Əsas Səhifə > Güney Press > Konstitusiyasında ərazi iddiaları olan Ermənistana qarşı Türkiyənin münasibəti

Konstitusiyasında ərazi iddiaları olan Ermənistana qarşı Türkiyənin münasibəti


1-08-2024, 15:37
Konstitusiyasında ərazi iddiaları olan Ermənistana qarşı Türkiyənin münasibəti
Türkiyə ilə Ermənistan iyulun 30-da danışdı. Hər iki tərəfdən təyin olunmuş xüsusi nümayəndələr hər iki ölkənin sərhəddində görüşdü. Sərdar Kılıc və Rubin Rubinyan Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşnasını müzakirə etdi.
Bu görüş və sonrasında verilən bəyanatlar Türkiyədə və Ermənistanda diqqətlə izləndi. Müxtəlif şərhlər verildi. Təhlillər aparıldı. Hələlik əllə tutulan nəticə yoxdur. Yalnız hər iki ölkənin diplomatik/rəsmi pasportu olan vətəndaşları üçün viza sadələşdirilməsinin müzakirəsi haqda ilkin razılıq var.

Əlbəttə, əvvəl də yazdığımız kimi, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesini müsbət qiymətləndirmək lazımdır. Bu, Azərbaycanda da normal qarşılanır. Ancaq bu, ayrılıqda götürülmüş bir məsələ deyil, bütövlükdə regionda sülh və sabitlik, əməkdaşlıq və inkişaf mühitinin yaradılması prosesinin tərkib hissəsidir.

Xüsusi nümayəndələr - diplomatlar "ilkin şərt qoymadan" danışıqlar aparmağa razılaşmışlar. Bu, da suallar yarada bilərdi; Ermənistanın Konstitusiyasında Türkiyəyə irəli sürülən ərazi iddiaları aradan qalxmayıb. Bu, Azərbaycanı da maraqlandırır. Ermənistan Konstitusiyasında Türkiyəyə və Azərbaycana ərazi iddialarını nəzərdə tutan müddəaların ortadan qalxması hər iki türk dövləti üçün "olmazsa, olmaz" deməkdir. Bunu əslində Ermənistan mediası Azərbaycanın və Türkiyənin Ermənistana şərti kimi şərh edir. Amma bu regional sülhün və sabitliyin şərtidir, Bakının və Ankaranın deyil. Eyni zamanda Ermənistandakı bəzi şərhlərdə belə bir fikir irəli sürülürdü ki, guya Sərdar Kılıcla Rubinyanın danışıqları Azərbaycan-Türkiyə münasibətləri kontekstindən kənarda - sırf Türkiyə-Ermənistan münasibətləri məcrasında baş verir. Bu, Azərbaycanda da sual yaradan bir məsələyə çevrilə bilərdi. Ancaq Türkiyənin xarici işlər naziri Hakan Fidanın açıqlaması bu baxımdan yerinə düşdü. Türkiyəli nazir dedi ki, Türkiyə ilə Ermənistan münasibətləri Ermənistanla Azərbaycan arasında normallaşmadan asılıdır. Yəni Türkiyə əvvəlki mövqeyindən geri çəkilməyib; Azərbaycanla Ermənistan arasında münasibətlər normal məcraya düşməyincə, Türkiyə Ermənistanla sərhədlərini açmayacaq. Bu da, təbii ki, Azərbaycanla Ermənistanın sülh müqaviləsi imzalaması, sərhədlərlə bağlı tam aydınlaşmanın olması və əlbəttə, nəqliyyat kommunikasiyalarının açılmasıdır. Başqa sözlə desək, nazir Fidanın açıqlaması göstərir ki, Türkiyənin Ermənistanla münasibətlərinin qurulması Ermənistan-Azərbaycan normallaşmasına bağlıdır. Ankara Şuşa Bəyannaməsinə, eləcə də, Azərbaycanla Türkiyə arasında başqa müttəfiqlik sənədlərinə sadiqdir. Burada hər hansı sual yoxdur. Türkiyə bu mövqeyi ilə Ermənistanın yeni "sponsor"larına mesaj verir: biz Ermənistanın özü özünü saldığı bu təcrid vəziyyətindən çıxmasına kömək edərik. Ancaq əvvəlcə gərək özü bunu istəsin. Bunun üçün yeni "sponsorlar" İrəvana təsir etməlidir ki, Azərbaycanla razılığa gəlsin. Bu mesaj ABŞ- və Avropa İttifaqı "birliyi"nədir. Artıq top onların meydanına atılıb. İzləyək, görək, Ermənistanı hansı istiqamətə yönləndirəcəklər.

Orxan, Bizimyol.info

Geri qayıt