Əsas Səhifə > Güney Press, Ana xəbərlər > “Ermənistan Konstitusiyası dəyişdirilməsə...”

“Ermənistan Konstitusiyası dəyişdirilməsə...”


27-07-2024, 07:18
 “Ermənistan Konstitusiyası dəyişdirilməsə...”
Erməni fəal İşxan Verdyanın AYNA-ya müsahibəsini təqdim edirik:

- Bugünlərdə “Facebook” sosial şəbəkəsində Bakıya səfər etmək istədiyiniz yazı yazdınız. Bu yazı vasitəsilə nə demək istəyirsiniz?

- Bu sualın cavabı şəxsi səviyyədədir. Bu, siyasi bəyanat və ya mövqe bəyanatı deyil, şəxsi motivasiyadır. Çoxlu bakılı dostlarım var ki, onlarla tez-tez ünsiyyətdə oluram, onlar mənə öz dillərini öyrədirlər, mədəniyyətlərindən danışırlar. Bakılıların həyatındakılar mənə çox tanış görünür - eyni adətlər, eyni söz birləşmələri, hətta eyni sözlər. Musiqi və mətbəx haqqında susuram. Mən sadəcə hər şeyi öz gözlərimlə görmək istəyirəm - yeməkləri dadım, musiqiyə qulaq asım, şəhəri gəzim. Dostlarla görüşmək, sonda həmkarlarla şəxsən görüşmək istəyirəm. Deməli, bəli, bu, tətil planı kimi sırf şəxsi istəkdir.

- Son vaxtlar ABŞ diplomatiyası Ermənistanda fəaliyyətini intensivləşdirib. İş o yerə çatıb ki, Amerika ordusunun nümayəndəsi Ermənistan Müdafiə Nazirliyində çalışacaq. Siz bu barədə nə düşünürsünüz?

- Ermənistanda fiziki olaraq mövcud olan amerikalıların sayı heç bir şəkildə ABŞ-dakı qərar qəbuletmə mərkəzlərinə təsir göstərmir. Tam əksi - amerikalıların İrəvanın rəsmi dəhlizlərində fiziki iştirakı nə qədər çox olarsa, ABŞ-ın Ermənistandakı qərar qəbuletmə mərkəzlərinə təzyiqi də bir o qədər güclü olur. Odur ki, mən Ermənistan hökumətindən çox xahiş edərdim ki, ABŞ-dan olan bir hərbi məmurun Ermənistan Müdafiə Nazirliyində görəcəyi işlərlə bağlı açıq izahat versin.

- Avropa Siyasi Birliyinin 4-cü sammiti çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən imtina edib. Sizcə, bu hərəkətin səbəbləri nədir?

- Bu hadisə hər iki tərəfdən rəsmi şərhsiz qaldığından, onun həll olunduğunu düşünməyə meylliyəm. Amma mən hörmətli oxucularımıza təklif edərdim ki, həmin sammitdən rəsmi fotoya baxsınlar və cənab Əliyevlə Paşinyanın harada durduğunu görsünlər. Fotoşəkildə onlar diametrik olaraq əks qütblərdə dayanırlar. Bu fotoşəkil yaxşı düşünülmüş protokolun bir hissəsidir və bu, o deməkdir ki, əvvəlcədən fotoşəkildə Ermənistan və Azərbaycanın mövqelərinin ziddiyyət təşkil etdiyi bir protokol yazılmışdı. Və belə bir mühitdə təkbətək, hətta ciddi şeylər haqqında danışmaq necə mümkün ola bilər?!

- Rəsmi Bakı israr edir ki, Azərbaycana qarşı ərazi iddialarını əks etdirən Müstəqillik Bəyannaməsinə istinad Ermənistan Konstitusiyasından çıxarılsın. İndiki şəraitdə bu məqamda Ermənistan Konstitusiyasına dəyişikliklərin edilməsi nə dərəcədə realdır?

- Ermənistan Konstitusiyası indiki formada Ermənistanın Qarabağa iddialarını qanunsuz sayan beynəlxalq müqavilələrin ratifikasiyasına imkan vermir. İstənilən belə razılaşma Konstitusiyaya zidd olacaq, Konstitusiya Məhkəməsinə şikayət ediləcək və ləğv ediləcək. Yəni Ermənistan konstitusiyaya dəyişiklik etməsə, sırf hüquqi baxımdan Azərbaycanla sülh müqaviləsi bağlamaq hüququ olmayacaq. Nəticə etibarı ilə, bu gün Ermənistanda konstitusiyaya dəyişikliklər əsas prioritetdir və bu, ilk növbədə həyata keçirilməlidir. İrəvanın dəhlizlərində bununla bağlı anlayış varmı, bilmirəm.
Geri qayıt