Əsas Səhifə > Güney Press > Vaxtı keçmiş malları endirimlə müştəriyə "SIRIYIRLAR"

Vaxtı keçmiş malları endirimlə müştəriyə "SIRIYIRLAR"


10-07-2024, 15:31
Vaxtı keçmiş malları endirimlə müştəriyə "SIRIYIRLAR"
Bu gün market və mağazalarda vaxtı keçmiş mallar endirimli qiymətlərlə satışa çıxarılır. Bu mallar istər qida məhsulları, istərsə də geyim və aksesuarlar ola bilər. Lakin alıcıların psixologiyası bir istiqamətə köklənib. Qiyməti ucuz və endirimdə olan məhsul müştərini cəlb edir. Bu problemi "ikinci əl" malları stılan mağazalarda qeyd etmişdik. Lakin alıcı bu gün bir məsələni düşünmür. Vaxtı keçmiş məhsullar və geyimlər insan orqanizmində ciddi fəsadlara səbəb olur. Hər bir məhsulun öz buraxılış və bitmə tarixi var. Sonsuz məhsul deyə bir anlayış yoxdur.

Bəs problemin qarşısını necə alaq? Məsələ ilə bağlı Sonxeber.az-a danışan Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib ki, istehsalçılar mallarını sonsuz etmək istəyirlər:

"Tütün və tütün məmulatı haqqında" qanun qəbul olunanda, mən radikal mövqe tutdum. Dedim ki, tütün məmulatlarının üzərində həm buraxılış, həm də bitmə tarixi qoyulmalıdır. Lakin bir tarixin qoyulmasına nail ola bildik. Bu gün istehsalçı istəyir ki, mallar sonsuz olsun. Duz və spirtli içki məmulatları demək olar ki, sonsuzdur. Bunların hamısı yanlışdır. Deputatları başa salmaq üçün məcbur dedim ki, bir Allah yaradan şeylər sonsuz ola bilər. İnsanın əli ilə nə yaradılırsa onların hamısı sonludur. Belə məsələlər var. Spirtli içkilərin müəyyən saxlanma qaydaları var. Araqlar bir ildən artıq müddətə qala bilməz. Şərabların qalma müddəti isə 6 aydır. Konyaklarda isə bu müddət 3 ildir.

Ekspertin sözlərinə görə, istehsalçılar birmənalı şəkildə istehlakçı hüquqlarını qoruyan təşkilatları susdurmağa çalışırlar. Bu istehlakçı hüquqlarının pozulması deməkdir və yolverilməzdir:

"Vaxtı keçmiş malların, xüsusilə ərzaq mallarının satışı qadağandır. Dövlət bu işə qarışarsa, kiçik bir mala görə market 1500 manata qədər cərimə oluna bilər. Bir çox malların yararlılıq vaxtı var və insanlar bunu bilmir. Ayaqqabıların və onların altlığının yararlılıq müddəti var. Avtomobil şinlərinin müddəti var və alanda nə vaxt buraxıldığı deyilməlidir. Hətta ayaqqabını geyinməsək və saxlasaq, bir müddət sonra onun altının çürüdüyünü görə bilərik. Lakin bunun üzərində heç biri yazılmır və həmin informasiyalar istehlakçılardan gizlədilir. Xüsusən sənaye malları ilə bağlı böyük problemlər yaşanır. Yararlılıq vaxtı barədə informasiyalar olmur və istehlakçı aldadılır. Ölkədə mükəmməl istehlakçı siyasəti formalaşarsa, qanunlar dəyişilərsə, bunların qarşısını almaq olar".

Geri qayıt