Əsas Səhifə > Güney Press, Üst manşet > 44 günlük savaşda döyüşdü, indi isə...
44 günlük savaşda döyüşdü, indi isə...24-07-2024, 08:48 |
Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi 39, mənzil 2-də yaşan, 44 günlük müharibə iştirakçısı İlkin İsmayılzadənin anası Nargilə İsmayılova tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi haqsız yerə işdən çıxarıldığını, eləcə də İcra Hakimiyyəti tərəfindən ali təhsilli oğluna qarşı diqqətsizlik edildiyini bildirir: “Bildirirəm ki, oğlum İsmayılzadə İlkin Nəsib oğlu 44 günlük müharibənin iştirakçısı olub, veterandır. Özüm xəstəyəm, müalicə almadığım gün yoxdur. Yoldaşım da ürək xəstəliyindən əziyyət çəkir. “Nargila Residence” çoxmərtəbəli binada xadimə işləyirdim, məni ixtisara saldılar. Səbəb haqsızlığa göz yuma bilməməyim olub. Bəhanə edib işimə, çörəyimə son qoydular. İş yerində mənə deyirdilər ki, “sən demoqoqsan”. Sözün düzünü dediyim üçün hər zaman irad eşidirdim. Onlar da ixtisara salınmış işçi kimi məni işdən azad etdilər. Onu da dedilər ki, ola bilər, biraz vaxt keçdikdən sonra səni geri qaytaraq... Oğlumun belində ciddi problemi var, müharibədə zədə alıb, sinirləri müalicə olunmalıdır. Müharibədən sonra rəsmi qurumlar tərəfindən maraqlanan olmadı. İcra Hakimiyyətinin heç bir nümayəndəsi gəlib halını-əhvalını soruşmadı. Ali təhsilli olmağına baxmayaraq, hazırda maşın təmiri ilə məşğuldur. Mən, sizin qəzet vasitəsilə İcra Hakimiyyətindən xahiş edirəm ki, müharibə iştirakçısı olan oğluma dəstək olsunlar. Oğlum işlədiyi obyektə kirayə haqqı verir. Mən bir ana kimi xahiş edirəm ki, bir yer verələr, heç olmasa kirayə pulu verməz. Elə ay olur özünə heç nə qalmır, ancaq kirayə üçün işləyir. Bir daha xahiş edirəm, mənim oğluma İcra Hakimiyyətindən dəstək olsunlar. Cənab Prezidentə də müraciət edirəm, tək ümidim Sizsiniz. Hər zaman məmurlara deyirsiniz ki, müharibə iştirakçılarına dəstək olsunlar. Amma olmurlar. Ali təhsilli uşaqlar işsiz qalıb, hansısa məmurun diplomsuz övladları isə vəzifə başındadır”. Geri qayıt |