Əsas Səhifə > Güney Press > İlginc pensiya sistemi:

İlginc pensiya sistemi:


26-07-2024, 18:56
İlginc pensiya sistemi:
"Pensiyadakı artımlar indeksləşdirmə və eyni zamanda yardımların verilməsi formasında həyata keçirilir. Əmək pensiyaları hər il yanvar ayında indeksləşdirilir və bu, əvvəlki ildə orta aylıq əməkhaqqıdakı artım faizinə uyğunlaşdırılır".

Bunu Milli Məclisin VI çağırış deputatı Vüqar Bayramov bildirib.

O əlavə edib ki, 2024-cü ildəki orta aylıq əməkhaqqıdakı artım faizinə uyğun olaraq, 2025-ci ilin yanvarın birindən etibarən bütün növ əmək pensiyalarında artımlar olacaq:

"Eyni zamanda, yardımların verilməsi ilə bağlı təkliflər də təqdim olunub və bu istiqamətdə müzakirələr getməsi növbəti dövrlərdə hansı istiqamətdə qərarların veriləcəyini bəlli edəcək. Amma bütün hallarda mövcud qanunvericiliyə əsasən, əmək pensiyalarının indeksləşdirilməsi həyata keçirilir və bu, yanvar ayından tətbiq olunacaq.

Eyni zamanda, pensiya kapitalının və inflyasiya faizinin indeksləşdirilməsi həyata keçiriləcək. Həm əmək pensiyalarında, həm də pensiya kapitalındakı artımlar əvvəlki illərdə orta aylıq əməkhaqqı və ya inflyasiya səviyyəsinə uyğun olaraq reallaşacaq.

Əmək pensiyaları orta aylıq əməkhaqqındakı artım faizinə, pensiya kapitalı isə inflyasiya faizinə uyğun olaraq artırılır. Bu da, xüsusən də əməli pensiya yaşı tamam olmayan, amma gələcəkdə pensiya alacaq vətəndaşlarımızın pensiya kapitalının artmasına və onların daha çox pensiya almasına imkan yaradan faktorlardan biridir.

Konkret rəqəmlər ilin ikinci yarısında bəlli olacaq və xüsusən də payız aylarında müəyyənləşəcək. Bununla bağlı artıq konkret rəqəmlərin təqdimatı və eyni zamanda pensiya kapitalında hansı faiz artımın olmasını təqdim etmək mümkün olacaq. Bütün hallarda qanunvericiliyə əsasən, artıq 2024-cü il yekunlaşdıqdan sonra orta aylıq əməkhaqqındakı artım faizinə uyğun olaraq, növbəti ilin yanvarından etibarən bütün növ əmək pensiyalarında artımlar qeydə alınacaq".

Qeyd edək ki, hazırda pensiya kapitalı 40 min manatdan yüksəkdir. Həmin pensiya kapitalını indiki 345 manat minimum maaşla toplamaq mümkün olacaqmı?

İqtisadçı-ekspert Akif Nəsirli “Cebheinfo.az”-a bildirib ki, qanuna uyğun olaraq əmək pensiyası orta aylıq əməkhaqqının artım tempinə uyğun olaraq kompensasiya edilir:

“Bu, artım deyil, kompensasiyadır. Kompensasiya odur ki, bir il ərzində pensiya məbləği itirdiyi dəyəri bərpa edir. Real dəyərin itkisi nominal dəyərlə kompensasiya edilir.

Məsələn, ilin əvvəlində pensiyaçı kimi vətəndaş 100 manatlıq istehlak etdiyi ərzaq məhsulunu ilin sonunda 100 manata edə bilmir. Ona artıq 120 manat lazımdır ki, o həyati vasitələri almağa imkanım olsun. Əslində inflyasiyaya uyğun olaraq əmək pensiyası artmalıdır, ancaq hazırda orta aylıq əməkhaqqının artım tempinə uyğun artırılır. Qanunda da bu cür nəzərdə tutulur”.

O ki qaldı pensiya kapitalına, ekspertin sözlərinə görə, Azərbaycanda pensiya kapitalı mövcud deyil:

“Kapital hər hansı bir pul kütləsidir. Ancaq Azərbaycanda vətəndaşların Dövlət Sosial Müdafiə Fonduna köçürdüyü vəsait kapital kimi yığılmır. Ona görə də bu pensiya kapitalı deyil.

Sadəcə vətəndaşın pensiyasını müəyyən etmək üçün sığorta kapitalı adlandırmaq olar. Yəni o pul orada qalmır. Həmin pul məsələn, əməkhaqqından ödədiyim sığortaya həmin ayda da pensiyaçıların pensiya müavinətlərini ödəmək üçün xərclənir.

Yəni oraya dəfnə yığılmır. Ona görə də onu pensiya kapitalı adlandırmaq olmaz. Həmin o pensiya kapitalının da itirdiyi dəyəri inflyasiyaya görə kompensasiya edirlər. Sadəcə olaraq, itirilən real dəyər bərpa olunur.

Artım ölkə başçısınını qərarı ilə elan olunur. O ki qaldı minimum əməkhaqqı alan insanlara, onlar gərək 25 il minimum əməkhaqqı alsın ki, ona indiki şərtlərlə 280 əmək pensiyası verilsin. Pensiya kapitalı elə hesablanıb ki, minimum əməkhaqqını 25 il davamlı alsa, pensiya kapitalını toplamalıdır.

Bu gün 220 manat yaşa müavinətdir, 280 manat da minimum pensiyadır. Gərək 60 manat üçün 25 il davamlı çalışasan”.

Geri qayıt