Əsas Səhifə > Güney Press > Məktəblərdə tədris dəyişir:
Məktəblərdə tədris dəyişir:10-07-2024, 17:16 |
“2024-2025-ci tədris ilində VI sinif üzrə coğrafiya, VII sinif üzrə isə kimya, fizika, biologiya fənləri yeni məzmunda tədris olunacaq”. Bunu Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil siyasəti şöbəsinin müdiri Vəfa Yaqublu deyib. Şöbə müdirinin sözlərinə görə, bu dərsliklər yeni konsepsiya əsasında tərtib olunub: “Yeni dərsliklər fənnin, elmin həyata tətbiqi məsələlərini qabardır və izafi nəzəri bilikləri azaldır. Misal olaraq, yeni coğrafiya dərsliyi şagirdə məkan anlayışını sadə yolla izah etməklə başlayır. Bu vəsaitlərin hazırlanmasında Sinqapurun dərslik hazırlığı sahəsində qabaqcıl institutları kömək edib”. Nazirlik rəsmisi xatırladıb ki, ötən illərdə informatika fənni bir sıra məktəblərdə yeni məzmunda tədris olunub: “Burada şagirdlərə təkcə nəzəriyyə deyil, praktik kodlaşdırma bacarıqları da öyrədilir. Bundan başqa, təbiət fənlərinin tədrisinə ayrılan vaxt və həcm artırılıb. STEAM məşğələlərinin keçirilməsi də məzmunda yeniliklərə aiddir. Xeyli məktəbdə STEAM laboratoriyaları var və bu sahədə əhatəlilik genişləndirilir. Riyaziyyat və Azərbaycan dili fənlərinin məzmunu ilə bağlı təkmilləşdirmələr davam edir. Əgər əvvəllər Azərbaycan dili fənninin tədrisində şagirdlərə əsasən dil qaydalarını öyrədirdiksə, indi dünyada qəbul olunduğu kimi, dörd əsas məsələni öyrədirik: dinləyib-anlama, oxuyub-anlama, danışma və yazı. Dil qaydaları isə bu istiqamətləri öyrənmək üçün zəruri bilikləri verməlidir. I-V sinif Azərbaycan dili dərslikləri bu istiqamətdə hazırlanır. Eyni hal riyaziyyat fənninə də aiddir. Azərbaycanda riyaziyyat elmi və onun məktəbdə tədrisi hər zaman güclü olub, amma riyaziyyat tətbiqi xarakter daşımayıb. Riyaziyyat fənni üzrə çoxlu misallar həll olunur, ancaq eyni misalın məntiqi hansısa məsələyə, konkret həyati situasiyaya aid olanda şagird cavabı tapa bilmir. Hazırda riyaziyyat fənninin məzmunu şagirdə həyati məsələlərlə riyazi termin və formulları öyrətmək üzərində qurulur”. Qeyd edək ki, son illər həm şagirdlər, həm də valideynlər məktəb proqramının çətin olmasından şikayətlənirlər. O da vurğulanır ki, ali məktəbə qəbul zamanı şagirdlər tamamilə başqa- Dövlət İmtahan Mərkəzinin proqramı əsasında hazırlaşmalı olurlar. Yəni bu gün şagirdlər dərsi iki proqram əsasında öyrənmək məcburiyyətindədirlər. Yeni tədris ilindən məktəblərdə 4 fənnin yeni məzmunda tədris olunması DİM-in proqramının tədricən məktəblərə yol açmasının göstəricidir? Təhsil üzrə ekspert Elmin Nuri “Cebhe.info”-ya bildirdi ki, Elm və Təhsil Nazirliyinin rəsmisinin sözlərinə görə, gələn tədris ilindən etibarən 4 fənn, kimya, biologiya, fizika və coğrafiya yeni məzmun əsasında tədris olunacaq: “Bu prosesin DİM-in qəbul proqramı, onun məktəblərə təsiri və bu proqramın məktəblərə yol açması ilə bağlı heç bir əlaqəsi yoxdur. Bu, dünya modern təhsil sistemində çoxdan gedən bir prosesdir. Fənlərin inteqrasiyası, həyati tətbiq modulu istiqamətində qurulması və tədrisi dünya təhsilində çoxdan gedən bir yanaşmadır. Dünya təhsilində ki, DİM yoxdur. Ümumiyyətlə, dünya təhsilində qəbul imtahanını həyata keçirən bir qurumun təhsil prosesinə təsiri yoxdur. Sadəcə, Sinqapur və digər aparıcı təhsil ölkələrinin modelinə yönəlik bir tətbiqdir”. Ekspert bildirib ki, bunun müsbət tərəfi ilə yanaşı mənfi tərəfi də var: “Bizdə bu gecikmiş qərardır. Bu, bizdə fənlərarası inteqrasiyaya, fənlərin nəzəriyyələrlə, düsturlarla yox, fundamental, konseptual məqamlarla yox, birbaşa istehsalat, praktiklik, həyati tətbiqlik metodu üzərində hazırlanmasına görə gecikmiş bir qərardır. Çoxdan buna diqqət yetirilməli idi. Hələ ötən illərdə informatika fənni ilə bağlı geçəkləşdi. Nəticəsini verdimi, vermədimi bu ayrı söhbətin mövzusudur. Belə bir misal var, ən zəif, ən bəsit qələm belə, yazılmayan yazıdan daha önəmlidr. Bu prosesi keçmək lazım idi. Biz hələ gələn ildən etibarən bu prosesə keçirik. Xüsusilə də dünya ölkələrində- Böyük Britaniyada, Amerikada, eləcə də Skandinaviya ölkələrində bu fənnlər bir-birinə elə inteqrativ keçirilir ki, onların arasındakı əlaqələndirmə tam uyğun olur.Məsələn, kimya bizdə yalnız mexaniki reaksiyalar, fizika düsturların əzbərləməsindən ibarət olmamalıdır. “Bu düstüru mən niyə tətbiq edirəm və bu reaksiyanı, yanaşmanı laboratoriya mühitində necə həyata keçirə bilərəm?” kimi sualların cavabları artıq tapılmalıdır”. Ekspert deyir ki, artıq məktəb və sinif otağı yanız nəzəri biliklərlə, informasiya ilə yüklənmə mexanizmindən xilas olmalıdır: “Bu yeni məzmun o cəhətdən yaxşıdır. Burada məsələlər qarışdırılmamalıdır. DİM-in özünün ayrı qəbul imtahan proqramı var. O müəyyən cəhətdən Nazirliyin vahid tədris proqramı, xüsusilə də məzmun xətti ilə uzlaşmır. Həmin proqram əsasında hazırlanan suallar bizim abituriyentlər üçün çətinlik yaradır və bu, göz önündədir. Ancaq deyilən məsələ isə birbaşa dünya təhsil standartları ilə uzlaşma cəhdidir”. Ekspert deyir ki, burada bir mənfi detal da öz əksini tapa bilər: “Bu, bizim hələ buna hazır olmamağımız və nəticənin o qədər də uğurlu alınmaması ilə bağlıdır. Bizim toplumun, şagird kəsiminin analitik təfəkkür qabiliyyəti bir başqadır, sinqapurlu, finlandiyalı uşağın düşüncə formasiyası tamam başqa. Bu gün məhz Sinqapur modeli əsasında yenu məzmunun hazırlanması o qədər dı uğurlu alınmayacağını düşünürəm. Burada müsbət məqamlar, tətbiqi bizim milli düşüncə koloriti ilə uzlaşan cəhətlər götürülə bilər. Götürülən nümunələr də bizə uyğunlaşdırılmalıdır. Adekvatlıq dərəcəsi bizə daha da yaxınlaşmalıdır ki, müəyyən bir uğurun şahidi ola bilək. Əks halda, “Xarici ölkələrdə fizika, kimya, coğrafiya, biologiya fənnləri bu məzmun standartları ilə gedir. Biz də mütləq buna uyğun hərəkət edək” fikri uğurla nəticələnə bilməz. Qeyd etdiyim kimi, müsbət tərəfi ilə yanaşı, mənfi tərəfi də var. Yəni nəzərə alaq ki, bizdə bu proses yeni başlayıb. Birdən-birə “Sinqapur şagirdi bu cür edir və bizim də hansısa şagirdimiz bu cür etsin” tələbi qətiyyən uğurlu təcrübə ola bilməz”. Geri qayıt |