Əsas Səhifə > Güney Press > "Pezeşkianın etnik baxımdan türk olduqları halda, belə halların baş verməsi..."
"Pezeşkianın etnik baxımdan türk olduqları halda, belə halların baş verməsi..."1-08-2024, 16:55 |
![]() Ermənistanın baş naziri Nikol Paşinyanı Tehranda qəbul edərkən, Xameneyi belə deyib: "Zəngəzur dəhlizi Ermənistana ziyan vurur və İran bu mövqedə möhkəm dayanır". Bununla da ürəyi soyumayıb, ermənilərə daha bir kompliment göndərib: “İran-İraq müharibəsində İran ermənilərinin böyük rolu olub və mən şəxsən İranda çoxlu sayda erməni ailələrinə baş çəkmişəm”. Dini lider özü, eləcə də, yenicə seçilmiş Məsud Pezeşkian da daxil olmaqla İran əhalisinin az qala yarısı türkdür. “Xameneyinin, “Zəngəzur dəhlizi Ermənistana ziyan vurur və İran bu mövqedə möhkəm dayanır” fikirləri İranın Qafqaz siyasətində dəyişiklik baş vermədiyinin sübutudur. “İran-İraq müharibəsində ermənilərin böyük rolu, bir çox erməni ailələrinə şəxsən baş çəkməsi” ilə bağlı kifayət qədər açıq, şəffaf şəkildə səsləndirdiyi fikirlər, özünü dini rəhbər adlandıran şəxsin əsl mahiyyətini xarakterizə edir”. Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin VI çağırış deputatı Nəsib Məhəməliyev danışıb. Deputat qeyd edib ki, son zamanlar, iki ölkənin münasibətlərində müəyyən istiləşmə nəzərə çarpırdı. Səfirliyimiz yeni ünvanda fəaliyyətini bərpa edir. Yaxın gələcəkdə və perspektivdə bir çox layihələrin icrası razılaşdırılıb. Deputatın fikrincə, belə bir vaxtda, Xameneyinin sözləri təbii olaraq, Azərbaycanda mənfi qarşılanır. Yumşaq desək, əhalinin hiddətinə səbəb olur. “Yeni prezidentin andiçmə mərasimində Azərbaycanın baş naziri də iştirak etmişdi. Normal məntiqlə, Xameneyi balans yaratmalı, sülhə yönəlik çağırışlar etməliydi. Əksinə, həmişə olduğu kimi, birtərəfli mövqe tutdu”- Nəsiv Məhəməliyev hesab edir ki, Paşinyanın rəhbərliyi ilə indiki Ermənistan siyasi hakimiyyəti Qərbyönümlü və anti İran siyasəti aparır. “Ermənistan İranın əzəli düşmənlərini ölkəsinə yığır. İran rejimi isə, “sevəcəyəm səni mən, sevməsən də sən məni” prinsipi ilə çıxış edir. Xameneyinin və Pezeşkianın etnik baxımdan türk olduqları halda, belə halların baş verməsi, həqiqətən də, Güneyli, Quzeyli soydaşlarımızda bir çox suallar yaradır. Sizin də qeyd etdiyiniz kimi, guya ki, İran daxilində idarəetmə parçalanmış şəkildədir. Bu sadəcə görüntüdür. İranda oturuşmuş, güclü nəzarət mexanizminə malik, heç bir bəşəri dəyərlərlə, beynəlxalq hüquqla hesablaşmayan, möhkəm sistem mövcuddur”-deyə deputat vurğulayıb. Nəsib Məhəməliyev bildirib ki, Ali dini rəhbər qeyri-məhdud səlahiyyətlərə malikdir. “Dövlətin xarici və daxili siyasətini o, müəyyənləşdirir. Əlində güclü hərbi, iqtisadi və ideoloji resurslar cəmləşib. Quranın bir çox ayələrini inkar edən və yaxud özünəməxsus formada izahını verən, alternativ din və yeni-yeni adətlər aktiv şəkildə təbliğ olunur. Bütün bunların kökündə, İslam dünyasının İran vasitəsilə parçalanması durur. 15-ci əsrin sonları və 16-cı əsrin əvvəllərindən başlamış bu siyasət öz “bəhrəsini” verməkdədir. 90-cı illərin əvvəllərində, İranın prezidenti Rəfsancani, “biz Səfəvilərin varisləriyik” demişdi. Ali rəhbərin və prezidentin türk olmaları, əhali strukturunda türklərin çoxluq təşkil etmələri, heç nəyi dəyişmir. Əfsuslar olsun ki, ali rəhbərlik fars-molla rejiminin özəyini təşkil edir. Soydaşlarımızın əksəriyyəti isə, onların müəyyənləşdirdiyi ideologiyanın əsiridirlər”-deyə deputat əlavə edib. Nəsib Məhəməliyev qeyd edib ki, son zamanlar, tarixi qələbəmizdən sonra Təbrizdə, xüsusilə futbol oyunları zamanı milli şüurun oyandığını, görürük. Deputat hesab edir ki, cənublu soydaşlarımız İran dövlətinin tərkibində, təməl haqqlarının bərpası istiqamətində subyektivliklərini artırmalıdırlar. “Təkrar edirəm, ancaq İranın ərazi bütövlüyü çərçivəsində. İran dövləti onların hüquq və azadlıqlarını təmin etməli və hesablaşmalıdır. Biz müstəqil Azərbaycan dövləti olaraq, hər zaman mehriban qonşuluq prinsiplərinə sadiq olmuşuq. Əks tərəfdən də, bunu tələb etmək haqqımız var. Bir məsələni vurğulamaq istərdim. Azərbaycanda hələ də, qonşu ölkənin mollalarını özlərinə lider kimi qəbul edən, zombiləşdirilmiş kifayət qədər insan var. Bəziləri, zaman-zaman terror aktları törətmişlər. Yaxşı olardı ki, insanlarımız, müasir “şeyx nəsrullahlar”ın uydurduqları moizələrdən uzaq dursunlar. Baş verənlərdən düzgün nəticə çıxarsın, dostunu-düşmənini tanısınlar”-deyən deputat vurğulayıb ki, çünki dövlətin təhlükəsizliyi hər şeydən üstündür. Geri qayıt |