Əsas Səhifə > Güney Press > Geosiyasi çağırış: "Onu burax, bana gəl..."

Geosiyasi çağırış: "Onu burax, bana gəl..."


26-07-2024, 15:47
Geosiyasi çağırış: "Onu burax, bana gəl..."
Amerikalı diplomat Gürcüstan hökumətini "axmaq" adlandırıb. Turan agentliyinin məlumatına görə, dövlət katibinin köməkçisinin müavini Yuri Kim Vaşinqtondakı Karnegi Fondunda çıxış edib. Kim öz çıxışında Gürcüstandakı "Gürcü arzusu" partiyasının hakimiyyətini sərt tənqid və hətta təhqir edib. O, Gürcüstan hökuməti haqda belə deyib: ""Gürcü arzusu" öz xalqını təmsil etdiyini və ölkəsinin gələcəyini Avropada və Birləşmiş Ştatlarla sıx münasibətlərdə gördüyünü bəyan edib, sonra da Rusiyadakı adamlarınızın sizə verdiyi tapşırığı yerinə yetirə bilməz. Xüsusilə, ölkənin 20 %-i Rusiyanın işğalı altında olduğu bir vaxtda bu axmaqlıqdır".
Amerika Dövlət Departamentinin Avropa və Avrasiya üzrə nümayəndəsi Ermənistan haqqında da maraqlı açıqlama verib. "Ermənistan alternativlər axtarır" deyən Yuri Kim bununla rəsmi İrəvanı hələ də birmənalı seçim etmədiyinə işarə vurub və beləliklə, Vaşinqtonun hələ də Nikol Paşinyan hökumətinin səmimi olduğuna inanmadığını göstərin. Ermənistanın alternativ axtarışını ehtiyatla təqdir edən diplomat səbəbi açıq deyib: “Bu, o demək deyil ki, onların Rusiya ilə münasibətləri pisləşir".

ABŞ rəsmisinin bu sözləri o deməkdir ki, Vaşinqton İrəvandan hər an xəyanət gözləyir və əslində Qərblə oyun oynamasından, Rusiyadan hələ də çox asılı olduğundan narahatlıq keçirir. ABŞ-da yaxşı başa düşürlər ki, Rusiya ermənilərə Azərbaycan torpaqları hesabına saxta Vətən, yox yerdən dövlət qurub hədiyyə edib. Belə səxavətli ağaya asi olan, sabah yeni ağasından da üz çevirə bilər. Ancaq bununla belə Kim ABŞ-ın Ermənistana maliyyə yardımını artırdığını, Ermənistanı "təcriddən çıxarmaq" istədiklərini deyib. "Təcrid" deyəndə o, daha çox Rusiyadan asılılığı azaltmağı, bitirməyi, Türkiyə-Ermənistan sərhəddinin açılmasını nəzərdə tuta bilər.

Azərbaycana gəlincə, Yuri Kim: “Biz Azərbaycanla tamqiymətli, mükəmməl münasibətlər istəyirik” deyib. Ümumiyyətlə, Yuri Kim hər üç Cənubi Qafqaz ölkəsinin "mühüm seçim" etməsini gözlədiklərini bildirib. Azərbaycandan da istədikləri bu kontekstdədir; "tamqiymətli, mükəmməl münasibətlər" deyəndə Rusiya ilə əlaqələri minimallaşdırmaq, Çinlə yaxınlaşmanı dayandırmaq və birmənalı olaraq, yalnız ABŞ və Avropa İttifaqı ilə işləmək tövsiyə olunur. Bunu "tövsiyə" adlandırsaq da, əslində diqtə cəhdidir. Ancaq Azərbaycan prezidentinin iyulun 21-də Şuşadakı çıxışından görünür ki, İlham Əliyev bu "tövsiyə"ni qəbul etmək fikrində deyil.

Prezident deyib: "Biz fərqli yol seçdik. Bu, asan deyildi. Bizim ölkədə sabitliyi pozmaq səyləri oldu. 2000-ci illərin əvvəllərində narıncı inqilablar, rəngli inqilablar cəhdləri olurdu. Eyni zamanda, bizim seçimimiz Azərbaycanın satellit ölkəyə, “proksi” ölkəyə, vassal, qul ölkəyə çevrilməsinin qarşısını aldı".

Burdan görünür ki, Yuri Kim olmur, kim olur-olsun, Azərbaycan heç kimin "onu burax, bana gəl" çağırışını qəbul etmir. Baxmayaraq ki, "iki sevda çəkənlərin cəzası var..."

"Cəza" deyəndə isə, Qərbin heç bitməyən təzyiqlərini nəzərdə tuturuq. Azərbaycan prezidenti isə son çıxışlarında da olası təzyiqlər qarşısında geri çəkilmək istəmədiyinin mesajını bir daha verib.

ABŞ-ın, eləcə də, Avropa İttifaqının Azərbaycana təzyiqinin bir forması da sülh müqaviləsinin imzalanmasını yubadan Ermənistana nəinki təzyiq göstərməməkləri, əksinə siyasi, maliyyə və hərbi-texniki dəstəyi artırmalarıdır. Ancaq özləri də fərqinddirlər ki, Ermənistana qoyduqları siyasi sərmayə hətta Gürcüstandakından da tez bata bilər. Doğrudur, Gürcüstanın hazırkı siyasi ağlını "axmaqlıq" hesab edirlər. Ancaq Gürcüstanın əvvəlki yolunu getmək istəyən Ermənistanın öz daxilində də bunu axmaqlıq sayanlar da var. Ən böyük axmaqlıq isə Ermənistan kimi "sürüşkən" dövlət təfəkkürünə (əgər buna "təfəkkür" demək olarsa) siyasi sərmayə yatırmaqdır. Zaman gələcək, həmin Yuri Kim və ya onun yerinə gələcək başqa bir kim, kimlərsə Ermənistanı indiki Gürcüstandan daha betər hədələyəcək, "axmaq", hətta "xain" deyə aşağılayacaqlar. Hələ ki, kövrək Vaşinqton-İrəvan arasında izdivac yoxdur; geosiyasi sevgililər bal ayı tətilindədirlər. Bu münasibətlər rəsmi izdivaca çevrilə bilmir; İrəvan Moskvadan hələ boşanmayıb axı. Üstəlik "qızın iki adaxlısı var": Ermənistan hökuməti bir əlini də Brüsselə uzadıb...

Orxan, Bizimyol.info

Geri qayıt