Əsas Səhifə > Güney Press, Üst manşet > Dərdə əlac etməkdənsə, HƏDƏLƏYİRLƏR...

Dərdə əlac etməkdənsə, HƏDƏLƏYİRLƏR...


1-08-2024, 09:03
Dərdə əlac etməkdənsə, HƏDƏLƏYİRLƏR...
Mingəçevir sakini Bədəlov Mahir Telman oğlu “Hürryyət”in redaksiyasına şikayətlə müraciət edib. Vətəndaş bildirir ki, bacısı Bədəlova Xatirə Telman qızı evdə kafelin üstündə müvazinətini itirərək yıxılıb. Bu zaman qadının dizi yaralanıb.

Ailə bir il bundan əvvəl icbari tibbi sığortadan yararlanaraq, xəstəni Bakı şəhərində yerləşən “HTC Cliniva Hospital”ında travmotoloq-ortoped Emil Kazım adlı həkimə əməliyyat etdirir. Şikayətçi iddia edir ki, həkim onlardan 1500 manat alıb. Tibbi aparatlarla baxış, həkimlər tərəfindən yoxlanış, analiz və s. proseslər zamanı da min manata yaxın pul xərclənilib.

Daha sonra evdə Bədəlova Xatirə bud nahiyyəsindən zədə alır və yenə həmin həkim tərəfindən əməliyyat olunmaq məcburiyyətində qalır. Bundan sonra isə xəstədə infarkt baş verir və onda insult yaranır. Bundan başqa Bədəlova Xatirə Telman qızı şəkər xəstəsidir.

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası Bədəlova Xatirə Telman qızının səhhətinin qiymətləndirilməsi üçün ona məxsus sənədləri komissiyaya göndərir. Xəstəyə III qrup əlillik verilərək aylıq 150 manat məbləğində təqaüdlə təmin olunub. Bədəlov Mahir Telman oğlu vurğulayır ki, Bədəlova Xatirə Telman qızı ağır xəstə olduğuna və əlillik dərəcəsinin düzgün verilmədiyinə görə, iyunun 11-də bacısını Respublika Reabilitasiya Mərkəzinə aparıb. Ancaq qurum məsələni çözməkdən imtina edib.

Şikayətçi iddia edir ki, Respublika Reabilitasiya Mərkəzi Bədəlova Xatirə Telman qızını dəlixanaya göndərəcəklərini deyib. Şikayətçi isə məsələnini həllinin tapmadığına görə, narazıdır.

Məsələ ilə bağlı “Hürriyyət”ə açıqlama verən Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov bildirir ki, Bədəlova Xatirə Telman qızının əlilllik dərəcəsi III qrup olaraq düzgün müəyyən olunub:

“Mingəçevir sakini Bədəlova Xatirə Telman qızının əlilliyi həm elektron sistem üzərindən, həm də 11.06.2024-cü il tarixində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim-ekspertləri tərəfindən əyani baxış zamanı qiymətləndirilib.

Hər iki qiymətləndirilməyə uyğun olaraq, vətəndaşa Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən, orqanizm funksiyalarının 60% pozulmasına görə müddətsiz əlillik təyinatı aparılıb”.

Geri qayıt