Əsas Səhifə > Güney Press / Ana xəbər > İranın Zəngəzur “get-gəl”i
İranın Zəngəzur “get-gəl”i16-07-2024, 17:07 |
![]() “Azərbaycanın irəli sürdüyü tələblərlə bağlı qərar verən Ermənistandır. Lakin bu məsələdə bizim mövqeyimiz ondan ibarətdir ki, biz sərhəd blokadasının açılmasının əleyhinə deyil, tərəfdarıyıq”. Bunu İranın Ermənistandakı səfiri Mehdi Sübhani deyib. O, Zəngəzur dəhlizi barədə isə bunları söyləyib: “Biz Ermənistanın suverenliyi altında kommunikasiya kanallarının açılmasının tərəfdarıyıq. Bu, regionun bütün ölkələrinə şamil edilməlidir. İndi bizim Naxçıvanla sərhədimiz var və Culfadan İrəvana dəmir yolu ilə, Şataxtıdan Yeraşxa avtomobillə də əlaqə saxlaya bilərik. Marşrut çox qısa olacaq. Başqa sözlə, Meğridən İrəvana təxminən 6 saat, Şataxtıdan Yerasx və İrəvana yəqin ki, bir saatdan az bir yoldur. Yəni yol açılsa, hamı ondan istifadə edəcək. Bu, təkcə şərq-qərb istiqamətinə deyil, həm də şimal-cənub istiqamətinə aiddir. Amma blokadanın açılması ölkələrin milli suverenliyi çərçivəsində əhatə etməlidir. Heç kim öz ərazisində qanunlarının pozulmasına icazə vermir. Bu, beynəlxalq hüquqa ziddir və burada dividentlər olmamalıdır. Faydalar da hər kəsə şamil edilməlidir”. Proseslər Zəngəzur dəhlizinin tezliklə açılmasına doğru gedir? Mövzu ilə bağlı “Cebhe.info”-ya açıqlama verən politoloq Yusif Bağırzadə bildirib ki, Mehdi Sübhaninin açıqlamaları əslində İranın Zəngəzur dəhlizi ilə bağlı mövqeyində elə də böyük dəyişiklik olmadığını göstərir: “O, “Dəhlizlərin açılmasında dividentlər olmamalıdır” deməklə faktiki olaraq Azərbaycanın əsas hissəsindən Naxçıvana və əks istiqamətə yüklərin, sərnişinlərin keçidində rəsmi Bakının irəli sürdüyü tələbin əleyhinə çıxış edir. Belə ki, biz bu dəhlizdən Naxçıvana və əks istiqamətə hərəkətin hər hansı yoxlamaya, gömrük tətbiqinə məruz qalmamasını və yoxlamanın ancaq beynəlxaq daşımalar üçün həyata keçirilməsini istəyirik. İran isə bütün imkanları ilə bunu Ermənistanın suverenliyinə təhdid olaraq qələmə verməyə çalışmaqla faktiki olaraq Azərbaycanın tələblərinin əleyhinə mövqe ortaya qoyur”. Ekspert qeyd edib ki, səfir öz açıqlamasında İranın Naxçıvanla sərhədinin olmasını və İranla Naxçıvan arasında dəmir yolu olduğunu önə çəkməklə dəhlizlərin məhz İran ərazisindən keçməklə, daha sonra Meğriyə və oradan da İrəvana keçməsini variantını irəli sürür: “Amma özü də etiraf edir ki, İran ərazisindən Meğriyə və oradan da İrəvana 6 saatlıq məsafə var. Halbuki, 42 kilometrlik Zəngəzur dəhlizi istənilən yüklərin Naxçıvana daşınması ilə oradan dəmir yolu ilə tez bir zamanda İrəvana çatdırılmasını təmin edə bilər. Yəni Ermənistanın özü üçün də ən məqbul variant İran ərazisindən keçəcək hansısa dəhliz yox, məhz elə Zəngəzur dəhlizidir. Odur ki, Sübhaninin açıqlamalarını İranın Zəngəzur dəhlizi ilə bağlı mövqeyində dəyişiklilər kimi qəbul etmək mümkün deyil”. Geri qayıt |