Əsas Səhifə > Güney Press, Ana xəbərlər > “Aydın görünür ki, Ermənistan istədiyi şərtlərin yetişməsini gözləyir”

“Aydın görünür ki, Ermənistan istədiyi şərtlərin yetişməsini gözləyir”


5-08-2024, 16:00
“Aydın görünür ki, Ermənistan istədiyi şərtlərin yetişməsini gözləyir”
Ermənistan tərəfinin sülhdən yayınma siyasəti nəticəsində Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması ilə bağlı danışıqlar son vaxtlar dalana dirənmiş kimi görünür. Azərbaycanın tələbi təkdir: Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarına son qoyulandan sonra müqavilə imzalana bilər. Görünən odur ki, Ermənistan tərəfi bu tələbi yerinə yetirməmək üçün danışıqlardan imtina siyasətinə keçib. Ermənistanın Baş naziri Nikol Paşinyanın Londonda Azərbaycan lideri İlham Əliyevlə görüşdən imtinası da bunu deməyə əsas verir.

Əvəzində isə Ermənistan silahlanmaya, ordusun u dirçəltməyə və şərti sərhəddə hərbi təxribatlara əl atmağa başlayıb. Bir neçə gün əvvəl, Ermənistan ordusunun Kəlbəcər, Laçın və Tovuz istiqamətindəki Azərbaycan hərbi mövqelərinə qarşı təxribatları bunu sübut edən faktlardır. Analitiklər hesab edirlər ki, İrəvanın bu siyasəti sonda bölgədə yeni eskalasiyanı qaçılmaz edə bilər.

Prosesləri AYNA-ya müsahibəsində şərh edən siyasi icmalçı Asif Nərimanlı qeyd edib ki, əslində indiyə qədər aparılan sülh danışıqlarında fundamental irəliləyişin əldə edildiyini demək çətindir:

- Hətta Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanısa belə, qoşunlarını bölgədən çıxarmırdı, nəticədə Bakı bunu güc yolu ilə həyata keçirdi. Bu, danışıqların daha çox ritorik xarakter daşıdığını, sülhlə bağlı verilən mesajların da “sülhdən yana” imic yaratmaq məqsədi daşıdığını göstərir. Sülh danışıqlarında müşahidə edilən müəyyən irəliləyişlər də fundamental məsələlər fonunda kiçik addımlardır. Məsələn, sərhədin delimitasiyası qısa ərazidə həyata keçirilib, lakin bütövlükdə sərhəd məsələri açıq olaraq qalır. O cümlədən, kommunikasiyanın açılması məsələsi hələ də sual altındadır. Son dövrlər noyabr ayına qədər ən azı sülh sazişinə dair niyyət protokolunun imzalanması gözləntiləri vardı, hərçənd, Ermənistanın sərgilədiyi mövqe bu gözləntiləri də arxa plana keçirir. Bakının cari tələblərindən biri olan Ermənistan Konstitusiyasının dəyişdirilməsi ilə bağlı Paşinyanın vaxtı uzatmaq addımı da belə nümunələrdəndir. Bu baxımdan, sülh danışıqlarında gözlənilən müəyyən irəliləyişlərin də dalana dirəndiyini deyə bilərik.

- İrəvanın hazırda sülhdən yayınma siyasəti nə ilə bağlıdır?

- Ermənistanın sülhdən yayınma və danışıqları imitasiya etmək siyasətinin bir çox hədəfi var. Birincisi, İrəvanda hələ də geosiyasi şərtlərin dəyişə biləcəyi və regional reallıqlara təsir edəcəyi, nəticədə Ermənistanın maraqlarının təmin edilməsi imkanlarının genişlənəcəyinə ümidlər var. 44 günlük müharibədən sonra Ermənistanın əsas gözləntisi bu olub və görünür, imitasiya siyasəti ilə zaman qazanırlar.

İkincisi, Ermənistanın Qərbdə onu dəstəkləyən qüvvələrin Azərbaycana təzyiq edəcəyinə ümidləri var. Düşünürlər ki, Bakı bu təzyiqlərin qarşısında geri çəkiləcək və iki məsələdə - sərhədin delimitasiyası və kommunikasiyanın açılmasında İrəvanın gündəliyi qəbul olunacaq.

Üçüncüsü, Ermənistan onun istəklərinin prioritet olacağı danışıqlar masasının qurulmasını arzulayır. Bu, Rusiya masası deyil, Brüssel masası da tam istədikləri kimi olmadı. Fransaya böyük ümidlər bəsləyirdilər, lakin Bakı Parisin rolunu arxa plana keçirdi. İndi Vaşinqtona ümidləri var, xüsusilə, ABŞ-ın Orta Dəhliz layihəsi üzərindəki planları Cənubi Qafqazda Ermənistanın mövqeləri ilə müəyyən qədər üst-üstə düşür.

Dördüncüsü, Ermənistan Türkiyə ilə normallaşma prosesində Azərbaycan amilinin gündəmdən çıxarılmasına çalışır ki, Qərbin buna nail ola biləcəyi gözləntisi var. Bu halda Azərbaycanla danışıqlar prosesi Ermənistan üçün müəyyən qədər də olsa asanlaşa bilər. Aydın görünür ki, Ermənistan istədiyi şərtlərin yetişməsini gözləyir.

- Danışıqların intensiv olmadığı vaxtda Ermənistan silahlanır. Bununla yanaşı, şərti sərhəddə Ermənistan ordusunun təxribatları var. Bu təxribatlar hərbi əməliyyat riskini nə qədər artırır?

- Ermənistanın silahlanması və sərhəd təxribatları yeni eskalasiya risklərini təbii ki, ön plana çıxarır. Belə bir eskalasiyada İrəvan maraqlı tərəfdir. Təxribatların məqsədi də “sərhəddə atəşkəsə nəzarət” mexanizminin yaradılması təklifinin aktuallaşdırılmasıdır. İrəvan belə bir mexanizmlə şərti sərhədə beynəlxalq nəzarətin edilməsinə nail olmaq niyyətindədir. Buna nail olarsa, həm Qərb qüvvələrinin Azərbaycan-Ermənistan sərhədində rolu güclənəcək, həm də İrəvanın delimitasiya prosesinin “SSRİ dağılanda mövcud xətlərə uyğun aparılması” prinsipinə uyğun aparılması istəyinin reallaşması imkanları artacaq. Ermənistanın sərhədlə bağlı əsas planı hazıra nəzarət etdiyi ərazilərdə legitimlik qazanmaq, SSRİ dövründə ermənilərə verilən Azərbaycan ərazilərinin mümkün qaytarılması perspektivini sıradan çıxarmaq və Azərbaycan qoşunlarının sərhəddə strateji yüksəkliklərdən geri çəkilməsinə nail olmaqdır. Mexanizm yaratmaq planı buna hesablanıb və görünür, bu məsələni daim aktual saxlamaq üçün zaman-zaman təxribatlar törədə bilərlər.

- Sərhədlərin delimitasiya və demarkasiyası üzrə komissiyalar fəaliyyət göstərdiyini bildirirdilər. Amma son iki ayda bu barədə heç nə açıqlanmır. Proses dayanıb, yoxsa...

- Bu komissiyaların mövcud işi sərhədin Qazax-Tavuş istiqamətində müəyyənləşməsini həyata keçirmək idi. Bu məsələ böyük ölçüdə həll edilsə də, Kirants kəndində problemlər yarandı. Çünki sərhəd xətti bu kəndin müəyyən hissəsindən keçir. İşğal dövründə ermənilər kəndin ərazisini Azərbaycan əraziləri hesabına genişləndiriblər, indi bu məsələ həll edilir. Kirants kəndində yaranmış problemə görə müəyyən səngimələr oldu. Ümumilikdə isə sərhədin digər hissələrinin müəyyənləşməsi prosesində bu komissiyaların işi uzanacaq.

Birincisi, sərhəd xətti kifayət qədər uzun olduğu üçün prosesin yekunlaşması zaman tələb edir. İkincisi, tərəflər sərhədin digər hissələrinin hansı prinsiplə delimitasiya edilməsində fikir ayrılığına malikdir.

Qazax-Tavuş istiqamətində işlərin böyük hissəsi başa çatdığı üçün bundan sonra sərhəd komissiyaların aktiv fəaliyyəti və qısa müddətdə nəticə əldə etmələri gözləntisi azdır.

Geri qayıt