Əsas Səhifə > Güney Press > Akademik İsa Həbibbəylinin robotla "siyasi" söhbəti

Akademik İsa Həbibbəylinin robotla "siyasi" söhbəti


26-07-2024, 16:29
Akademik İsa Həbibbəylinin robotla "siyasi" söhbəti
Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəylinin robotla söhbətinə baxdım.
Robot İsa müəllimin verdiyi: "Sənin adın nədir?" sualı qarşısında çaşdı. Bəlkə də Naxçıvan ləhcəsini proqram tanımadı. Hər halda söhbət çox çətin alındı. Robot adını İsa Həbibbəyliyə deməkdən imtina etdi. Akademikin ətrafındakılardan biri də qayıdıb deyəsən ki: "İsa müəllim, bunun kompüteri zəifdir". Yəni kompüteri zəif olmasa, dil-dil ötərdi. Amma, doğrudan da, bu robot zəif olmasaydı, qayıdıb deyərdi ki, "nolsun, İsa müəllimin "kompüter"i mənimkindən də zəifdir, amma buna baxmayaraq, bu boyda Akademiyaya prezident qoymusunuz".

Nə yaxşı ki, söhbət uzun çəkmədi. İsa Həbibbəylinin bəxti gətirdi. Yoxsa, robot qırmızı-qırmızı dirəşib sual verərdi ki, "İsa müəllim, eşitdiyimə görə, Siz deputatsınız?"

İsa müəllim də qırıla-qırıla qalardı, yavaşca robotun qulağına deyərdi ki, "hə, deputat idim, özümü buraxdım, indi yenə seçki var, amma mən siyahıda yoxam".

Robot təəccübündən qışqırardı:

- Ay İsa müəllim, deputatın səlahiyət müddəti beş ildir. Amma Siz 4 il yarım ərzində özünüzü iki dəfə buraxmısınız. Bu necə olur axı belə?!

İsa müəllim də qalardı belə. Deməyə sözü olmazdı. Onda robot qayıdıb açıqca deyərdi:

- Mən Sizdən yaxşı vəziyyətdəyəm ki. Süni də olsa, intellektəm.

Sonra robot əlini göyə açıb deyərdi: "Ey, bu rəqəmsal Kainatı yaradan Tanrı, sənə şükürlər olsun. Sən bu süni də olsa, intellektimi əlimdən alma. Axı, mən İsa Həbibbəyli kimi bir akademik olmaq istəmirəm!"

Video köhnədir, ya təzədir, bilmirəm. Bircə onu bilirəm ki, Mirzə Ələkbər Sabir düz deyirdi: "əcnəbi seyrə balonlarla çıxır"....

Qara Şəhərli, Bizimyol.info

Geri qayıt