Əsas Səhifə > Güney Press > YAP-ın 1 sentyabr TAKTİKASI...

YAP-ın 1 sentyabr TAKTİKASI...


26-07-2024, 18:07
YAP-ın 1 sentyabr TAKTİKASI...
Hakim Yeni Azərbaycan Partiyası (YAP) dövlət idarəçiliyində rolunu artırmaq, vaxtilə itirdiyi mövqeləri geri qaytarmaq uğrunda mübarizəyə başlayıb. İqtidar partiyasının sentyabrda keçiriləcək, növbədənkənar parlament seçkilərinə fürsət kimi baxdığı bildirilir.

Yenisabah.az xəbər verir ki, YAP növbədənkənar parlament seçkilərinə “köhnə qvardiya”nın tanınmış nümayəndələri ilə qatılıb. Əli Əhmədov, Mübariz Qurbanlı, Heydər Əsədov, Asif Əsgərov kimi veteran YAP-çıların seçki mübarizəsinə qoşulması da bunu sübut edir.

Qeyd edək ki, gözləntilərin əksinə olaraq, hakimiyyət partiyası seçki mübarizəsini özünün "ölüm-dirim məsələsi"nə çevirdi. YAP-ın bütün dairələr üzrə namizəd irəli sürməsi bu siyasi təşkilatın seçki kampaniyasına xüsusi önəm verdiyini göstərir.

Veteran YAP-çılardan biri bizimlə söhbət zamanı deyib ki, YAP son illər itirdiyi mövqeyini geri qaytarmaqda israrlıdır. Onun sözlərinə görə, “köhnə qvardiya” dövlət idarəçiliyindən kənarda saxlanılması ilə heç cür barışa bilmir.

Mənbə, növbədənkənar parlament seçkilərində YAP-ın namizədlərinin əksəriyyətinin qalib gələcəyinə əminliyini bildirib. O, mövcud 125 dairənin ən azı 75-də YAP-çı namizədlərin mandat sahibi olacağını bildirib.

Müsahibimiz deyib ki, parlamentin yeni rəhbərliyi formalaşdırılarkən YAP-ın maraqları əsas götürülə bilər. Onun qənaətincə, vitse-spikerlərdən ən az ikisi tanınmış YAP-çıların arasından seçiləcək. Marafon başa çatdıqdan sonra isə, müxtəlif dövlət qurumlarında yüksək vəzifələrə təyinatlarda partiya mənsubiyyətinin əsas götürülməsi təşəbbüsü ilə çıxış ediləcək. YAP üzvü olan və partiyaya bağlılığı şübhə doğurmayan çox sayda kadrın müxtəlif dövlət qurumlarında, nazirliklərdə, baş idarələrdə, hətta yerli icra hakimiyyətlərində məsul vəzifələrə təyin olunması gözlənilir. Hakim partiyanın bununla bağlı xüsusi fəaliyyət proqramına malik olduğu bildirilir.

Geri qayıt