Əsas Səhifə > Güney Press / Ana xəbər > "Surət Hüseynovla Pənah Hüseynovun əllərində konyak süzülmüş stəkanlar vardı..."
"Surət Hüseynovla Pənah Hüseynovun əllərində konyak süzülmüş stəkanlar vardı..."28-03-2014, 16:15 |
![]() Bir neçə gündən sonra Kəlbəcərin işğalının 21-ci ildönümü qeyd ediləcək. Milli Qvadiyanın keçmiş komandiri polkovnik Əzizağa SüleymanovModerator.az-a həmin dövrdə hakimiyyət daxilində baş verən əcaib didişmə və Gəncədə Surət Hüseynovun zərərsizləşdirilməsi barədə prezident Əbülfəz Elçibəy tərəfindən verilən əmrin icrasının hansı səbəbdən təxirə salındığı barədə çox maraqlı materiallar təqdim edib. Görünən odur ki, hakimiyyətdəkilərin başı daxili didişməyə qarışdığından Kəlbəcərin işğal təhlükəsiylə üz-üzə qalması kimsəni narahat etmirmiş. Biz hissə-hissə həmin materialları oxuculara təqdim edirik. (əvvəli dünənki-27 mart tarixli saat 10.20 tarixli xəbər lentində) Milli Qvardiya alayının komandiri Elmar Hüseynov Milli Qvardiyanın ilk alay komandiri olmuş, 31 noyabr 1992-ci il tarixində Qubadlı-Laçın bölgəsində erməni təcavüzkarlarına qarşı gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş mayor Əfqan Qaraxan oğlu Hüseynovun yerinə Alay komandiri təyin edilmişdi. Milli Qvardiya komandanı əvəzi Tahir Məmmədov tərəfindən Elmar Hüseynov alay komandiri vəzifəsinə təyin ediləndə mən Tahir Məmmədova Elmar Hüseynovun alay komandiri vəzifəsinə layiq olmadığını konkret faktlara əsaslanaraq acıq şəkildə bildirmişdim. Milli Qvardiya alayının komandiri vəzifəsinə təyin edilməmişdən əvvəl Elmar Hüseynov alay komandirinin arxa cəbhə üzrə müavini vəzifəsində işləyirdi. Milli Qvardiya komandanı əvəzi Tahir Məmmədovun yerlisi və dostu olan, Gədəbəy rayon İcra Hakimiyyəti başçısı vəzifəsində işləyən Saleh Məmmədovun xahişi ilə Milli Qvardiyaya işə götürülən, əvvəlcə alay komandirinin siyasi işlər üzrə köməkçisi vəzifəsinə təyin edilən mülki şəxs Məzahir Bağırov sonradan Qvardiyada söz sahibinə çevrilmişdi. Məzahir Bağırov Milli Qvardiyaya gələndən sonra bir çox yaxınlarını və qohumlarını komandan əvəzi Tahir Məmmədovun adamı kim ortalığa düşərək qvardiya sıralarına qəbul etdirirdi. Bunlardan biri də sıravi Kərimov Sabir Polad oğlu idi. O ilk günlər sıravi qvardiyaçı vəzifəsinə qəbul edilsə də qohumu Məzahir Bağırovun vasitəçiliyi ilə alayda ərzaq anbarının rəisi vəzifəsinə təyinat ala bilmişdi. Düzünü desəm, Sabir hərbiçi olmasa da mənim də xoşuma gəlmişdi, işgüzar adama oxşayırdı. Odur ki onun təyinatına kadrların rəisi olaraq maneə yaratmamışdım. Bir müddət keçəndən sonra Məzahirin köməkliyi ilə və Kərimov Sabir Polad oğlunun israrlı canfəşanlığı nəticəsində Elmar Hüseynov alay komandiri vəzifəsinə təyinat ala bilmişdi. Burada Elmar Hüseynovun əslən ermənistanlı olması faktoru da böyük rol oynamışdı. Tahir Məmmədovun da ana tərəfi bu bölgədən idi. Sabir Kərimovla Məzahir Bağırovun canfəşanlığını başa düşmək olardı. Onlar tutduqları vəzifəyə ticarətçi gözü ilə piştaxta arxasından baxırdılar. Mülki şəxs olub ticarətlə məşğul olan bu insanlar istəsələr də alay komandiri vəzifəsinin mahiyyətini başa düşə bilməzdilər. Elmar Hüseynovun alay komandiri vəzifəsinə təyin olunması Sabir Kərimovun şəxsi maraq dairəsinə aid idi. Onun üçün vəzifə yolu açılırdı. Elmar alay komandiri olan kimi o Elmarın təqdimatı ilə alay komandirinin arxa cəbhə üzrə müavini vəzifəsinə təyin olunacaqdı. Atalar demişkən, əl əli, əl də üzü yuyacaqdı... Bu insanların vasitəsi ilə Tahir Məmmədovla yaxın əlaqələrindən məharətlə istifadə edən Elmar Hüseynov öz çirkli əməllərini həyata keçirmək üçün əla fürsət əldə etmişdi. Onun qarşısında duran yeganə maneə mən idim. O məni gözdən salmaq üçün müəyyən planlar cızırdı. Hər yerdə Şamaxılı olduğumu söyləyir, məni kimlərləsə əlaqələndirmək istəyirdi. Lakin o qarşısına qoyduğu iyrənc məqsədinə çox çalışsa da nail ola bilmirdi. Elmar Hüseynovun bütün planlarından xəbərim vardı. O mənim necə əməliyyatçı olduğumu çox gözəl bilirdi. Elmar Hüseynovu da Gəncədə ən çox qorxudan bu faktor idi. O çox böyük səhvə yol vermişdi. Mən artıq mənimlə həmrəy və həmkar olan zabit yoldaşlarıma Elmar Hüseynovun bəzi hərəkətlərinin mahiyyətlərini xırda hissəciklərinə qədər acıb başa salmışdım. O özü bilmədən biz onun bütün hərəkətlərinə nəzarət edir və onu izləyirdik. Gəncədə İsgəndər Həmidov Sürət Hüseynovla görüşdüyü günün axşamı bizə dəqiq məlumat çatdırıldı ki, bu görüşdən bir gün qabaq Elmar Hüseynov Sürət Hüseynovun mühafizəçisi olan qohumu vasitəsi ilə Sürət Hüseynovla görüşüb. Görüşün keçirildiyi yer də bizə məlum idi. Lakin yaranmış siyasi vəziyyətin birdən-birə dəyişməsi bizi pis vəziyyətə salmışdı. Dövlət rəhbərlərinin Sürət Hüseynovla görüşlərinin intensivləşməsi, bu görüşlər nəticəsində Sürət Hüseynovun real güc faktoru kimi ortaya cıxmasına səbəb olmuşdu. Dövlət rəhbərləri ilə yanaşı Gəncəyə Sürət Hüseynovla görüşə respublikanın tanınmış ictimai -siyasi xadimlərı İsmayıl Şıxlı, Tofiq Bağırov başda olmaqla məşhur yazıcılar və görkəmli ziyalılar gəlməyə başlamışdılar. Mətbuatda və televiziyada bu görüşlər geniş işıqlandırılırdı. Elmar Hüseynov Sürət Hüseynovun gündən-günə artan nüfuzundan istifadə edib onunla gizli görüşlərini artıq acıq şəkildə davam etdirdi. Özü ilə bərabər Tariyel Nəsirovu və Sabir Kərimovu da Sürət Hüseynovun atasının yas mərasiminə aparmışdı. Bununla da o bizə bir növ xəbərdarlıq etmiş olurdu. Baş vermiş bu hadisələrdən sonra Elmar Hüseynov, Tariyel Nəsirov, Sabir Kərimovun qonaqlıq məclisləri daha da genişlənmişdi. Onlarin növbəti qonaqlıqda olduğu vaxtların birində yəni 1993 cü il 27 mart tarixində günortadan sonra Milli Qvardiyanın Gəncədəki məsul rəhbərliyini Gəncə Şəhər İcra Hakimiyyətinə yenidən dəvət etmişdilər. Yenə də mən Qvardiya rəhbərlərini tapa bilməyib İcra Hakimiyyətinə özüm getməli olmuşdum. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının müavini məni dəhlizdə qarşılayıb görüşmüşdü və mənə bildirmişdi ki, sizi icra hakimiyyəti başçısının otağımda Azərbaycan Respublikasının baş naziri Pənah Hüseynov gözləyir. Düzü gözləmədiyim bu xəbərdən ilk anda tərəddüd kecirmişdim. Geyim formama fikir verib içəri keçmişdim. İcra başçısının qəbul otağında respublikanın görkəmli ictimai xadimləri, tanıdığım mərhum yazıçı İsmayıl Şıxlı, Tofiq Bağırov və tanımadığım 5-6 nəfər masa arxasında oturmuşdu. Onlar masa arxasında oturub meyvə yeyirdilər. Xüsusən Azərbaycan respublikasının xalq yazıçısı İsmayıl Şıxlını masa arxasında görəndə özümü itirmişdim. Mən bu görkəmli xalq yazıçısının bir neçə əsərini oxumuşdum, Xüsusən onun "Dəli Kür" romanı və roman əsasında çəkilmiş "Dəli Kür" filmi gənclik yaşlarımda mənə çox müsbət təsir etmişdi. "Dəli Kür"də Cahandar Ağanın obrazı mənim gözümdə kişliyə məxsus olan bütün müsbət xüsusiyyətləri özündə əks etdirirdi. Cahandar Ağa mənim üçün bir kişilik simvolu idi. Hər dəfə mərhum İsmayıl Şıxlını görəndə elə zənn edirdim ki, Cahandar Ağadır. İndi İsə Gəncə şəhərinin icra hakimiyyətinin inzibati binasında gözlənilmədən xalq yazıçısı İsmayıl Şıxlı ilə üz-üzə idim. O masa arxasında oturaraq əlindəki kiçik cib bıçağı ilə əlindəki almanın qabığın soyurdu. Mən xalq yazıçısını və masa arxasında oturan dövlət xadimlərini görəndə özümü itirdim. Onlara asta səslə salam verdim. İsmayıl Şıxlı ora-bura baxdığımı hiss edib baş nazir Pənah Hüseynovun içəridə olduğunu dedi. Deyəsən onların Pənah Hüseynov tərəfindən Milli Qvardiya komandanlığının Gəncə icra hakimiyyətinin inzibati binasına çağırılmasından xəbərləri var idi. Qapını döyüb icra başçısının kabinetinə daxil oldum. Gözlərimə inanmadım. Gəncə şəhər icra hakimiyyəti başçısının qəbul otağında Baş nazir Pənah Hüseynovla bərabər Sürət Hüseynov burada idi. Icra hakimiyyətinin başçısının kabinetində kimlərin olmasını isə görməmişdim. Qəbul otağında girəndə sol tərəfdəki pəncərənin önündə yarımçıq konyak butulkası qoyulmuşdu, Sürət Hüseynov və Pənah Hüseynovun əlində yarımçıq konyak süzülmüş stəkan var idi, onlar nə barədəsə söhbət edirdilər. Baş nazir Pənah Hüseynova hərbi salam verib onun əmri ilə gəlişimi məruzə etdim. Pənah Hüseynov üzündə xoş gülüş təbəssümü ilə mənim məruzəmi qəbul edib, gülə-gülə dedi: "komandir, bu gündən yeriniz peykanlıdır. Dəstəni çəkib Bakıya gedə bilərsiniz." "Oldu" deyib çölə çıxan zaman Pənah Hüseynova məruzə etdiyim vaxtı mənə qıyqacı baxan Sürət Hüseynov Pənah Hüseynovdan "qvardiyanın komandiri budurmu" soruşduğunu eşitdim. Gəncə şəhəri icra hakimiyyəti binasından çıxıb birbaşa Qvardiyanın yerləşdiyi qərargaha gəlib komandirlərə qvardiyaçıları postlardan çıxardıb, Bakıya yola düşmələri üçün hazır olmaları barədə göstəriş verdim. Həmin gün artıq hava qaralmaq üzrə idi. Qvardiya rəhbərliyi də gəlib çıxmışdı. Baş nazir Pənah Hüseynovun göstərişini Tariyel Nəsirova çatdırmışdım və Bakıya getmək barədə komandirlərə göstəriş verdiyimi ona bildirmişdim. O bir söz deməmişdi, Tariyel Nəsirovun, Elmar Hüseynovun təsiri ilə mənə qarşı münasibətinin axır vaxtlar sərinləşdiyini hiss edirdim. Onların simalarından bu açıq-aydın hiss olunurdu. Yalnız Sabir Kərimov mənə isti münasibət göstərirdi. Arabir qoluma girir, nədənsə ehtiyacım olub-olmadığını soruşurdu. Mənim də ona hörmətim var idi. Mən əmin idim ki, onun Elmar Hüseynovun məkrli oyunundan xəbəri yoxdur. Elmar ondan bir növ qalxan kimi istifadə edirdi. Elmar səhifə yol vermişdi. Hərəkətlərindən Tahir Məmmədovun şübhələnməməsi üçün Sabir Kərimov ona hava-su kimi lazım idi. Ölkədaxili siyasi vəziyyət bir qədər sabitləşsə də cəbhə bölgəsində, o cümlədən Kəlbəcər rayonunda ağır döyüş vəziyyəti yaranmışdı. Erməni təcavüzkarları və onların havadarları rus ordusunun köməkliyi ilə Kəlbəcəri demək olar ki, mühasirəyə almışdılar. Ermənilər bütün cəbhə boyu hücuma keçmişdilər. Milli Qvardiyanin iki taboru Qubadlı rayonunda döyüş bölgəsində ön cəbhə xəttində yerləşdirilmişdi. Milli Qvardiya alayının komandir heyətinin bir hissəsi cəbhə bölgəsində idi. Alayın hərbi mükəlləfiyyətli əsgərləri dövlət əhəmiyyətli obyektlərin mühafizəsinə cəlb edilmişdı. Qoravul xidmətinə nəzarət etmək üçün zabit heyəti çatışmırdı. Qvardiyanın zabit və gizir heyəti gücləndirilmiş iş rejimində xidmət aparırdılar. Geri qayıt |