Əsas Səhifə > Güney Press > Mehdi Sübhaninin açıqlaması...

Mehdi Sübhaninin açıqlaması...


20-07-2024, 17:05
Mehdi Sübhaninin açıqlaması...
“İran beynəlxalq sərhədlərin dəyişdirilməsinə və regionda istənilən geosiyasi dəyişikliyə qarşıdır”.

“Cebhe.info”-nun məlumatına görə, İranın Ermənistandakı səfiri Mehdi Sübhani “SNN” agentliyinə müsahibəsində belə deyib.

Mehdi Sübhaninin sözlərinə görə, İran Ermənistanın və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.

Səfir həmçinin qeyd edib ki, Ermənistanla ticarət dövriyyəsi 200 milyon dollardan 711 milyon dollara qədər yüksəldə bilib.

“İnfrastruktur və enerji sahəsində yolların tikintisi, qaz və elektrik enerjisi mübadiləsinin genişləndirilməsi kimi birgə layihələr (proqramlar), regional infrastrukturun yaxşılaşdırılmasına və qarşılıqlı ehtiyacların ödənilməsinə kömək edir. Mədəni və təhsil sahəsində qarşılıqlı fəaliyyət iki xalq arasında dostluq əlaqələrinin dərinləşməsinə gətirib çıxarır”, - deyə səfir müsahibəsində bildirib.

Mehdi Sübhaninin açıqlaması İranın Cənubi Qafqaz siyasətində Ermənistanla münasibətlərə önəm verməkdə davam etdiyini bir daha təsdiq edir. Bu baxımdan, son vaxtlar Mehdi Sübhaninin İranla Ermənistan arasında strateji tərəfdaşlığın vacibliyi barədə verdiyi bəyanatlar diqqəti cəlb edir.

Azərbaycan türkü olan Məsud Pezeşkianın İran Prezidenti seçilməsi fonunda İslam İnqilabı Keşikçiləri Korpusunun əməkdaşı olan Mehdi Sübhaninin siyasi cəhətdən fəallaşması səsvermənin nəticələrindən narahat olan ermənilərə təsəlli vermək cəhdi hesab edilir.

Sübhaninin İranın Cənubi Qafqaz siyasətində prinsiplərin dəyişməyəcəyini xüsusi vurğulaması isə Pezeşkianın Azərbaycanla münasibətləri normallaşdırmaq istəyinə qarşı revanşist mövqeyindən xəbər verir. Bütün bunlar isə İranın yeni hökumətinin Azərbaycan və Ermənistanla bağlı siyasətinə münasibətdə ciddi fikir ayrılığının olduğunu deməyə əsas verir.

Mehdi Sübhaninin son müsahibəsində dilə gətirdiyi iki məqam səfirin özünün bu yaxınlarda işlətdiyi “İran Ermənistanın dostu olub, dostudur və dostu olaraq qalacaq” kursuna sadiq qaldığını göstərir. Bu baxımdan, səfirin Azərbaycanla yanaşı, Ermənistanın ərazi bütövlüyündən söz açması səbəbsiz deyil.

Sübhani Ermənistanın ərazi bütövlüyünün guya Azərbaycan tərəfindən pozulduğuna eyham vurur. Bununla da İran diplomatı Ermənistan ərazilərinin Azərbaycan tərəfindən “işğalı” barədə ermənilərin beynəlxalq miqyasda apardığı siyasi kampaniyaya dəstək verir.

İkincisi, Mehdi Sübhani Zəngəzur dəhlizinin Ermənistanın ərazi bütövlüyünə və suverenliyinə zidd olduğuna dair fikirləri bölüşdüyünə işarə edərək İranın buna qarşı çıxacağını nümayiş etdirir.

İranın Azərbaycana münasibətdə siyasi diskriminasiyaya yol verdiyini səfir Sübhaninin ölkəsinin Ermənistanla ticarət dövriyyəsi barədə işlətdityi rəqəmlərdən də aydın görmək mümkündür.

Qeyd edək ki, İran tərəfinin yaydığı rəsmi statistikaya görə, 2024-cü ilin birinci rübünün sonunda Azərbaycanla ticarət dövriyyəsinin həcmi 671,5 milyon dollar təşkil edib.

Ötən ilin müvafiq dövründə bu göstərici 688 milyon dollar olub. Göründüyü kimi, ticarət dövriyyəsində azalma baş verib. Ermənistanla İran arasında ticarət əməliyyatlarının ümumi həcmi isə hər il artan temp üzrə davam edərək 711 milyon dollara çatıb.

Yəni İranın Ermənistanla ticarət dövriyyəsi Azərbaycanla müqayisədə çoxdur. Halbuki, Azərbaycan bazarı Ermənistandan daha böyükdür. Azərbaycan həm iqtisadi potensialına, həm də nəqliyyat-tranzit infrastrukturuna görə, idxal-ixrac əməliyyatları aparmaq üçün daha geniş imkanlara malikdir. Lakin İran Ermənistanla ticarət əməliyyatlarına daha çox üstünlük verir.

Məqsəd isə Ermənistanı iqtisadi və siyasi cəhətdən gücləndirməkdir. Ona görə də Türkiyədə region ölkələrinin “3+3” platformasında keçiriləcək sammitində müsbət nəticə əldə olunacağı şübhə doğurur. Buna səbəb İranın bölgədə Ermənistan vasitəsilə pozucu fəaliyyətindən imtina etməməsidir.

Müşfiq Abdulla
"Cebhe.info"

Geri qayıt