Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Yayda cibimizi "yandıran" bahalaşma...
Yayda cibimizi "yandıran" bahalaşma...20-07-2024, 08:31 |
Kənd təsərrüfatının problemlərini bu yay büdcəmizdə necə lazımdırsa, hiss etdik. Meyvə çox baha satılır. Gilasın kiloqramı 7-8 manatdan aşağı təklif olunmadı. Başqa məhsullarda da fərqli tendensiya müşahidə edilmədi. Kənd təsərrüfatının böhran dövrü yaşadığı göz qabağındadır. Dövlət Statistika Komitəsinin hesabatı da belə deməyə zəmin yaradır. Bizimyol.info xəbər verir ki, hesabat kənd təsərrüfatında durğunluq yaşandığını əks etdirir. Bu sahədə artım, demək olar, dayanıb. Bitkiçilik seqmentində 1,7 faiz kiçilmə diqqət çəkir. İqtisadçı Rövşən Ağayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, son 5 ildə oxşar hal yalnız bir dəfə - 2022-ci ilin ilk yarısında qeydə alınıb. “Nəzərə almaq lazımdır ki, aqrar sahədə durğunluq və geriləmə işğaldan azad edilmiş ərazilər hesabına onminlərlə hektar sahənin fəal dövriyyəyə cəlb edildiyi dövrdə baş verir. İqlim dəyişikliklərinin sahəyə təsiri aşkar hiss edilir. İntensiv yağıntılar, sel və dolu kütləvi şəkildə əkinləri və məhsulları məhv edib. Amma ölkədə səmərəli və yüksək elmi potensiala əsaslanan aqrar idarəçilik də qurmaq mümkün olmayıb. Digər sahələrdə olduğu kimi, burada yaxşı reklam var, amma real və nəticəli iş yoxdur. Aqrar sektor Azərbaycan üçün son dərəcə həssas sahədir. Özü də təkcə ərzaq təhlükəsizliyi baxımından yox. Ölkə əhalisinin ən azı üçdə birinin gəlirləri və məşğulluğu bu sahəyə bağlıdır”. Azərbaycandan danışırıqsa, kənd təsərrüfatındakı durğunluğu iqlimin təsiri ilə çox da bağlamaq olmur. Daha çox idarəçiliyin promlemləri önə çıxır. Aqrar sektorda ciddi islahatlarlar aparılmır, hər şey görüntüyə hesablanıb. Qəşəng şəkillər çəkilir, amma fonda iri təsərrüfatlar kəndlinin əkin sahələrinin axırına çıxır. Örüş yerləri qalmayıb, böyük su qıtlığı var. Kənd təsərrüfatının problemlərindən çox yazmışıq. Durğunluq özünü əhalinin sosial vəziyyətində də göstərir. Hələ daha acınacaqlı hesabatlarla üz-üzə qalacağıq. Sel və yağıntılar fərdi təsərrüfatlara böyük zərər vurub. İdarəçilik problemlərinin çox qabarması əhalinin yoxsullaşmasını daha da sürətləndirəcək. Geri qayıt |