Əsas Səhifə > Güney Press > "Anlamırlar ki, qanun və qaydalar hər birimiz üçündür"

"Anlamırlar ki, qanun və qaydalar hər birimiz üçündür"


3-08-2024, 13:05
"Anlamırlar ki, qanun və qaydalar hər birimiz üçündür"
Ötən günlərdə axşam vaxtı Xalqlar Dostluğu körpüsü kimi adlandırdığımız Babək prospektindəki körpünün üzərində, "Sərhədçi" idman kompleksi ilə paralel ərazidə "Azərsu" əməkdaşları yolu qəfil bağladılar. Qəfləti "yolkəsmə" nəticəsində, mənim müşahidə etdiyim kimin üçünsə yüngül sayıla biləcək, bəlkə də o avtomobil sahibləri üçün çox böyük maliyyə itkisinə səbəb olan 4 dəfə qəza hadisəsi baş verdi. Avtomobillər qurulan baryerləri dağıtdı, həm də səbəbkarların özləri "dağıldı". Məcburən yol açıldı. Növbəti gün isə günün işıqlı vaxtında - bu paylaşımı etdiyim zaman həmin yol, qaydalara uyğun olaraq işarələr və baryerlərlə bağlandı, DYP əraziyə nəzarət etdi. Sıxlıq yaransa da, heç bir qəza baş vermədi.
Olmazdımı ki, "Azərsu" əməkdaşları "ağa Nəzərəm, belə gəzərəm"dənsə, əvvəldən bu cür qəzalara önləyici tədbir görəydi. Qəzalar da baş verməzdi.

Yəni, bu hadisəni sözmisalı edərək deməyim odur ki, ölkədə kimin bir balaca səlahiyyəti varsa, özünü ağa hesab edir və qanunları tapdayır. "Burda mənəm, Bağdatda kor xəlifə" prinsipi ilə işləyirlər. Anlamırlar ki, qanun və qaydalar hər birimiz üçündür, baş verə biləcək qəzaların və yaşana biləcək təhlükələrin qarşısını almaq üçündür. Biz qanunu qorumadıqca, o da bizə xidmət edə bilməz. Tutduğu vəzifədən asılı olmayaraq heç kim bu dövlətin sahibi deyil, bu ölkənin sadəcə sakinidir...

Qadir, Bizimyol.info

Geri qayıt