Əsas Səhifə > Güney Press > Xankəndi və Şuşadan olan məşhurlar deputatlığa namizəd olacaqlar?

Xankəndi və Şuşadan olan məşhurlar deputatlığa namizəd olacaqlar?


26-07-2024, 16:16
Xankəndi və Şuşadan olan məşhurlar deputatlığa namizəd olacaqlar?
Xəbər verdiyimiz kimi, sentyabrın 1-də Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək. Hakim Yeni Azərbaycan Partiyası artıq 125 dairə üzrə öz namizədlərini açıqlayıb. Bundan əlavə, bir çox partiyaları təmsil edən siyasətçilərin və bəzi bitərəf şəxslər də namizədliklərini irəli sürüblər.

Qeyd edək ki, bu il ilk dəfə işğaldan azad olunmuş ərazilərimizdə parlament seçkiləri keçiriləcək.

Maraqlıdır, Şuşa və Xankəndidən olan tanınmış şəxslər seçkilərdə öz namizədliyini irəli sürəcəklərmi?

Əslən Xankəndidən olan IV və V çağırış deputatı Flora Qasımova Bizim.Media-ya açıqlamasında bildirib ki, bu dəfə seçkilərdə iştirak etməyəcək:

“İki çağırışda deputat olmuşam. Mənim əsas işim öz seçicilərimə verdiyim sözü yerinə yetirmək idi. Nə söz vermişdimsə, yerinə yetirdim. Artıq Xankəndi azad olunub, kim seçiləcəksə, uğur arzulayıram. Xankəndinin seçicilərinə, onların təkliflərrinə yaxşı baxmaq lazımdır” – deyə, sabiq deputat bildirib.

Əslən Şuşadan olan xalq artisti Firəngiz Mütəllimova da seçkilərdə iştirak etməyəcəyini bildirib:

“Bu barədə heç düşünməmişəm. Deputatlığa namizəd olmayacam, sənətimlə məşğulam”.

Xalq artisti Flora Kərimova da əsli Şuşadan olanlardandır. Sənətkarın köməkçisi Yaqut İmanova saytımıza bildirib ki, Flora Kərimova deputatlığa namizəd olmayacaq:

“Flora xanımın 83 yaşı var, onun üçün deputatlığa namizəd olmaq çətindir” – deyə, köməkçisi bildirib.

Şuşalı aktyor Tahir İmanov isə seçkilərdə iştirak edib-etməyəcəyi ilə bağlı ünvanladığımız sualı cavablandırmaqdan yayınıb.

Xatırladaq ki, bu yaxınlarda xalq artisti Polad Bülbüloğlu seçkilərdə Şuşadan namizəd olacağını açıqlayıb.

Geri qayıt