etməsi də Zaxarovanın açıqladığı məxfi məqamla bağlı imiş.

Zaxarova bildirib ki, Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi nəqliyyat əlaqələrinin açılması üzrə üçtərəfli işçi qrupun 12 raund apardığı müzakirələrdən sonra tərəflər 9-cu bəndin praktiki icrasına yaxın olublar.

İrəvanın avtomobil yolunun açılması üçün konkret tarixlər göstərməməsinə baxmayaraq, rəsmi bakı erməni tərəfinin dəmir yolu əlaqəsinin açılmasını avtomobil yolu ilə əlaqələndirməmək istəyi ilə razılaşıb.

Lakin belə görünür ki, iki ölkənin suverenliyinə xələl gətirməmək üçün müvafiq tərəflərin tam yurisdiksiyası altında həyata keçirilməli olan gömrük prosedurlarına qədər hər şey artıq razılaşdırılıb.

Zaxarova qeyd edir ki, son anda Ermənistan tərəfi əvvəlcədən razılaşdırılmış mövqelərdən kənara çıxıb. İrəvan Rusiya sərhədçilərinin yalnız Ermənistan tərəfində deyil, həm də Azərbaycan tərəfində nəzarəti həyata keçirməsinə dair şərt irəli sürüb.

Üçtərəfli bəyanatda belə bir müddəa olmadığına görə Bakı İrəvanın şərtindən imtina edib və danışıqlar dalana dirənib. Lavrov İrəvanın məhz bu mövqeyini “sabotaj” adlandırıb.

Sonradan İrəvan Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidməti tərəfindən nəqliyyat axınına nəzarətdən imtina edib və faktiki olaraq İşçi Qrupda iştirakını dondurub.

Müşfiq Abdulla
“Cebheinfo.az”

Geri qayıt