Əsas Səhifə > Güney Press > Cinayət törədən şəxs neçə il gizlənsə, həbs edilmir?

Cinayət törədən şəxs neçə il gizlənsə, həbs edilmir?


5-08-2024, 11:46
Cinayət törədən şəxs neçə il gizlənsə, həbs edilmir?
Hacı Məmmədovun rəhbərlik etdiyi dəstənin tərkibində silahlı bandalarda və onların törətdikləri basqınlarda iştirak etməkdə ittiham olunan Hüseynağa Zərbəliyev 28 il sonra mühakimə edilib.

Yerli mətbuatın məlumatına görə, onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda dəlil və sübutlar tədqiq edilib, şahidlər dindirilib. Bu gün keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən, H.Zərbəliyevin cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən məhkəmə zalından birbaşa azadlığa buraxılıb.

İttihamda deyilir ki, H.Zərbəliyev 1996-cı ildə başqaları ilə birlikdə silahlı qrupun törətdiyi basqında iştirak edib. Təqsirləndirilən şəxs və digərləri iş üzrə zərərçəkmiş kimi tanınan Tofiq Bayramovu həyat və sağlamlıq üçün təhlükəli üsulla ona fiziki iztirab verməklə azadlıqdan məhrum edib.

Məsələ ilə bağlı hüquqşünas Əsabəli Mustafayev "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, qanunvericilikdə müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azadolunma imkanları var:

"Bu, Cinayət Məcəlləsinin 75-ci maddəsində təsbit olunub. Bu maddədə hansı cinayət kateqoriyaları üzrə nə qədər müddət keçdikdən sonra cinayətkarın cinayət məsulliyətinə cəlb edilməməsi haqqında məlumat əks olunub.

Belə ki, böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə 2 il, az ağır cinayətlər üzrə 7 il, ağır cinayətlər üzrə 12 il, xüsusilə ağır cinayətlər üzrə isə 20 il keçdikdə həmin şəxs cinayət məsuliyyətindən azad olunur".

Hüquqşünasın sözlərinə görə, ömürlük cəza tətbiq olunan şəxsin cinayət məsuliyyətindən azad olunub-olunmamasını məhkəmə həll edir:

"Əgər məhkəmə müddətin keçməsinə görə şəxsin cinayət məsuliyyətindən azadedilməmə qərarını qəbul etsə, bu zaman şəxs məhkum olunur. Lakin bu zaman da ömürlük cəza müəyyən bir vaxtla əvəzlənir.

Burada bir istisna da var ki, cinayəti törədən şəxs istintaqdan və məhkəmədən qaçarsa, o zaman həmin şəxs müddətin keçilməsi ilə bağlı cinayət məsuliyyətindən azad edilmir.

Həmçinin müddət o şəxslərə aid edilir ki, hüquq-mühafizə orqanları onların cinayət törətdiyini bilmir. Lakin adam məlumdursa və gizlənirsə, həmin şəxsə müddət tətbiq olunmur. Həmçinin sülh və azadlıq əleyhinə, terrorizmi malliyələşdirmə və müharibə cinayətləri törətmiş şəxslərə bu müddəa, yəni müddət aid edilmir".

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili, ağır qətllər və adam oğurluğunda ittiham edilərək ömürlük həbs cəza almış Hacı Məmmədov həbsdə intihar edib.

Geri qayıt