Əsas Səhifə > Güney Press > Dərmanlar Tarif Şurasının təyin etdiyi həddən

Dərmanlar Tarif Şurasının təyin etdiyi həddən


17-08-2024, 11:58
Dərmanlar Tarif Şurasının təyin etdiyi həddən
Son günlər sosial şəbəkələrdə bir neçə adda dərmanın ötən aya nisbətən bahalaşdığını yazırlar. Qrip və soyuqdəymə zamanı istifadə edilən dərman preparatlarının, xüsusilə, toz dərmanların qiymətində dəyişiklik olduğu qeyd edilir. Həmçinin, ürək xəstələrinin istifadə etdiyi “Validol”un qiyməti də artaraq 1.80-2 AZN-ə satılır.

Ölkədə dərman qiymətlərinə Tarif Şurası nəzarət edir və 14646 adda dərmanın yuxarı qiymət həddini qurum müəyyənləşdirir.

Yəni qurumun müəyyən etdiyi tarif dərmanın ən baha qiyməti hesab edilir. Ondan aşağı qiymət isə əczaçıların öz istəyinə bağlıdır. Yuxarıda adıçəkilən “Validol”un (50 mq) yuxarı qiymət həddi 1.20 AZN-dən 1.70-ə dəyişir. Yəni qiymət fərqi istehsalçı şirkətə görədir.

Qiymətdəki artım nə ilə əlaqədardır və artımın qarşısının alınması üçün hansı addımlar atıla bilər?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı Xalid Kərimli deyib ki, dərmanları müəyyən edilən həddən yuxarı qiymətə satmaq qadağandır:

“Tarif Şurası tərəfindən 15 minə qədər dərmanın qiyməti nəzarət altındadır. Qurumun dərman qiymətlərini tənzimlənməsi ilə əlaqədar siyasəti də bu ildən dəyişdi. Əvvəl konkret qiymət müəyyənləşdirildi, sonra isə yuxarı qiymət müəyyənləşdirildi. Yəni qoyulan qiymətdən yuxarı satmaq olmaz. Bu, bir az rəqabətə də yol açdı, yəni əczaxanalar müəyyənləşən qiymətdən yuxarı sata bilməsələr də aşağı qiyməti özləri müəyyənləşdirə bilərlər”.

O bildirib ki, Tarif Şurası buna nəzarət edir:

“Ölkədə dərman istehsal olunmur, idxal olunur. İndi dərmanın gəliş xərcləri artıb, ona görə də qiyməti yuxarı limitə qaldırıblar. Tarif Şurası onsuz da yuxarı limit müəyyənləşdirməklə bunu tənzimləyir. Yuxarı limit var və dərmanın qiyməti ondan yuxarı təyin edilə bilməz”.

Geri qayıt